"Ermənistan dövləti və ictimaiyyəti reallığı qəbul etməlidir" Siyasət

"Ermənistan dövləti və ictimaiyyəti reallığı qəbul etməlidir"

Ermənistanın son günlər Azərbaycanla sərhəddə, “Laçın” sərhəd-keçid postunun önündə “TIR şousu” düzənləyərək süni gərginlik yaratması və Qarabağdakı separatçı ünsürlərin mülki ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına maneçilik törətməsi fonunda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə toxunulan mövzuların aktuallığı baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, müsahibə ilk növbədə Ermənistandakı ermənilərə və eyni zamanda Qarabağın erməni sakinlərinə açıq ismarıc xarakteri daşıyır.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

QHT sədrinin fikrincə, dövlət başçımız Ermənistanın millətçi-revanşist əhval-ruhiyyəli ictimaiyyətini yeni reallıqlarla hesablaşmağa və xam xəyallarla, öz liderlərinin Ermənistanın gücü barədə uydurduqları nağıllarla, hekayələrlə yaşamaqdan əl çəkməyə çağırdı: “Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi”.

Ə.Hüseynov deyib ki, Azərbaycan liderindən Ermənistan hökumətinə və erməni ictimaiyyətinə çatdırılan başqa bir mesaj ondan ibarət oldu ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır. Qəbulolunan seçim isə sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Burada söhbət həm Xankəndinin azərbaycanlı əhalisindən, həm də Qərbi Azərbaycandan olan soydaşlarımızdan gedir:

"Ermənilər bilməlidir ki, Azərbaycan və Ermənistan qonşuluq əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz evlərinə - Qərbi Zəngəzura, Göyçəyə, İrəvana və sair yerlərə qayıtmaq hüququ təmin olunmalıdır. Bu heç də bizim tərəfimizdən ərazi iddiası deyil. Dövlət başçımızın da qeyd etdiyi kimi bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Söhbət sadəcə olaraq soydaşlarımızın öz tarixi yurd yerlərində yaşamaq hüquqlarının bərpa edilməsindən gedir və bu da bütün beynəlxalq konvensiyalara uyğundur. Ermənistan dövləti və erməni ictimaiyyəti bu reallığı qəbul etməlidir. Qəbulolunan seçim deyərkən məhz bunu başa düşməliyik".

Cavid