
Akif Nağı: "Burada real nəticəyə nail olmaqla bağlı hansısa işlər hiss olunmur və əlamət görünmür"
Rasim Musabəyov: "Danışıqlarda durğunluq yaranacağı təqdirdə hərbi münaqişə ilə bağlı risklər yerində qalır"
Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, ümumiyyətlə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər bir növ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin süni şəkildə uzadılmasına xidmət edir. Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həmsədrlərlə Moskvada keçirdiyi görüş ətrafında da çoxlu proqnozlar səsləndirilir: "Burada real nəticəyə nail olmaqla bağlı hansısa işlər hiss olunmur və əlamət görünmür. Sadəcə olaraq onlar aprel döyüşlərindən sonra müəyyən məsələləri ortaya atırlar. Əslində Rusiyanın mövqeyində heç bir dəyişiklik hiss olunmur ki, o Ermənistana təzyiq etsin. Çünki Ermənistan özü öz iradəsi ilə heç bir qərar qəbul etmir. Yəni Ermənistanın taleyi ilə bağlı qərarlar da Moskvada qəbul olunur. O ərazilər faktiki olaraq rəsmi Moskvanın nəzarətindədir. Bu gün Rusiya Suriyada, Ukraynada öz məsələlərini həll etməyə çalışır və çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin. Bu kimi görüşlər söz oyunlarından başqa bir şey deyil".
Politoloq, deputat Rasim Musabəyov isə bildirib ki, görüşlə bağlı xüsusi bir məlumat yoxdur: "Daha çox ümumi sözlər deyilir. Lakin aydındır ki, yay mövsümü, tətil vaxtı başa çatıb. Bu danışıqlarda durğunluq yaranacağı təqdirdə hərbi münaqişə ilə bağlı risklər yerində qalır və yenidən qabardıla bilər".
Muabəyov bildirib ki, həmsədrlər toplaşaraq hansısa bir danışıqlar layihəsi ilə çıxış etmək niyyətindədirlər: "İndi nəzərə alsaq ki, bu məsələlərdə ABŞ və Fransadan olan həmsədrlər Rusiyanınmoderatorluğunu qəbul ediblər, görüşün Moskvada baş tutması, həmsədrlərin Lavrovla məsləhətləşmələri başadüşüləndir. Ancaq bu məsləhətləşmələr nəyə gətirib çıxaracaq, təklif tərəflər üçün nə dərəcədə qaneedici olacaq və bunun əsasında xarici işlər nazirlərinin, prezidentlərin görüşünün mümkün olub-olmayacağı sualı açıq qalır". Ermənistanda hökumətin istefaya getməsi və bunun danışıqlar prosesinə mümkün təsirləri haqda danışan sabiq dövlət müşaviri xatırladıb ki, erməni hökuməti Dağlıq Qarabağ münaqişəsinə dair aparılan proseslə məşğul olmayıb: "Bu işlə bilavasitə prezident Sarkisiyan və xarici işlər naziri Nalbandiyan məşğul olurdu. Hazırda prezident Sarkisiyan yerindədir. Nalbandiyan isə son zamanlar Ermənistanda lağ-lağı obyektinə çevrilmişdi. Hazırda onun yerinə Ermənistanda Prezident Aparatının rəhbərinin gətiriləcəyini deyirlər. Hər halda prezidentin icra aparatının rəhbəri bu prosesin içindədir və onun ayrıca səlahiyyətə ehtiyacı yoxdur. Əgər onu xarici işlər naziri təyin etsələr, qısa müddətdə bu münaqişə ilə yaxından məşğul olması mümkün olacaq".
Politoloq Əli Oruclu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regional münaqişədən çoxdan çıxıb və artıq beynəlxalq münaqişə səviyyəsinə gəlib: "Çünki burda tərəflərin sayı da çoxalıb. Göründüyü kimi, Ermənistanla Azərbaycan deyil, regiona marağı olan dövlətlər burda qeyri-rəsmi olsa da, tərəf kimi görünürlər. Bu cür görüşlər dəfələrlə keçirilib. Bəzən nikbin bəyanatlar da səsləndirilib. Ancaq çox təəssüflər olsun ki, ortada bir nəticə yoxdur. Bu səbəbdən də belə görüşlərin mənasını görmürəm. Dediyinə görə, bu görüşlər sadəcə regionda sülhə və təhlükəsizliyə müəyyən yardım edə bilər ki, burda müharibə alovlanmasın, geniş miqyasda hərbi əməliyyatlar başlamasın. Bundan əlavə bu görüşlərin uzağa gedəcəyini, səmərə verəcəyini şəxsən gözləmirəm".
