“İdman federasiyalarının məsuliyyət məsələsi qoyulmalıdır” Siyasət

“İdman federasiyalarının məsuliyyət məsələsi qoyulmalıdır”

Milli Məclisin dünən keçirilən plenar iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Layihə ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.
Deputat bildirib ki, indi bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir: "Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsi mövcud deyil. Buna görə də "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb. Ötən müddət ərzində komitə dopinq problemi ilə bağlı araşdırmalar aparıb. Bu baxımdan da müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb. Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin təsis edilməsi nəzərdə tutulur.
Eyni zamanda bu, agentlik nəzdində Apellyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər".
Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, Azərbaycan idmançılarının adı bəzən dopinq qalmaqalında hallanır: "Qanunda idman federasiyalarının məsuliyyət məsələsi qoyulmalıdır".
Qüdrət Həsənquliyev qeyd edib ki, İslandiya Avropa çempionatında xüsusi nəticə göstərib: "Bu dünyada xüsusi maraqla müzakirə edilirdi. İslandiyanın 330 min vətəndaşı var. Əvvəl bu ölkədə gənclərin, yeniyetmələrin, şagirdlərin siqaret və spirtli içkilərə marağı yüksək olub. Sonradan bunun qarşısını almaq üçün ciddi müzakirələr aparılıb, qərara gəlinib ki, orta məktəbdə futbol dərsikləri salınsın, qısa müddətə 150 futbol stadion tikilib. Əlavə futbol məktəbləri açılıb. Sonda gənclər də, şagirdlərdə futbola böyük maraq yaradılıb. Bizdə rayonlarda Olimpiya Komitələri tikilib. Onların çoxu rayon mərkəzlərindən kənardır. Odur ki, bu strukturlardan çoxluğun istifadəsi bəzən mümkün olmur. Bu məsələlərə diqqət edilməlidir".
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.