“Gülən şəbəkəsinin təhlükəsindən söz açarkən...” Siyasət

“Gülən şəbəkəsinin təhlükəsindən söz açarkən...”

Elxan Şahinoğlu: "Həmsöhbətlərimin başqa mövzuya keçmələrinin şahidi olmuşam"

"Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun jurnalistlərlə görüşündə Fətullah Gülən şəbəkəsini nəzərdə tutaraq söylədiyi belə bir cümlə diqqətimi çəkdi: "30 il Türkiyə bayrağı altında xidmət edən adamlar o gecə "mənəvi lider"lərinin təlimatı ilə türk xalqına silah çəkdilər". Mənə bu cümlənin birinci hissəsi maraqlı gəldi. Həqiqətən, "Türkiyə bayrağı altında xidmət edən həmin adamlar"ın Türkiyənin keçmiş prezidenti Turqut Özaldan tutmuş keçmiş baş nazir Bülənt Ecevitə qədər dostluq etmədikləri siyasətçi qalmamışdı, hamısının xeyir-dualarını almışdılar. Hətta indiki cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hakimiyyəti ən azı 9 ilini onlarla dostluq və müttəfiqlik şəraitində keçirdi, qardaş ölkənin səfirləri belə indiki terrorçuların nümayəndələrinin məktəblərinə, universitetlərinə ziyarətlərini özlərinə şərəf saydılar, birgə şəkil çəkdirdilər. Başqa cür olması da çətindir".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, səfirlərin başlarının üstlərindəki liderlər Fətullah Gülənin və onun şəbəkəsinin illlərlə nəvazişini çəkdilərsə, onlar nə etməli idilər? E.Şahinoğlunun sözlərinə görə, ancaq elə siyasətçilər və səfirlər də tapıldı ki, Ərdoğan Güləni terrorçu elan edib onunla mübarizəyə başladıqda da Gülən şəbəkəsi ilə əlaqələrini kəsmədilər: "Təsadüfi deyil ki, Türkiyənin keçmiş baş qərargah rəisi İlkər Başbuğ da müsahibəsində Ərdoğanın çevrilişə qədər Gülən və onun şəbəkəsinə qarşı 4 il ərzində tək mübarizə apardığını, hakimiyyətdəki digər fiqurların seyrçi qaldıqlarını vurğuladı. Elə mənim özüm Bakıda bəzi türk diplomat və jurnalistlərlə görüşlərimdə Gülən şəbəkəsinin təhlükəsindən söz açarkən, həmsöhbətlərimin başqa mövzuya keçmələrinin şahidi olmuşam".