PKK-nın ləğvi: risklər nədən ibarətdir? Dünya

PKK-nın ləğvi: risklər nədən ibarətdir?

PKK terror təşkilatının ləğvi prosesinə başlanması Türkiyədə terror probleminin aradan qalxacağına ümid yaradıb.

Xatırladaq ki, bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olub. PKK lideri Abdullah Öcalanın açıqlamalarından sonra PKK tərksilah prosesinə başlayıb. 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.

PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir.

Bildirilir ki, silahlarını təhvil verənlər İraqda yaşayacaqlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasını şərh edib.

Türkiyə Prezidenti bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda yazıb: “Ümid edirəm ki, terrordan azad Türkiyə hədəfimizə doğru bugünkü mühüm addım xeyirli olacaq. Allah bizlərə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”.

Qeyd edək ki, təsis olunduğu tarixdən - 1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub.

Türkiyədə PKK-nın tərksilah edilmə prosesinin nəticəsi nə olacaq və bu prosesdə risklər varmı?

“Proses son dərəcə mürəkkəb və çoxqatlıdır”

Politoloq Elman Telmanoğlu qeyd edib ki, PKK-nın Türkiyədə tərksilah olunması məsələsi uzun illərdir siyasi, hərbi və diplomatik gündəmin əsas mövzularından biridir: “Bu proses son dərəcə mürəkkəb və çoxqatlıdır. Tərksilah prosesi nədir və niyə indi yenidən gündəmdədir? PKK-nın tərksilahı dedikdə təşkilatın Türkiyə ərazisində və ya onunla sərhəd bölgələrdə (xüsusilə İraqın şimalında və Suriyanın şərqində) silahlı fəaliyyətinə son verməsi, döyüşçülərin silah buraxaraq ya ölkəni tərk etməsi, ya da mülki həyata keçid etməsi nəzərdə tutulur”.

“Təşkilatın manevr imkanları daralır”

E.Telmanoğlu vurğulayıb ki, son aylarda Türkiyə diplomatik cəhdlərini artırıb: “Prezident Ərdoğanın İraq və İranla koordinasiyalı şəkildə PKK-nın dağlıq bölgələrdə sıxışdırılması siyasəti fonunda, artıq təşkilatın manevr imkanları daralır. Bu çətin şərait PKK-nın siyasi qanadlarını (xüsusən HDP/YSP çevrəsi) tərksilahı ciddi müzakirəyə çıxarmağa vadar edir. Bu prosesin potensial müsbət nəticələri, təhlükəsizlik baxımından sabitlik, Türkiyə daxilində terror hadisələrinin əhəmiyyətli dərəcədə azalması mümkündür. İqtisadi fayda baxımından şərq və cənub-şərq bölgələrində turizm, sərmayə və infrastruktur sahələri inkişaf edə bilər. Beynəlxalq imic: Türkiyə problemi zorla deyil, diplomatik və siyasi vasitələrlə həll edən bir dövlət kimi tanına bilər. Kürd məsələsində siyasi dialoqun yolu açıla bilər. Siyasi üfüqdə artıq kiçik də olsa bu izlərin işartıları görünür. Bu prosesin müsbət tərəfləri olduğu kimi mənfi nəticələri və riskləri də ola bilər. Məsələn, “Taktiki Geriçəkmə”, PKK tərksilah adı altında taktiki olaraq fəaliyyətini "dondura", amma regionda başqa adlarla və ya siyasi institutlarla varlığını qoruyub saxlaya bilər. Siyasi bölgüsüzlük, PKK-ya yaxın siyasi qüvvələrin “milli birlik” çağırışlarına qarşı etimadsızlıq formalaşa bilər. Bu isə siyasi qütbləşməni dərinləşdirə bilər. Daxili müqavimət, hərbi-siyasi dairələrdə və millətçi çevrələrdə bu prosesi “taviz” (güzəşt) kimi görənlər ola bilər, nəticədə daxildə təzyiq arta bilər”.

