Türkiyədə Melkonyan abidəsi Siyasət

Türkiyədə Melkonyan abidəsi

Bu, təkcə Azərbaycana qarşı deyil, ilk növbədə Türkiyə əleyhinə olan çox böyük təxribatdır.
Bu sözləri Türkiyədə erməni terrorçularının adını əbədiləşdirən abidənin qoyulması ilə bağlı danışarkən millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili məlumatı KİV-lərdə gördükdən sonra Türkiyənin müvafiq qurumları, millət vəkili və bir sıra türk siyasiləri ilə əlaqə saxladığını deyib:
"Türkiyədə azərbaycanlıların qanında əli olan terrorçuların adını əks etdirən abidənin qoyulmasının Azərbaycanda çox böyük narahatlıq doğurduğunu diqqətə çatdırdıq. Bilirəm ki, qardaş Türkiyədəki insanlarımız da buna biganə deyillər. Onlar da vurğuladılar ki, bu məsələni müvafiq qurumlarla araşdıracaqlar və əgər həqiqətən belə bir hal varsa, dərhal bunun aradan qaldırılması üçün müvafiq addımlar atılacaq. Bu gün PKK terror təşkilatının daxilində çoxlu ermənilər, ASALA terror təşkilatının üzvləri yer alır. Çox təəssüf ki, erməni terrorçular PKK-nın güclü olduğu bəzi kəndlərdə bu cür təxribatlar edə bilərlər. Hesab edirəm ki, bu, PKK içərisindəki erməni terrorçularının və təşkilat daxilində onlara dəstək verən güclərin təxribatdır. Həm türk xalqının, həm də Azərbaycan xalqının qanında əli olan erməni terrorçularının adlarının qəhrəman kimi təqdim olunması çox böyük bir təxribatdır. Bu, təkcə Azərbaycana qarşı deyil, ilk növbədə Türkiyə əleyhinədir. İnanırıq ki, qardaş ölkə bu təxribatı çox ciddi araşdıracaq və qarşını almaq üçün tədbirlər görəcək".
Qeyd edək ki, Türkiyə mətbuatında Tunceli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidə qoyulması ilə bağlı məlumat yayılıb.
Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, hətta ötən əsrin 90-cı illərində Qarabağ və Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törətmiş Monte Melkonyanın adı da var.