İndoneziya parlamentinin nümayəndələri Milli Məclisdə olublar Siyasət

İndoneziya parlamentinin nümayəndələri Milli Məclisdə olublar

İndoneziya Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq və onun başçılıq etdiyi nümayəndə heyəti dünən Milli Məclisdə olub.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə İndoneziya arasındakı münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əməkdaşlıq məmnunluq doğurur və bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına yeni təkan verəcək.
Milli Məclisin sədri bildirib ki, Azərbaycanın İndoneziya ilə siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələri yüksək səviyyədədir. Bu günədək ölkələrimiz arasında səkkiz sənəd imzalanıb. Mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini diqqətə çatdıran Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən, ticarət dövriyyəsinin artması istiqamətində həyata keçirilə biləcək tədbirlərdən bəhs olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Milli Məclisin sədri Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı bu soyqırımının tanınması ilə bağlı sənədlər qəbul edib. Azərbaycan tərəfi istərdi ki, bu məsələyə İndoneziya parlamenti də münasibət bildirsin.
İndoneziya Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafının əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə İndoneziya arasında ticarət və turizm sahələrində əlaqələrin inkişafının məmnunluq doğurduğunu, həmçinin gələcəkdə yeni istiqamətlərdə ikitərəfli əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.