“İctimai rəyi mən də bilirəm” Siyasət

“İctimai rəyi mən də bilirəm”

Qüdrət Həsənquliyev: "Amma insanların baxışlarında, dünyagörüşlərində reallığı əks etdirən fikirlər formalaşdırmaq istəyirəm və açıq şəkildə deyirəm ki, torpaqlarımızı Rusiya işğal edib, danışıqlar isə Ermənistanla aparılır"

"Xalqların taleyində çətin bir dövr olanda siyasətçilər həqiqəti bütün çılpaqlığı ilə dilə gətirməkdən çəkinməməlidirlər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik

Qüdrət bəy, həmkarınız Mehriban Əliyevanın amnistiya təklifi barədə cəmiyyətdə birmənalı mövqe var. Amma bəzi umacaqlar da var ki, görəsən bu humanizm aktı siyasi motivlərlə həbs edildikləri iddia olunan məhbuslara da şamil ediləcəkmi?

- Doğrusu, hələlik layihə ilə tanış olmamışam. Milli Məclisə belə bir layihənin daxil olmasını alqışlayıram. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yanaşı, həm də prezidentin yaxın silahdaşıdır. Mehriban xanım dövlət başçısının komandasında öz humanistliyi, uzaqgörənliyi və gücü ilə fərqlənən bir şəxsdir. Ona görə də düşünürəm ki, yəqin Mehriban xanım da fərqindədir ki, ölkədə bu istiqamətdə bir addım atılmalıdır və amnistiyanın dairəsi elə götürülməlidir ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan şəxslərə də şamil olunsun. Doğrudur, amnistiyada bu kimi halları nəzərdə tutmaq çox çətindir. Ona görə ki, siyasi məhbus hesab olunan şəxslərin çoxu ağır cinayət əməllərinə görə məhkum olunublar. Əgər həmin maddələr amnistiyaya şamil olunsa o maddələrlə tutulan bütün məhbuslar azad olunmalıdır. Yəni əfvdən fərqli olaraq amnistiyada bu kimi detalları nəzərdə tutmaq çox çətindir. Amma düşünürəm ki, hər halda maksimum dərəcədə çalışılmalıdır ki, bu baş versin. Eyni zamanda əminəm ki, bu layihə Mehriban xanım tərəfindən irəli sürülsə də sözsüz ki, prezidentlə razılaşdırılıb. Ona görə tam olmasa da, hər halda indiki amnistiyanın bu problemin həllinə töhfə verə biləcəyinə ümid bəsləyirəm.

- Hüquq müdafiəçisi Novella Cəfəroğlu Mehriban Əliyevanın bu təklifi elan olunandan dərhal sonra bildirib ki, həbsxanalar ağzınacan doludur, bu amnistiya onun xeyli boşalmasına səbəb olacaq. Doğrudanmı həbsxanalar ağzınadək doldurulub?

