Putindən Dağlıq Qarabağ açıqlaması Siyasət

Putindən Dağlıq Qarabağ açıqlaması

"Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın"

"Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın".
Bu sözləri Rusiya prezidentiVladimir Putin dünən Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.
O, bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: "Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib".
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarına Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.
İlham Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb.
O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub: "Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram".
İlham Əliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir: "Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir".
O həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.
İki dövlət arasındakı iqtisadi əlaqələrə toxunan Vladimir Putin deyib ki, Rusiya və Azərbaycan dollar ifadəsində azalan ticarət dövriyyəsinin həcminin artırılması yollarını tapa bilər.
Onun sözlərinə görə, ticarət dövriyyəsində baş vermiş azalmaya dünya iqtisadiyyatında və hər iki ölkənin iqtisadiyyatında böhran olması səbəb olub: "Bununla əlaqədar da bizim ənənəvi ixrac məhsullarının qiymətinin aşağı düşməsi, məzənnə fərqi də ticarət dövriyyəsinin azalmasının səbəblərindəndir. Bu gün bu məsələlərin həlli barədə danışa biləcəyik".
Rusiyanin dövlət başçısı bildirib ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün yaxşı baza yaranıb: "Biz fiziki həcmləri saxlayırıq. Bizim nəinki energetika sahəsində, digər sahələrdə də perspektivli layihələrimiz mövcuddur".
Vladimir Putin qeyd edib ki, hazırda Rusiyanın təxminən 600 şirkəti Azərbaycanda çalışır: "Azərbaycana birbaşa investisiyaların həcmi təxminən 1,5 mlrd. dollar təşkil edir. Bizim Xəzər dənizindəki əməkdaşlığımız, həmçinin hərbi əməkdaşlığımız davam etdirilir".
Rusiya prezidenti əlavə edib ki, ikitərəfli əməkdaşlıq kağızda deyil, görülən işin sayəsində strateji tərəfdaşlıq xarakteri alıb ki, bu da münasibətlərin şaxələndirilməsi üçün olduqca vacibdir.