“Yeni siyasi cərəyan” Siyasət

“Yeni siyasi cərəyan”

Bütün nəzəri təfərrüatlara varmadan son dövrə qədər düşünürdük ki, siyasətdə ümumən 3 əsas cərəyan mövcuddur: mərkəzçi, solçu və sağçılar. Ancaq bu ümumi qəbul olunmuş fikir “Siyasi partiyalar haqqında” yeni Qanun qüvvəyə minənə qədər mövcud idi. Çünki siyasi münasibətlərin sağlamlaşdırılmasına xidmət edən Qanun qüvvəyə minən kimi bəzilərinə sanki “siyasi vəhy” gəldi. “Siyasi vəhy” ilə “alverçi” təfəkkürü birləşəndə isə faciələr, o cümlədən şəxsi faciələr yaşanır.

Dilimiz təcrübəmiz qədər zəngindir. Heç şübhəsiz ki, “siyasi vəhy” olan yerdə siyasi fırıldaqçılıq da yaşanacaqdır. Fırıldaqçı sözü tələ və tuzak sinonimlərinin birləşməsindən əmələ gəlib. İkinci və daha inandırıcı mülahizəyə görə, fırıldaqçı farsca dozidən (oğurlamaq) sözü ilə qohumdur. Səhv olmaz əgər desək ki, siyasi şantaj və siyasi reketlik də məhz siyasi dələduzluğun təzahürləridir.

Misal üçün, dələduzluq ittihamı ilə həbs olunmuş və heç də aparıcı, habelə tanınmış hesab olunmayan “Yüksəliş” partiyasının sədri öz həbsi ətrafında qalmaqal yaratmaq cəhdi ilə mübariz siyasətçi adını qazanmaq istəyir. Belə ki, həbsini dolayısilə yeni Qanunla əlaqələndirməklə hadisənin siyasiləşməsinə nail olmağa çalışır.

Aydındır ki, hadisənin siyasiləşməsi yalnız insidentdən siyasi divident qazanmaq və daha sonra siyasi reketliklə məşğul olmağa xidmət edir. Heç bir əlavə şərhə ehtiyac yoxdur. Bəzi bəla-siyasətçilərimiz obyekt kimi istifadə etdikləri partiyaların hətta bağlanılmasından belə divident qazanmaq arzusundadırlar.

Odur ki, siyasişüvənlərin “fəallığı” sayəsində biz daha bir siyasi cərəyanın doğulmasına şahidlik edirik: “dələduzçular” cərəyanı. Əslində, sosial fenomen kimi bu cərəyanı yeni adlandırmaq olmaz. Zəiflik, natamamlıq və asan pul sevgisi insan övladını fırıldaqçılığa daim cəlb edir. Siyasətdə isə bu cür cılız cəhdləri ciddi siyasi proseslərin ancaq əyləncəli antraktı kimi qəbul etmək olar.

Əlbəttə ki, siyasi münasibətlərin formatlaşması ilə bağlı dövlətin əhəmiyyətli təşəbbüslərinə qarşı bu cür - yumşaq desək heç də yaxşı olmayan münasibətin yaşanması yalnız təəssüf hissi yarada bilər. Xatırladaq ki, sözügedən partiya cəmi iki il öncə rəsmi qeydiyyata alınıb. Xatırlatmağımız təsadüfi deyil. Məhz “dələduzluq iştahı” səbəb ola bilər ki, qısa müddət ərzində bu cür hallar yaşansın. Əslində, yaşanmış hadisə bizə daha bir həqiqəti açır: partiya hər-hansı bir ideologiyanın təbliği və ya öz tərəfdaşlarının maraqları uğrunda siyasi mübarizənin aparılması üçün yox, məhz siyasi reket və siyasi dələduzluq fəaliyyəti ilə məşğul olmaq üçün yaradılıb.

Qeyd olunanlar müstəvisində heç də təəccüblü deyil ki, radikallar bütün qərəzli və demaqoji ritorikanı yeni Qanuna qarşı səfərbər ediblər. Yeni Qanun siyasi fırıldaqçılıq ilə məşğul olmaq üçün əsaslı çətinliklər yaradacaqdır. Əlbəttə ki, Qanunun əhəmiyyətini və aparılan islahatları şübhə altına almaq üçün bütün üsul və metodlara əl atılacaqları da gözlənilən haldır. “Bazarı” itirmək qorxusu siyasətdən uzaq olan dələduzları növbəti fırıldaqlara təhrik edir.

Politoloq A.Adil