- Bilirsiniz, bəzi maddələr var ki, cəzanın sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmələr ucdantutma ən ağır sanksiyanı əsas götürürlər. Cinayət Məcəlləsində 234.1-ci maddə var. Şəxsi istehlak normasından artıq miqdarda narkotik maddəni üzərində daşıma, gəzdirmə, saxlamaya görə Cinayət Məcəlləsi cəza nəzərdə tutur və bu maddə ilə həbsxanalarda çoxlu sayda insanlar var. Ona görə də mən bu məsələni Milli Məclisdə bir yox, bir neçə dəfə qaldırmışam ki, 234-cü maddənin birinci hissəsi, ümumiyyətlə dekriminalizasiya olunmalıdır. Yəni bu maddə cinayət məsuliyyəti nəzərdə tutulan bir norma kimi Cinayət Məcəlləsindən xaric edilməlidir. Bütün inkişaf etmiş ölkələrdə artıq yüngül narkotika sayılan marixuanadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılıb. Bu baxımdan ağır narkotik vasitələri çıxmaq şərtilə yüngül narkotikadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır. Ona görə ki, bizim milli qanunvericiliklə və bütün beynəlxalq sənədlərlə də narkoman olmaq cinayətkar olmaq deyil. Yəni narkomaniya xəstəlik kimi qəbul edilir və cinayətkarlıq sayılmır. Bu cür adamlar məcburi tibbi müalicəyə cəlb olunmalıdırlar. Onları aparıb həbsxanalara doldurmağın heç bir adı yoxdur. Ona görə də düşünürəm ki, növbəti maddə bununla bağlı olmalıdır. Bundan əlavə, bizim Cinayət Məcəlləsində bir çox əməllərə görə alternativ sanksiyalar nəzərdə tutulub. Məsələn, azadlıqdan məhrumetmə cəzası ilə yanaşı islah işləri və cərimələr də var. Əgər bu cinayət alternativ sanksiyalıdırsa, yəni cəza təyin edərkən hakim bu cəzalardan birini seçə bilərsə, hesab edirəm, o indiki kimi hər addımda ağırını seçməməlidir. Əgər istintaq orqanı şəxsin barəsində həbs qəti imkan tədbiri seçibsə, çox təsadüf hallarda olur ki, məhkəmələrdə həmin şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilsin və ona şərti cəza təyin olunsun. Yəni siyasət elə olmalıdır ki, həbsxanalar o formada doldurulmasın. Bu yaxınlarda biz 6 saylı cəzaçəkmə müəssisəsində olduq. Doğrudan da çox məmnun oldum ki, orada məhbuslara azadlığa çıxandan sonra iş tapa bilmələri üçün müxtəlif peşələr öyrədirlər. Bir çox hallarda məhbus azadlığa çıxır, iş tapa bilmir və həyat onları təkrar olaraq bu dəfə daha ağır cinayət törətməyə vadar edir. Hətta həmin tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyində olan şəxslər də dedilər ki, azadlığa çıxandan sonra qayıdıb onlardan iş istəyən məhbuslar da olur. Həmin məhbusların gözəl əl işlərini gördük və hesab edirəm ki, dövlət belə adamların həbsxanadan çıxandan sonra müvafiq işlə təmin olunması istiqamətində ciddi addımlar atmalıdır. Azərbaycan kimi ölkədə həbsxanalarda 25 min məhkumun olması həqiqətən də çox böyük rəqəmdir.

- Qarabağ düyünü məsələsində də həmkarlarınızdan fərqli olaraq siz daim açıq mövqe nümayiş etdirirsiniz. Elə buna görə də daim sizi sağdan-soldan qılınclayırlar. Hətta bəzən bu mövqeyinizi beşinci kolonun ifadəsi kimi də yozurlar. Baxmayaraq ki, məmləkətdə məmə deyəndən pəpə yeyənədək hamı bilir ki, bu münaqişənin həllini onu yaradan tərəflə - Rusiya ilə açıq danışıqlar yolu ilə həll etmək mümkündür. Və belə bir yanaşma yaranır ki, bəlkə Siz də başqaları kimi həqiqəti bir az ütüləyərək cəmiyyətə təqdim edəsiniz...

