“Müsavat Partiyası kifayət qədər bazasını itirib” Siyasət

“Müsavat Partiyası kifayət qədər bazasını itirib”

Adil Qeybulla: "Cəmiyyəti ruhdan salan aksiyalara ehtiyac yoxdur"

"Müsavat Partiyasından ayrılma əslində məntiqi proses idi. Bu, uzun müddət daxildə davam edən ziddiyyətlərin nəticəsi idi. Bunun da şahidi olduq. Düşünürəm ki, ADR Hərəkatı müstəqil şəkildə daha yaxşı fəaliyyət göstərir. Üstəlik ADR-in strukturlarında təmsil olunan şəxslərin sayı kifayət qədər çoxdur və təşkilatlanma prosesi də davam edir". Bu fikirləri ADR Hərəkatının nümayəndəsi, professor Adil Qeybulla səsləndirib. O Müsavatın son mitinqi haqda da danışıb: "Bizdə aksiyaları kəmiyyət sayı ilə qiymətləndirmək tendensiyası var. Bu da güc amili faktoruna dəyər vermək deməkdir. Təbii ki, Müsavat Partiyası son hadisələrdən sonra kifayət qədər bazasını itirib. Bu, mitinqlərdə görünür. Başqa sözlə, görünən dağa bələdçi lazım deyil. Mitinqlər keçirmək fundamental azadlıqlardan biridir, lakin hesab edirəm ki, bununla məsələ bitmir. Siyasi partiyanın etirazı başqa formada - bəyanatla da ifadə edə bilər. Normalda bu da ciddi qarşılanır. Ancaq cəmiyyəti ruhdan salan aksiyalara ehtiyac yoxdur. Təcrübə göstərir ki, belə mitinqlər keçirmək müxalifətə nüfuz gətirmir. Əksinə, bu aksiyalar azalmaya doğru gedir. Müxalifət daim siyasi məsuliyyətini hiss etməli, cəmiyyəti doğru istiqamətə yönləndirməlidir. Düşünürəm ki, ölkədəki hadisələrə müxalifətin tutduğu mövqe bizim üçün nümunə olmalıdır. Prinsipial məsələlərdə dövlətin marağından çıxış etmək vacibdir. Bu mənada Türkiyə müxalifətinin iyulun 15-də tutduğu mövqe əhəmiyyət kəsb edir".
A.Qeybulla "bu gün müxalifət daxilində inteqrasiya prosesləri xeyli zəifləyib".- deyə vurğulayıb: "Bu daha çox siyasi proseslərin tempinin azalması, perspektivsizliyin olmasından qaynaqlanır. Digər tərəfdən, Müsavat daxilində gedən proseslər bu partiyaya ciddi zərbə vurdu. Bunu biz bir müddətdən sonra dərk edəcəyik. Bu məsələdə günahkar olan şəxslər zamanla səhvlərini daha aydın görəcəklər. Düzdür, artıq bu işlər baş verib. Ancaq biz hazırda daha çox gələcəyə baxırıq və Azərbaycan cəmiyyətinin inkişafı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Yəni öz imkanlarımızdan artığına iddia etmək niyyətində deyilik...ADR Hərəkatında olan müsavatçıların böyük əksəriyyəti əslində Müsavatda onlara qarşı olan ədalətsiz münasibətdən bezdilər. Odur ki, mən indi böyük bir axın və geri dönmənin olacağını düşünmürəm. Digər tərəfdə bunun işartıları da yoxdur".