“Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib” Siyasət

“Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib”

"Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini yaşayır. Ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, demoqrafik, elmi, texnoloji, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar ölkənin əhəmiyyətli milli gücə sahib olduğunu deməyə əsas verir. Dövlətin inkişafının əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi və irəliləyişi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, dövləti regional güc mərkəzinə çevirir, tədricən onun qlobal miqyasdakı rolunu və təsir imkanlarını artırır". Bu fikirləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov səsləndirib. O, qeyd edib ki, bu gün Azərbaycan daxili sosial-iqtisadi inkişafa nail olub, hərbi cəhətdən güclənib, eləcə də, bütün göstəricilərinə görə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib: "Azərbaycan strateji əhəmiyyətli coğrafi məkanda, eyni zamanda, olduqca mürəkkəb geosiyasi mühitdə yerləşir. Qlobal və regional güclərin maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan şimal-cənub və şərq-qərb dəhlizi üzərindəki əlverişli mövqeyindən, təbii resurslarından, iqlim və relyef şəraitindən milli mənafeləri naminə maksimum istifadə edir. Bunun nəticəsi olaraq, Azərbaycanın makroiqtisadiyyatının, eləcə də, xarici ticarət əlaqələrinin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın ümuminkişaf yolunu, eləcə də, iqtisadi prioritetlərini düzgün müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin davam etdirilməsi bu gün Azərbaycan iqtisadiyyatını inkişaf sürətinə görə dünyada ön sıralara çıxarıb. Bu gün Prezident İlham Əliyevin bu siyasəti böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir".