“Məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır” Siyasət

“Məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır”

Ərdoğan: "TANAP-ın həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq"

"Sülh üçün paylaşaq" 23-cü Dünya Enerji Konqresinin şüarıdır. Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır".
Bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Afrika ölkələri ilə münasibətlərdən danışan Türkiyə prezidenti deyib ki, Afrika qitəsində enerji təminatı problemi var: "Enerji problemi çözülmədən inkişafdan, səhiyyədən, sosial vəziyyətin yaxşılaşmasından danışmaq olmaz. Bu gün dünyada enerji təminatı olmayan 1 milyarddan çox insanın 600 milyonu Orta Afrikada yaşayır. Ona görə də Türkiyə beynəlxalq platformalarda bu sahədə təşəbbüslərlə çıxış edir".
Türkiyənin enerji resursları baxımından xaricdən asılı olduğunu söyləyən Ərdoğan bildirib ki, Türkiyə Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-nin olduğu coğrafiyada yerləşir: "Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlardır. Cənub Qaz Dəhlizinin onurğasını təşkil edən TANAP-ı inşa edirik. TANAP-ın davamı olacaq TAP-la Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da Cənub Qaz Dəhlizinin ilə ixracı üçün böyük səy göstəririk. Rusiya qazının ixracı ilə bağlı "Türk axını" layihəsi üzərində işimizi də davam etdiririk. Bu ilin sonunda, 2017-ci ildə böyük addımlar atacağıq. Beləliklə, qaz ticarətində bölgəmizdə etibarlı tərəfdaş kimi çəkimiz artacaq".
Türkiyə prezidenti qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə alternativ enerji qaynaqları baxımından zəngin bir ölkədir: "Günəş, külək və su elektrik enerjisinin ölkənin enerji təchizatında çəkisini 30 faizə çatdırmağı qarşımıza qoymuşuq".
O bildirib ki, son vaxtlar neftin qiyməti aşağı düşür və bu da neft sahəsinə qoyulan sərmayələrin azalması təhlükəsini yaradır: "Biz bu məsələləri müzakirə etməliyik. Neftin qiymətinə müvafiq olaraq təbii qazın qiyməti də enməlidir".
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, zəngin karbohidrogen qaynaqlarına sahib olmaq təkbaşına zənginliyə, sabitliyə nail olmaq demək deyil: "Afrikada və Orta Şərqdə biz bunu görürük. Hətta bu bölgələrdə yaşayan insanların çoxunun enerji təminatı sahəsində problemləri var".
Türkiyə prezidenti İraq və Suriyaya maraqlarının əsas səbəblərindən birinin bu ölkələrdə fəaliyyət göstərən PKK və İŞİD terror təşkilatları olduğunu bildirib: "Dünən Şəmdinlidə PKK terrorçularının törətdiyi terror aktı nəticəsində 18 əsgər və mülki şəxs həyatını itirib, bu gün onlar dəfn edilirlər. Bu, təhlükəsizlik qurumlarımızın mübarizəsi ilə küncə sıxılmış PKK-nın son cəhdləridir. Ancaq terror qlobal problem olduğu üçün dünyanın terrorla birgə mübarizəsi vacibdir. Türkiyənin İraq və Suriyada fəaliyyəti bir məcburiyyətdir. Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır".