“Bu gün Azərbaycan xalqı və ordusu torpaqlarını işğaldan tam azad edəcək əhval-ruhiyyədədir” Siyasət

“Bu gün Azərbaycan xalqı və ordusu torpaqlarını işğaldan tam azad edəcək əhval-ruhiyyədədir”

"Atəşkəs elan olunduqdan bu günə kimi cəbhədə belə böyük bir həmləli döyüş olmamışdı. Biz Azərbaycan ordusunun müdafiə gücünün nələrə qadir olduğunu görürük. Əgər Ali Baş Komandanımız əmr versə, bu gün axşam Xankəndini almağa hazırıq. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bu, bizim çox böyük qələbəmizdir". Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan ordusunun aprelin 2-nə keçən gecə təmas xəttində göstərdiyi şücaət haqqında danışarkən deyib. Deputat bildirib ki, bu gün Azərbaycan xalqı və ordusu torpaqlarını işğaldan tam azad edəcək əhval-ruhiyyədədir: "Bu gün torpaqlarımızı işğaldan azad etməyə ordumuzun həm gücü və həm də döyüş əhval-ruhiyyəsi çatır. Cəbhəyanı bölgələrdə yaşayan insanlar, bütün Azərbaycan böyük ruhdadır. Bu gün yürüş edib Qarabağmızı erməni işğalından azad etməyə hazırıq. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Tərtər istiqamətindəki Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Ali Baş Komandanımız Təhlükəsizlik Şurasının iclasında da qeyd etdi ki, işğaldan azad etdiyimiz yüksəkliklər çox böyük strateji əhəmiyyətə malikdir. Bu qələbə münasibətilə Azərbaycan ordusunu və xalqımızı, millətimizi təbrik edirəm".
İlham Məmmədov Ermənistanın bu təxribatının heç də səbəbsiz olmadığını bildirib:"Ermənilərin bu təxribatı törətməkləri heç də səbəbsiz deyil. Son illərdə Azərbaycanın gücü, dünyada söz sahibi olması, cənab prezidentin uğurla apardığı daxili və xarici siyasət, Avropada, ABŞ-da və dünyada Azərbaycanın müsbət imicinin formalaşması Ermənistanı təşvişə salıb.
Onlar öz havadarlarına arxayın olaraq bu təxribatı törətdirlər. Amma gördülər ki, xalqın və onun oyanmış milli ruhu qarşısında heç havadarları da köməyə gələ bilməz. Ermənilərin havadarları da bu gün əl-ayağa düşüblər.
ATƏT-in Minsk qrupunun bu günə qədər verdiyi bəyanatlardan görünür ki, onlar əməli iş görmürlər. Əməl işi yalnız Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız və onun güclü, qüdrətli ordusu görəcək.
Erməni silahlı qüvvələri əgər bir daha belə bir təxribata əl atacaqsa, layiqli cavablarını yenə də alacaqlar. Onlar da fikirləşsinlər ki, bizim torpaqlarımızı işğal edən özləridir".
Deputat Kollektiv Təhlükəsizlik Müqaviləsi Şurasının Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətsiz və mənasız olduğu qənaətindədir:"Şuranın səsləndirdiyi bəyanatların bizim üçün heç bir əhəmiyyəti yoxdur.
Çünki o təşkilata daxil olan üzvləri müqavilə çərçivəsində ora üzv olan dövlətlərdən hansınasa bir dövlətin müdaxilə və hücümu zamanı tədbir görə bilərlər. Biz öz torpağımızı müdafiə edirik. Onların hansısa bəyanatları yersizdir.
Biz bu haqsız və ədalətsizliyə nə qədər dözə bilərdik? Məkər biz onların torpağında, Ermənistandamı döyüşürük?
Dünyada bu gün ikili standartlar mövcuddur. Bizim haqq səsimizi siyasi manevr edən ölkələr də var. Amma buna baxmayaraq bizə dost olan və kömək etməyə hazır olduqlarını bəyan edən ölkələrə cənab prezident də minnətdarlığını bildirdi.
Rusiya da bizim əzəli və əbədi qonşumuzdur. Strateji müttəfiqimiz və dostluq münasibəti bəslədiyimiz ölkədir. Rusiyanın məsələyə hər hansı bir hərb müdaxilə edəcəyinə inanmıram. Çünki biz öz əzəli torpaqlarımızı müdafiə və işğaldan azad edirik".
İlham Məmmədov cəbhənin ön xəttində qəhrəmanlıq göstərərk şəhid olan 12 hərbi qulluqçumuza və digər mülki vətəndaşlara Allahdan rəhmət diləyərək ,başsağlığı verib: "Bu gün mən də daxil olmaqla bütün Azərbaycan xalqı əlinə silah alıb işğal olunmiş torpaqlarımızı düşmən işğalından azad etməyə, şəhid olmağa hazırıq. Yaxın günlərdə işğal olunmuş torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması üçün canımızı və qanımızı verməyə daim hazır olmalıyıq".