“Rusiya və Azərbaycan Türkiyənin Qarabağ məsələsinə töhfə verməsini istəyir” Siyasət

“Rusiya və Azərbaycan Türkiyənin Qarabağ məsələsinə töhfə verməsini istəyir”

Mövlud Çavuşoğlu: "Hazırda Qafqazın təhlükəsizliyinə ciddi təhdid olan Qarabağ problemi mövcuddur"

"Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatının yaradılması ilə bağlı Azərbaycana son səfərim zamanı müzakirələr aparılıb".
"Anadolu agentliyi"nin verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Azərbaycanda buna çox müsbət yanaşılıb: "Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı bu barədə müzakirələr aparılıb və Putinə tərəddüd etmədən buna müsbət yanaşdığını deyib. Bizim Balkanlarda, həmçinin Türkiyə və Azərbaycanın mərkəzdə olduğu bir sıra üçtərəfli mexanizmlər gözəl şəkildə işləyir. Müzakirə olunmalı bir sıra iqtisadi, siyasi mövzular, regional layihələr var".
Nazir qeyd edib ki, hazırda Qafqazın təhlükəsizliyinə ciddi təhdid olan Qarabağ problemi mövcuddur: "Biz bu məsələnin həlli üçün əvvəllər də səy göstərdik. Rusiya hazırda ciddi səylər göstərir. Bunlar həm ATƏT-in Minsk qrupunun, həm də Putinin şəxsi səyləridir. Sankt-Peterburqda üç prezidentin iştirakı ilə görüş baş tutub. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik. Üçtərəfli mexanizm çərçivəsində də bunu birlikdə dəyərləndirmə imkanımız olacaq".