“Ermənilər terror, zorakılıq siyasətindən əl çəkmir” Siyasət

“Ermənilər terror, zorakılıq siyasətindən əl çəkmir”

"Ümumiyyətlə erməni diasporası dünyada hər zaman öz fəaliyyətini genişləndirməyə çalışıb. İşğalçı ölkə həmişə gözü ac vəziyyətdə özgələrinin torpağını, mədəniyyətini və hətta deyərdim ki, yeməklərini belə mənimsəyib. Bu gün təsəvvür edin ki, 20 faiz Azərbaycanın və Gürcüstanın torpağı işğal olunub. Bundan savayı Gürcüstanda yaşayan ermənilərin separatçı nöqtələri mövcudur. Bu, Axalkalaki və Cavaxetiya zonasıdır".
Bunu Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev deyib.
Konqres sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı bizə əlavə inam və güc verdi: "Ermənilər öz terror, zorakılıq siyasətindən əl çəkmir. Biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq əlbəttə ki, Azərbaycan Prezidentinin uzaqgörən siyasətini dəstəkləyirik. Məlum aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qələbəyə həm dünya azərbaycanlıları, həm də Gürcüstanda yaşayan azərbaycanlılar dəstək oldu. Biz hər zaman Gürcüstanda 20 Yanvar hadisələrini, Xocalı soyqırımını, 31 Mart hadisələrini və s. qeyd edirik. Azərbaycanın başına gələn hər bir hadisəni biz gürcü ictimaiyyətinə gürcü dilində çatdırırıq. Eləcə də biz tez-tez Gürcüstan KİV-ində mətbuat konfransları keçiririk.
Heç şübhəsiz ki, Gürcüstanda da müəyyən problemlər var. Biz bilirik ki, Gürcüstan və Azərbaycan dost dövlətlərdir. Bundan əlavə böyük strateji əməkdaşlıq mövcuddur. Azərbaycanın 200-dən artıq şirkəti Gürcüstanda fəaliyyət göstərir".