“Siyasətimiz milli maraqlar üzərində qurulub” Siyasət

“Siyasətimiz milli maraqlar üzərində qurulub”

Prezident İlham Əliyev: "Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir"

"Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun rəhbərliyi ilə Azərbaycan inamla müstəqillik həyatına qədəm qoyub. Əgər 1991-ci ildə Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Azərbaycan problemlərlə üzləşməzdi, heç vaxt bizdə vətəndaş müharibəsi olmazdı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Bizim xoşbəxtliyimiz isə ondan ibarətdir ki, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ondan sonrakı müstəqillik dövrü sabitlik, tərəqqi və inkişaf dövrüdür".
Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında deyib.
Dövlət başçısı qeyd edib ki, o ağır illərdə Azərbaycanda aparılan islahatlar, təhlükəsizliyin təmin edilməsi, neft kontraktının imzalanması, dövlətçiliyin möhkəmləndirilməsi, yeni Konstitusiyanın qəbulu ölkəmizin gələcək inkişafını müəyyən edib: "O vaxt ölkəmizin gələcək inkişafı ilə bağlı strateji seçim edilmişdir ki, Azərbaycan dövləti müstəqil həyatını qoruyacaq, ölkədə Azərbaycançılıq məfkurəsi təmin ediləcək, Azərbaycan öz beynəlxalq əlaqələrini qarşılıqlı hörmət əsasında quracaq, dərin iqtisadi-sosial islahatlar həyata keçiriləcək və Azərbaycan xarici investorlar üçün açıq qapılar siyasəti aparacaq. Bu strateji seçim özünü doğrultdu. Biz bu gün bunu bir daha əyani şəkildə görürük. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Bizimlə hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə, dünya miqyasında böyük önəm daşıyır".
Prezident gələn ay Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin qeyd olunacağını bildirib: "Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olub. 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər olub. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir".

Xalqın etimadı bizə güc verir

Azərbaycan Prezidenti deyib ki, sentyabrın 26-da keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir: "Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb".
Dövlət başçısı bildirib ki, sentyabrın 26-da keçirilən referendum ölkənin gələcək inkişafını müəyyən edir: "Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə "hə" deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik.
Bildiyiniz kimi, Azərbaycanda bu il "Multikulturalizm ili" elan edilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bax, budur bu gün Azərbaycan reallıqları. Xalq bu reallıqları yüksək qiymətləndirir və referendumun nəticələri məhz buna əsaslanır. Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək.
Bu gün Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir. Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha təsdiq etdi".