“Ermənistanda vəziyyət günü-gündən pisləşir” Siyasət

“Ermənistanda vəziyyət günü-gündən pisləşir”

Üzeyir Cəfərov: "Bütün bu baş verənlərin Qarabağ məsələsi ilə də birbaşa əlaqəsi var"

Rövşən Məmmədli: "Həmsədrləri tərəfindən yenə də ikibaşlı fikirlər səsləndirilib"

Məhəmməd Əsədullazadə: "Bir çox beynəlxalq təşkilatlar da eyni mövqeni ortaya qoyur"

Elman Nəsirov: "Uorlikin sessiya öncəsi belə bəyanatla çıxış etməsi vəziyyəti kökündən dəyişir"

"1994-cü ildə Bişkek protokolundan sonra ərazilərin verilməsi məsələsi aktual olub. Əvvəlcə ərazilərin qaytarılması əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son qoyulur". Bu barədə "Modus Vivend" mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib. Onun sözlərinə görə, son danışıqlarda ərazilərin qaytarılması əvəzinə aralıq statusun verilməsi gündəmə gəlib: "Bu, təzə xəbər deyil, hansı ki, 1994-cü ildə biz buna razı olduq, Madrid prinsipləri ilə inkişaf etdirdik, indi də əkdiyimizi biçirik. Sülh naminə güzəştlərin sülhə gətirib çıxaracağı çətin görünür, bu, dəhşətli müharibəyə səbəb ola bilər. Bizim seçimimiz pis və çox pisin arasındadır. Pis seçim indiki vəziyyətdir. Ərazilərin qaytarılması bizim vəziyyətimizi pisləşdirəcək. Hazırda danışıqlar prosesi davam edir və bizim alternativlərimiz yoxdur". Papyan qeyd edib ki, Serj Sarkisyanı əraziləri qaytarmağa məcbur edirlər: "2008-ci ildə o, hakimiyyətə gələndə əla bilirdi ki, onu bu gözləyir".
Hazırda Ermənistanda vəziyyətin kritik olduğu hər kəsə bəllidir. İqtisadi durumla yanaşı siyasi böhran da getdikcə dərinləşir. Ümumiyyətlə Ermənistandakı böhran Qarabağ danışıqlarında irəliləyişə səbəb ola bilərmi?
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Ermənistanda vəziyyət həqiqətən də günü-gündən pisləşməyə doğru gedir və bu yaxınlarda orada çox ciddi hadisələrin baş verməsi gözləniləndir: "Artıq, cinayətkar Serj Sarkisyan da öz hakimiyyətinin ömrünün uzatmaq üçün istənilən addımı atır və sentyabrın 13-də Ermənistan parlamentində hökuməti və müxalifəti təmsil edən bir sıra siyasi qüvvələrin ölkədə seçkilərin təşkili və keçirilməsi üzrə saziş imzalaması da dediklərimizə əyani sübutdur. O həm bərk narahatdır, həm də qorxu içindədir". Onun sözlərinə görə, təsadüfi deyil ki, onun ünvanına açıq şəkildə hədələr səsləndirilir: "Ona müxalif qüvvələr parlament binasını və prezident iqamətgahı ələ keçirəcəklərini bəyan edirlər. Bütün bu baş verənlərin Qarabağ məsələsi ilə də birbaşa əlaqəsi var. Ortada çox güclü oyun oynalınır və bu oyunun vaxtını və nəticəsini öz xeyrinə başa vurmaq üçün çoxgedişli, ermənilərə və havadarlarına xas olan müxtəlif addımlar atılır. Baş nazir istefaya göndərildi, ola bilsin günün sonuna müdafiə naziri də yeni bir şəxs olsun. Bir sözlə, Qarabağ məsələsində bir balaca Azərbaycanın xeyrinə ola biləcək addımlardan söhbət gedən kimi, ermənilərin "qızdırmaları qalxır".
Ola bilsin ki, bu arada qoşunların təmas xətti boyunca cəbhə bölgəsində də çox ciddi təxribatlar ermənilər tərəfindən törədilsin.Biz buna hərtərəfli hazır və son dərəcə diqqətli olmalıyıq. Düşmənin məkrli planları çoxdur".
Onu da əlavə edək ki, Ermənistandakı vəziyyətin gərginləşməsi fonunda həmsədrlər də münaqişə ilə bağlı açıqlama verirlər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədr Ceyms Uorlik "İnterfax"a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi fikir geniş müzakirə mövzusu olub.
Nizamlanmaya dair irəli sürülən təkliflərin mahiyyəti barədə sualı cavablandıran Uorlik deyib ki, yeni heç nə yoxdur: "Nizamlanma Dağlıq Qarabağın statusunun müqabilində ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur".