- Bilirsiniz, əvvəla, uzun illər siyasətlə məşğul olan bir şəxs kimi bu fikirləri söyləyəndə bilirəm ki, üzərimə müəyyən hücumlar olacaq. Amma bundan çəkinmirəm. Bilirəm ki, keçdiyim yol mənə qarşı aparılan bu tip kampaniyaların iflasına səbəb olacaq ki, kimlərsə bu yolla məni ləkələmək istəyirlər, bu, onalara müyəssər olmayacaq. Mən tələbəlik illərindən Milli Azadlıq Hərəkatına qoşulmuşam və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan şəxslərdən biri olmuşam. Bütün gəncliyim bu mübarizədə keçib. İkincisi, Milli Azadlıq Hərəkatının lideri Elçibəyin yaxın silahdaşı olmuşam. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, mən bu fikirləri ona görə söyləmirəm ki, kimlərinsə könlünü oxşayam. Bizdə bir çox siyasətçilər var ki, onlar öz fəaliyyətlərini kütlənin istəyinə uyğun olaraq formalaşdırırlar. Belə siyasətçiləri də kütlənin əhval-ruhiyyəsi idarə edir. Amma mən düşünürəm ki, əslində xalqların taleyində çətin bir dövr olanda siyasətçilər həqiqəti bütün çılpaqlığı ilə dilə gətirməkdən çəkinməməlidirlər. İndi bizim xalqımızın da taleyində ağır dövrdür. 20 faiz torpaqlarımız uzun illərdir işğal altındadır, 27 ildir ki, işğala məruz qaldığımıza görə suverenliyimizi itirmişik. Buna görə də biz kütləni hazırlamalıyıq ki, həqiqətin və xilasın harada olduğunu görsün, özü üçün müəyyənləşdirə bilsin. Çünki peşəkar siyasətlə məşğul olan insandan fərqli olaraq kütlə reallıqları görməyə bilər. Amma təəssüf ki, bizdə bəziləri cəmiyyəti doğru olmayan istiqamətə kökləməyə çalışır və adını da belə qoyurlar ki, ictimai rəy belədir. Bu ictimai rəyi mən də bilirəm. Amma insanların baxışlarında, dünyagörüşlərində reallığı əks etdirən fikirlər formalaşdırmaq istəyirəm və açıq şəkildə deyirəm ki, torpaqlarımızı Rusiya işğal edib, danışıqlar isə Ermənistanla aparılır. Məni ittiham edənlər bu və ya digər formada, bəziləri açıq formada cəsarət edib işğalın baiskarının Rusiya olduğunu dilə gətirə bilməsələr də, deyirlər ki, münaqişənin arxasında Rusiya dayanır. Yaxşı, deyək ki, onların dediyi prosesin arxasında Rusiya dayanıb və heç torpaqlarımızı işğal etməyib, indi də heç Ermənistana kömək-filan etmir, amma bütün hallarda Rusiyanın sülhə imkan verməyəcəyini yüz faiz bilə-bilə Ermənistanla danışıqlar aparmağın nə mənası var? Gördünüz ki, Vyana görüşü yenə nəticəsiz başa çatdı. Görüşdən qabaq mən mətbauta açıqlamamda demişdim ki, heç bir nəticə gözləməyə dəyməz, elə də oldu. Yəni bilə-bilə ki, Ermənistan bu problemi həll etmir, niyə sonu görünməyən bu danışıqlara getməliyik? İkincisi, məni qınayanlar iddia edir ki, Azərbaycanın nicatı ancaq Qərbyönümlü siyasətdədir. Hamı bilir ki, Ermənistan adlı cinayətkar dövləti ayaq üstə saxlayan Rusiya deyil, Qərb dünyası və onun bir hissəsi olan erməni diasporudur. Niyə bu günədək tək bircə dəfə həmin nüfuzlu erməni diasporundan Ermənistanın siyasi rəhbərliyinə bircə dəfə də çağırış edilmədi ki, siz Avrasiya İttifaqından, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalısınız, NATO-ya və Avropa İttifaqına üzv olmalısınız? Ona görə ki, Amerikada, Fransada və digər Avropa ölkələrində oturan ermənilər, eləcə də onları idarə edən həmin supergüclər gözəl bilirlər ki, hələlik bölgədə söz sahibi Rusiyadır. Bu səbəbdən də Ermənistana deyirlər ki, sən Rusiyanın yanında ol, Qarabağı qoparaq, sonrasına baxarıq. Mən də öz millətimizə dəfələrlə deyirəm ki, biz Rusiya ilə yaxınlaşma siyasəti yürütməliyik, Moskva ilə açıq danışıqlar aparmalıyıq ki, sənin bu münaqişəni dondurulmuş saxlamaqda məqsədin, marağın nədir? Ona demək lazımdır ki, əgər sənin dərdin bölgədə mövcudluğunu saxlamaqdırsa, bunu mən filan-filan şərtlər daxilində təmin edirəm. Amma imkan ver mən öz torpaqlarıma qayıdım və onu əkim-becərim, əhalimi xarabazara çevrilmiş şəhər və kəndlərimə qaytarım, Şuşaya, Xocalıya qayıdaraq orada min illərlə yaşamış vətəndaşlarımı yenidən məskunlaşdırım.
Etiraf edək ki, bu gün bütün beynəlxalq basqılara və sanksiyalara baxmayaraq, Rusiya hələ də bölgədə çox güclü təsiri əlində saxlaya bilir. Kim bilir, bəlkə sabah və tutaq ki, 5 -10 ildən sonra Rusiya tamam zəifləyəcək və onun patronajlığı ilə qurulan birliklər SSRİ dağılan kimi dağılacaq. O zaman biz yenə də ərazi bütövlüyümüzlə birgə könülsüz olaraq, işğal olunmuş torpaqlamızı qansız-qadasız əldə etmək naminə qoşulduğumuz həmin birliklərdən çıxarıq. Amma torpaq getsə, bu həmişəlik xarakter alır. Necə ki, vaxtilə Zəngəzur, İrəvan xanlığının əraziləri əlimizdən gedib.

(Ardı növbəti sayımızda)