“Bu kanallar bağlanmazsa, tərksilah yalnız kağız üzərində qala bilər”

Politoloqun sözlərinə görə, bu prosesə mane olan risk faktorları isə Suriya və İraq müstəvisindəki qeyri-sabitlikdir: “PKK-nın əsas təchizat yolları bu bölgələrdədir. Əgər bu kanallar bağlanmazsa, tərksilah yalnız kağız üzərində qala bilər. Hadisələrdə ABŞ və Qərbin roluna gəldikdə Qərb dövlətlərinin PYD/YPG-yə (PKK-nın Suriyadakı qolu) dəstəyi Ankarada etimadsızlıq yaradır. Bu, Türkiyənin tərksilah təşəbbüslərinə mane ola bilər. Təşkilatdaxili parçalanmaların olması da qaçılmaz faktorlardandır. PKK daxilində bəzi fraksiyalar (xüsusən Qəndil rəhbərliyi) silah buraxmaya qarşı ola bilər. Bu da bir “yarımçıq tərksilah” riski yaradır. Baş verən siyasi hadisə nə vəd edir real sülh, yoxsa strategiya? PKK-nın tərksilahı əslində təkcə hərbi məsələ deyil, bu hən də Türkiyənin etnik, siyasi və demokratik sisteminə dair daha geniş məsələlərlə bağlıdır. Bu səbəblə, əgər bu proses mərkəzləşdirilmiş, şəffaf və siyasi bir paket içində həyata keçirilərsə, nəticə verə bilər. Yox, əgər yalnız hərbi qələbə kimi təqdim edilərsə, bu, problemin köklərinə toxunmadan səthi həll ola bilər və gələcəkdə yeni formatda geri dönə bilər”.

Həm imkan, həm də təhlükə

O eləcə də deyib ki, ümumi siyasi prosesin nəticəsi olaraq PKK-nın tərksilahı həm imkan, həm də təhlükə ehtiva edir: “Bu prosesin uğuru üçün qardaş Türkiyənin daxili siyasi iradəsi güclü olmalıdır, regional əməkdaşlıq (İraq, Suriya, İran) artırılmalıdır, siyasi və sosial inteqrasiya mexanizmləri paralel şəkildə işlədilməlidir. Əks halda, bu proses “yarımçıq barış” kimi tarixə düşə və daha böyük təhdidlərə zəmin yarada bilər. Budur ki, atılacaq hər bir siyasi, iqtisadi, hərbi və diplomatik addımları dərindən düşünərək atmaq lazım gələcək”.

“Bu, tarixi zəfərdir”

Politoloq Tural İsmayılov bildirib ki, bu, Türkiyə dövlətinin milli təhlükəsizlik strategiyasında tarixi bir zəfərdir: “Onillərlə davam edən terrora qarşı aparılan mübarizə, nəhayət, real nəticə verdi. Zəfər yalnız hərbi qələbə deyil, həm də siyasi iradənin, milli həmrəyliyin və strateji səbrin təntənəsidir. Qəndil artıq Ankara üçün təhlükə yox, keçmişin acı xatirəsidir. Türk Silahlı Qüvvələri, Milli İstihbarat Təşkilatı və dövlətin bütün strukturları bu uğurda sistemli şəkildə çalışdı. Xüsusilə son illərdə kəşfiyyatın texnoloji üstünlüyü və bölgədə sosial dəstəyin azalması PKK-nı tükətdi. Ən önəmlisi isə xalqın terrora qarşı birmənalı mövqeyi oldu”.

“Türkiyə sadəcə silahları susdurmadı, bir ideologiyanı da məğlub etdi”

Politoloq vurğulayıb ki, Türkiyə sadəcə silahları susdurmadı, eyni zamanda, bir ideologiyanı da məğlub etdi: “Bu zəfər regionda Türkiyənin liderliyini daha da möhkəmləndirəcək. Eyni zamanda, Suriyada və İraqda da terrora qarşı yeni status-kvo formalaşacaq. Türkiyə artıq “terrorla mübarizə aparan ölkə” yox, “terrordan qurtulmuş dövlət” obrazına keçid edir. Bu, gələcək nəsillər üçün daha sabit və etibarlı bir Türkiyə deməkdir. Ancaq bu uğurdan sonra da ayıq-sayıqlıq davam etməlidir. Terrorun başqa formalarda təzahür etməsi ehtimalı da tam istisna deyil. Lakin bu mərhələ dövlətin nə qədər iradəli və strateji bacarıqlara sahib olduğunu bütün dünyaya sübut etdi. Tarix bu günü Türkiyənin milli iradəsinin zəfəri kimi yazacaq”.

Röya İsrafilova