Müstəqil ekspert Rövşən Məmmədli bildirib ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən yenə də ikibaşlı fikirlər səsləndirilib: "Bu dəfə dəamerikalı həmsədr Uorlikin dili ilə. Qarabağ məsələsində "qalib" və "məğlub" tərəflər axı niyə olmalıdır?. Bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Ermənilərdə 180 ildir Çar Rusiyasının müstəmləkəçilik siyasətinə uyğun olaraq xarici ölkələrdən buraya köçürülüb. Azərbaycan dövlətidə həmişə onların hüquqlarını layiqincə qoruyub,onları öz xalqından seçməyib. Ancaq "böyük Ermənistan" qurmaq."dənizdən-dənizə" dövlət yaratmaq xülyasında olan ermənilər separatçılıq edib,Ermənistan dövlətinin birbaşa dəstəyi və iştirakı ilə bu torpaqlarda yaşayan azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salıb,deportasiya ediblərsə, Dağlıq Qarabağı və onun ətrafındakı 8 rayonu (Şuşa hələ 90-cı illərdə Dağlıq Qarabağın tərkibindən qanuni yolla çıxmışdı) öz sahibinə və aboregeninə qaytarmaq nə zamandan "qalib" və "məğlub" tərəfləri yaradır. Bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur və bütün beynəlxalq birliklər də bu hüququ tanıyıb.İndi torpaqlar işğaldan azad edilir Azərbaycana qaytarılır.Bununla da itmiş ədalət bərpa olur". Rövşən Məmmədlinin sözlərinə görə, əgər Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin həmin ərazilərdə suverenliyini tanıyarsa və Konstitusiyamızı qəbul edərlərsə,onda onlarda Azərbaycanın digər vətəndaşları kimi orada və Azərbaycanın istədikləri digər ərazilərində yaşaya və bütün yerli idarəçilik hüquqlarına sahib ola bilərlər.Burada daha "qalib" ya "məğlub" tərəf axtarmağa ehtiyac yoxdur". Müstəqil ekspert deyib ki, ermənilər hələ 70-80 il bundan oncə əsassız olaraq,həmdə birtərəfli qaydada,imperialist qüvvələrin dəstəyi ilə "qalib" olub: "Onlar Azərbaycanın əbədi və əzəli torpaqlarında Ermənistan adlandırdıqları dövləti qurublar. Daha bundan artıq "qalib" mi olar? Yoxsa ermənilər bu Minsk qrupunun dəstəyinə güvənib yeni bir dövlət də qurmaq, yaxud müstəqilliyə bərabər hüquqlar əldə etmək istəyirlər? Yox. Nə qədər onlar bu xülyada olsalar, Qarabağ məsələsini sülh yolu ilə həll etmək mümkün olmayacaq.Uorliklər və onlar kimi düşünənlər qoy bilsinlər ki, bu cür siyasət aparsalar o halda sözü onlar yox, Azərbaycan ordusu deyəcək və sözün həqiqi mənasında Qarabağa, Zəngəzura əbədi sülh gətirəcək. Qoy Minsk üçlüyü öz xəbis niyyətlərindən kənara çəkilsinlər. Onda "uzun müddət biri-birindən ayrı düşmüş" ermənilərlə azərbaycanlılar Azərbaycan dövlətinin tərkibində yenə bir araya gəlib dinc mühitdə,sülh şəraitində və dostcasına, bir-birinə hörmət şəraitində birgə yaşayarlar. Əvvəlki münasibətlərdə yenidən qurular. Əgər Rusiya, Amerika, Qərb bu məsələyə burnunu soxmasaydı, heç ermənilərlə azərbaycanlılar arasında bu düşmənçilikdə yaranmayacaqdı".
Politoloq Məhəmməd Əsədullazadə də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son açıqlamasını tənqid edib. O, bildirib ki, həmsədrlərin ən ciddi xətası işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymamalarıdır. Məhəmməd Əsədullazadə təssüf hissi ilə qeyd edib ki, bir çox beynəlxalq təşkilatlar da eyni mövqeni ortaya qoyur: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20-ildən artıq həll olunmamasının səbəbi işğalçıya və işğala məruz qalanı eyni tutmaqdı . Qarabağ danışıqları bu, aspektdə davam edəcəksə, bundan sonra iyirmi ildə gözləyəcəyik?". Politoloq hesab edir ki, Birləşmiş Ştatlar problemdən uzaq, Rusiya isə status-kvonun qorunmasına çalışır.
Millət vəkili, politoloq Elman Nəsirov isə hesab edir ki, bu bəyanat Ermənistanda günorta çağı şimşək effekti yaradıb. Deputatın sözlərinə görə, Ermənistanda artıq müxalifət və müxtəlif siyasi dairələr həyəcan təbili çalmağa başlayıblar ki, prezident Serj Sarkisyan Dağlıq Qarabağın konkret statusu müəyyən edilmədən işğal edilmiş 7 rayonu Azərbaycana qaytarır. E. Nəsirovun fikrincə, əslində burada yeni bir şey yoxdur, çünki əvvəllər də bu fikirlər səsləndirilib: "Yenilik dəyişən şəraitlə bağlıdır. Aprel döyüşlərindən sonra yaranmış şəraitdə torpaqların işğaldan azad edilməsi məsələsi kifayət qədər aktuallaşıb".
BMT Baş Məclisinin Nyu-Yorkda bu ay keçiriləcək sessiyasından danışan deputat qeyd edib ki, həmin sessiyada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna deyil.
Elman Nəsirov hesab edir ki, Uorlikin sessiya öncəsi belə bəyanatla çıxış etməsi vəziyyəti kökündən dəyişir: "Bu Ermənistanda böyük həyəcanla qarşılanmaqdadır. Zaman Azərbaycanın xeyrinə dəyişir. Hadisələrin gedişi bizim üçün məqbul variantdır".
O sonda əlavə edib ki, Ermənistanın özündə bu məsələlər tez-tez gündəmə gətirilir və Sarkisyanın güzəştlərə getməyə məcbur edildiyi ilə bağlı mülahizələr erməni politoloqların ən çox səsləndirdiyi fikirlərdəndir: "BMT Baş Məclisinin sessiyası ərəfəsində Uorlikin bu cür bəyanat səsləndirməsi Azərbaycanın xeyrinə olan məsələdir".