“Onların sonuncu parlament seçkiləri ərəfəsində də kütləvi aksiya keçirmək cəhdlərini gördük” Siyasət

“Onların sonuncu parlament seçkiləri ərəfəsində də kütləvi aksiya keçirmək cəhdlərini gördük”

Mais Səfərli: "5-10 adamdan başqa meydana heç kimi yığa bilmədilər"

Araz Əlizadə: "Milli Şuranın keçirdiyi bütün aksiyalar xalq dəstəyindən məhrum olur"

Milli Şura 11 sentyabrda mitinq keçirmək haqda qərar qəbul edib. Müsavat Partiyası rəsmi olaraq Milli Şuranın mitinqində iştirak etməyəcəyini bəyan etdikdən sonra REAL hərəkatı da Milli Şuranın mitinqinə rəsmi formada dəstək verməyəcəyini bildirib.
"Yurddaş" Partiyasının sədri Mais Səfərli isə Milli Şuranın sentyabrın 11-də mitinq keçirmək planına münasibət bildirərkən deyib ki, ümumiyyətlə, istər özünü Milli Şura adlandıran qurum və ora daxil olan təşkilatlar, istər Müsavat, istərsə də digər özünü radikal müxalifət adlandıran qüvvələr ictimai dəstəkdən məhrumdurlar. Onun sözlərinə görə, indiki dövrdə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumqabağı hər hansı bir aksiyanın keçirilməsinə ehtiyac yoxdur: "Çünki Referenduma Azərbaycanın daha da inkişafına aparacaq, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan haqlarının qorunmasında daha irəliyə getmək kimi məsələlər çıxarılacaq. Belə məsələlərə etiraz edən təşkilatlardan nə gözləmək olar? Onlar doğurdanmı Azərbaycanın gələcəyi uğurunda mübarizə aparırlar? Əlbəttə yox. Bu baxımdan seçki qabağı aksiya keçirmək istəyən Milli Şura eləcə də digər partiyalar milli maraqlardan kənar düşdüklərini bir daha ortaya qoyurlar".
Partiya sədri söyləyib ki, ümumiyyətlə sözügedən təşkilatların ətrafında ailə üzvlərindən və dostlarından başqa heç kim yoxdur: "Bu partiyalar artıq iflasa uğrayıb. Bunun günahkarları isə partiya rəhbərlərinin özündədir. Belə ki, zamanında təşkilatlarında islahatlar aparmayıb, partiyalarında demokratizmi təmin etmədilər. Onlarda qərarlar yuxarıdan qəbul olunub, aşağılara sığınırdı. Belə olan halda, həmin partiyalar normal partiya quruculuğu apara bilməyib, düzgün fəaliyyət qura bilməməklə yanaşı, cəmiyyətə normal çağırışlar da edə bilmədilər. Artıq 25 ilə yaxındır ki, bu partiyalar müxalifətdədirlər və bütün mərhələlərdən olan seçkiləri uduza-uduza gəlirlər. Bu, onların ictimai dəstəklərinin olmadığını göstərir. Belə olan halda, Milli Şura necə mitinq keçirə bilər? Onların sonuncu prezident və parlament seçkiləri ərəfəsində də kütləvi aksiya keçirmək cəhdlərini gördük. 5-10 adamdan başqa meydana heç kimi yığa bilmədilər. Çünki, bu təşkilatlar meydanda tək qalıblar".
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə diqqətə çatdırıb ki, onların çalışdıqları odur ki, xaricdən pulları kəsilməsin. Milli Şuranın keçirdiyi bütün aksiyaların xalq dəstəyindən məhrum olduğuna diqqət çəkən A.Əlizadə, bu dəfə də eyni mənzərənin təkrarlanacağına əminliyini vurğulayıb: "Bu vaxta kimi özünü Milli Şura adlandıran qurumun elə bir aksiyasını görmüsünüzmü ki, onu kütləvi aksiya kimi xarakterizə etmək mümkün olsun? Xeyr. Onlar ancaq özlərini gündəmdə saxlayırlar ki, xaricdən pulları kəsilməsin. Bu qurumun keçirdiyi aksiyalar buna xidmət edir".