Nazirlərin Dağlıq Qarabağ görüşü Siyasət

Nazirlərin Dağlıq Qarabağ görüşü

Frank-Valter Ştaynmayer: "Azərbaycan Cənubi Qafqaz regionunda güclü oyunçudur"

Elmar Məmmədyarov: "Status-kvo"nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil"


"ATƏT-in Minsk qrupunun həmsədrləri birləşib Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Aprelin əvvəlində cəbhədə baş verən hadisələrdən istifadə edib danışıqları sürətləndirmək lazımdır".
Bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib:"Atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlimizdən gələni edəcəyik. Münaqişə konstruktiv şəkildə həll olunmalıdır. Mən çox şadam ki, hər iki ölkənin prezidentləri görüşüb. Münaqişənin həllinə öz tövfəmi vermək istəyirəm. Biz növbəti günlərdə də danışıqlar aparacağıq"- deyə o, əlavə edib.
Azərbaycanla münasibətlərə toxunan nazir köhnə alman kəndlərinin bərpası barədə Azərbycandan məktub aldığını bildirib: "Təşəkkür edirəm k, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz bu məsələdə birlikdə çalışacağıq. Azərbaycan Cənubi Qafqaz regionunda güclü oyunçudur".
O, əlavə edib ki, münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması üçün ciddi müzakirələr aparmalıyıq.
Ştaynamyer bildirib ki, münaqişənin həlli üçün hər iki tərəf kompramisə getməlidir.
E. Məmmədyarov isə öz növbəsində həmkarı ilə görüşü zamanı Dağlıq Qarabağ məsələsinə toxunulduğunu bildirib: "Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. "Status-kvo"nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar naminə danışıqlar olmamalıdır".
Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib: "Ortada sənəd var və onun üzərində iş gedir. Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub".
Məmmədyarov qeyd edib ki, ATƏT-in regionda rolu böyükdür: "ATƏT Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Eyni zamanda mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsi üçün səy göstərir. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur".
Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın təqdim etdiyi enerji, nəqliyyat layihələrinə böyük maraq var: "Son 1,5 il ərzində 4 dəfə Almaniyaya səfər etmişəm. Almaniya ilə Azərbaycan arasında münasibətlər günü-gündən gücləndirilir. Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpası üçün böyük işlər görür. Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında layihə təqdim edib. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək. Aİ ilə münasibətlərimiz gündən günə güclənir".