“Taleh Bağırzadə din pərdəsi altında gizlənən şeytandır“ Siyasət

“Taleh Bağırzadə din pərdəsi altında gizlənən şeytandır“

Bakı Apelyasiya Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinə cəmiyyətin ayrı-ayrı üzvlərindən də münasibət bildirilib.
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Taleh Bağırzadə kimilər antimilli qüvvələrdir və onların xaricdən dəstəklənməsi hər kəsə məlumdur: "Dünyanı öz maraqlarına uyğun idarə etmək istəyən dairələr Taleh Bağırzadə kimilərindən öz maşaları kimi istifadə edirlər. Məhz həmin dairələr də əllərində saxladıqları alətləri müdafiə edərək onlara haqq qazandırmağa çalışırlar. Bu cür qüvvələr Azərbaycanda azlıq təşkil etsə də, hər bir vətəndaşımız ayıq olmalı, Ukraynada, Gürcüstanda, Yaxın Şərqdə, eləcə də qardaş ölkə olan Türkiyədə baş verənlər Azərbaycanda olmasına imkan verməməlidir".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun fikrincə, Taleh Bağırzadə kimilərin davranışları, baş verən hadisələrə münasibəti xaricdəki mərkəzlərdən idarə olunur: "Onların məqsədi Azərbaycanda qeyri-sabitlik yaratmaq və ölkəni xarici mərkəzlərin poliqonuna çevirməkdir. Onların fəaliyyətinin bir növ koordinasiyası isə bəzi hallarda birbaşa, bəzi hallarda isə dolayısı yolla yenə anti-azərbaycançı mərkəzlər tərəfindən olunur. Bunların hamısının eyni mərkəzdən idarə olunması və Azərbaycanın milli maraqlarına qarşı birləşdirilməsi anti-azərbaycançı siyasətin tərkib hissəsidir. Bir çox hallarda görürük ki, prinsipial məqamlarda hətta bu mərkəzlərin fəaliyyəti ermənilərlə birgə koordinasiya edilir. Amma Azərbaycan xalqı bunun fərqindədir. Azərbaycan xalqı da, Azərbaycanın hüquq sistemi də ölkəmizin milli maraqlarına qarşı çıxan bütün qruplaşmaları və yaxud birlikləri cəzalandırmağa qadirdir".
SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, anti-Azərbaycan dairələri öz sözlərini Taleh Bağırzadənin dili ilə ictimailəşdirməyə çalışırlar: "Hazırda Taleh Bağırzadənin məhkəməsi gedir və biz bu məhkəmə prosesində də onun növbəti dəfə simasızlığının, riyakarlığının şahidi olmaqdayıq. Onun məhkəmə prosesində guya ən dəhşətli işgəncələrə məruz qaldığı barədə teatral çıxışı da bu riyakarlığın növbəti nümunəsi idi.
Taleh Bağırzadənin çıxışlarından da görünür ki, o, qaranlıq xarici siyasi dairələr tərəfindən idarə olunur, özünü bu dairələrin sözçüsü kimi aparır".
Taleh Bağırzadənin din faktorundan sui-istifadə etdiyini deyə B.Quliyev qeyd edib ki, onun əməllərinin heç birinin dinlə əlaqəsi yoxdur: "Dində, İslamda, müqəddəs kitabımız olan Qurani-Kərimdə deyilmir ki, sən yaşadığın mənzilini silah-sursat anbarına çevirər və kiminsə qanına bais ol. Əksinə, belə hallar dinimizdə yolverilməz hesab olunur. O oynadığı "tamaşlarda" "din xadimi", "üləma" və "vətənpərvər azərbaycanlı" olduğunu nümayiş etdirməyə çalışır. Taleh Bağırzadə riyakar və din pərdəsi altında gizlənən ən böyük şeytandır. Artıq ictimai rəy də şahidi olur ki, onun cinayətkar əməllərində İŞİD, Ən-Nusra, Əl-Qaidə kimi böyük terror təşkilatlarının simptomları görünür. Nardaran əhalisi də məlum hadisələrin dinə, İslam mənəviyyatına qarşı göstərilən ən böyük hörmətsizlik olduğunu anlayıblar".
Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev söyləyib ki, Taleh Bağırzadə məlum Nardaran hadisələri zamanı konstitusion quruluş, dinlər və məzhəblərarası tolerant mühit əleyhinə açıq-aşkar ifadələr səsləndirməklə yanaşı, öz çirkin niyyətini həyata keçirmək üçün oradakı günahsız insanlardan istifadə edib: "Bütün bunlar Azərbaycan qanunvericiliyin zidd olan hallardır. Həmin hadisələr zamanı Nardaran əhalisinə qarşı zorakılıq edilib, silahlardan istifadə edilib. Bunun nəticəsində sıravi insanlar və polis əməkdaşları həlak olublar. Belə bir insanın məhkəmə prosesində özünü müdafiə etmək naminə hər hansı fikirlər söyləməsinin heç bir əsası yoxdur. Məhkəmə prosesi maddi sübutlar, şəhidlərin ifadəsi, araşdırmalar əsasında həyata keçirilir. Kimin nə deməsindən asılı olmayaraq sonda məhkəmə hakimi sübutlara əsasən öz hökmünü verir. Bu məsələdə bütün sübutlar göz önündədir və düşünürəm ki, günahkar öz cəzasını alacaq".
Din xadimi hacı Mirrahib Abbasov qeyd edib ki, dindarın dünyəvi hüquqa qarşı çıxması yolverilməzdir: "Din pərdəsi altında öz siyasi məqsədlərini həyata keçirmək istəyənlərin özlərini dindar adlandırılması böyük günahdır. Taleh Bağırzadə Nardaran hadisələrində insanların ölümünə səbəb olub. Nardaranda ölənlərin günahı nə idi? Sözügedən şəxs artıq cinayətkardır. Taleh Bağırzadə terror yuvası yaradıb, ölkədə iğtişaşlar törətmək istəyib. Bu məsələdə isə din pərdəsindən istifadə olunub. Cümə namazlarında bir yerə yığılan dindarlar bu kimi insanları, onlarla eyni məqsədə malik olan İŞİD-i lənətləyir".