“Putinin planları gözlənilən səmərəni verməyəcək” Siyasət

“Putinin planları gözlənilən səmərəni verməyəcək”

Qabil Hüseynli: "Qazaxıstan iştirak etmirsə bu tədbir öz effektini verməyəcək"

"Ermənistanda Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv-dövlətlərinin keçiriləcək iclasında rəsmi İrəvan üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək. Yəni burada Kollektiv Təhlükəsizlik Şurasının baş katibi məsələsi gündəmdədir. Çox güman ki, ora Ermənistan tərəfinin nümayəndəsinin seçilməsi gözlənilir. Bununla belə şuranın səmtləri getdikcə daha da ciddiləşir". Bunu politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, az qalsın ki, Putinin NATO-su deyimi özünü doğrultsun: "Çünki cənub istiqamətində Rusiya hərbi silahlanmanı artırır və yeni silah növləri göndərir. Hətta bugünlərdə 150 adda yeni silahın göndərilməsi və onların böyük bir qisminin də Ermənistana göndərilməsi nəzərdə tutulub. Yəni Kollektiv Təhlükəsizlik Şurası öz fəaliyyətini genişləndirir. Amma bu şurada Rusiya və Ermənistandan başqa digər dövlətlər o qədər də könüllü iştirak etmir. Məsələn, Qazaxıstan prezidenti səhhəti ilə əlaqədar bu tədbirdə iştirak etməyəcək. Təbii ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Şurasının, Avrasiya İttifaqının Rusiyadan sonra ən aparıcı dövlətidir. Əgər o iştirak etmirsə bu tədbir öz effektini verməyəcək. Hətta Putinin bu tədbir üçün nəzərdə tutduğu planlar gözlənilən səmərəni verməyəcək".