Politoloq Fikrət Sadıqov bildirib ki, Minsk qrupunun həmsədr ölkələri tərəfindən münaqişənin həlli yolları istiqamətində, bütövlükdə danışıqlar prosesində aktivlik hiss olunur. Onun sözlərinə görə, xüsusilə, Rusiyanı təmsil edən həmsədr daha aktivdir: "Bu da bir reallıqdır ki, Lavrov regiona gələndə müxtəlif ideyaların, təkliflərin olduğunu, bu təkliflərin tərəflərə təqdim olunacağını bildirmişdi. Ola bilsin ki, bu təkliflər artıq təqdim olunub və Moskvada ciddi şəkildə müzakirə edilib".
F.Sadıqov bildirib ki, həmsədrlərin Rusiya xarici işlər naziri ilə birgə müzakirə aparmaları yeni bir formatdır: "Amma aydın məsələdir ki, biz bu cür görüşləri çox görmüşük. 20 ildən artıqdır bu cür görüşlər keçirilir, amma heç bir nəticəsi olmur. Ona görə də bizə nəticəyönümlü görüş lazımdır. Mənə elə gəlir ki, Moskva görüşündə Rusiyanın təklifləri müzakirə olunub. Əlbəttə, bu heç də o demək deyil ki, bu təkliflər ancaq Azərbaycanın maraqlarına cavab verən təkliflərdir. Çünki biz bilirik ki, həmsədrlər, o cümlədən Rusiya Ermənistanın da maraqlarını nəzərə almaq istəyir. Amma bunun bizim maraqlarımıza nə dərəcədə cavab verdiyindən söhbət gedəndə sual işarəsi qoymaq lazım gəlir. Çünki biz Ermənistanla eyni vəziyyətdə deyilik. Bizə torpaqların azad olunması lazımdır, bu proses başlanmalıdır. Əgər bu təkliflər işğalçı qoşunların torpaqlarımızdan çıxarılması ilə bağlıdırsa, təbii ki, belə bir görüşü alqışlamaq olar. Yox, əgər bu görüş yenidən çeynənmiş məsələlərə həsr olunacaqsa və Moskvada heç bir nəticə baş verməyəcəksə, o zaman bu görüşün heç bir mənası olmayacaq. Biz özümüz artıq bu məsələni necə həll etmək lazım olduğunu bilirik. Biz diplomatik səylərimizi gücləndirməli, daha hücumçu addımlar atmalıyıq. Eyni zamanda torpaqlarımızı azad etməyə hazır olmalıyıq".
Ekspert qeyd edib ki, S.Lavrovun bu görüşdə iştirak etməsi Rusiyanın münaqişənin həlli istiqamətində daha fəal olmasının göstəricisidir: "Belə bir təəssürat yaranır ki, digər iki həmsədr dövlət – ABŞ və Fransa Rusiyanın fəallaşmasına razılıq veriblər. Çünki bu regionda aparıcı, açar rolunu oynayan dövlət Rusiyadır. Reallıq bundan ibarətdir. Ona görə də Lavrovun görüşdə iştirak etməsi, onun təkliflərinin müzakirə olunması Rusiyanın bu məsələdə daha fəal olmasının onun göstəricidir. Rusiyanın bu münaqişəni həll etmək istiqamətində addımları daha aktiv, daha dinamikdir. Çünki Rusiya başa düşür ki, Ermənistan onların müttəfiqi olsa da, Azərbaycan regionda mühüm bir oyunçudur və Rusiyanın strateji tərəfdaşıdır. İki ölkə regionda bir sıra layihələrə qoşulublar, Azərbaycanda rus şirkətləri fəaliyyət göstərirlər. Bu, özü-özlüyündə əməkdaşlığın inkişaf etməsinin göstəricisidir. Ona görə də mənə elə gəlir ki, elə bu təkliflərin ciddi müzakirəsi gedəcək. Lavrovun həmsədrlərin görüşündə iştirak etməsi bunun əsas göstəricisidir".