“ATƏT-in Minsk qrupu Ermənistanın təcavüzkar hərəkətləri qarşısında susqunluq nümayiş etdirir” Siyasət

“ATƏT-in Minsk qrupu Ermənistanın təcavüzkar hərəkətləri qarşısında susqunluq nümayiş etdirir”

Ekspert:"Həm də Amerika Ermənistana cəbhə bölgəsində bizi müşahidə etmək üçün ən müasir cihazlar verir"


Son aylar Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslər, daha doğrusu Ermənistanın maraqlarına uyğun olaraq atılan addımlar onu deməyə əsas verir ki, beynəlxalq aləm hər vəchlə Azərbaycanı işğal faktı ilə barışmağa vadar edir. Bütün bunlardan ruhlanan Ermənistan daha da aqressiv mövqe sərgiləyir. Elə bir müddət əvvəl Rusiya ilə birgə hərbi birliyin yaradılması barədə məsələnin gündəmə gəlməsi də işğalçı ölkənin qeyri-konstruktivliyi və aqressiyasının nümunəsidir.
Ekspert Rövşən Məmmədli deyir ki, Qarabağ məsələsinin sülh yolu ilə həllini əsassız və hiyləgər bəhanələrlə 23 il uzatmış Ermənistan dövləti indi Rusiya ilə birgə qoşun yaratmaq haqqında sənəd imzaladıqdan sonra cəbhə bölgəsində öz təxribatçı hərəkətlərini daha da artırıb: "Həmçinin ermənilər açıq-aşkar bildirirlər ki, işğal altında olan torpaqların "bir qarışını belə azad etməyəcək"lər. İrəvanın küçələrində "İsgəndər M" ləri nümayiş etdirən və Rusiya ilə birgə ordu qurmaqda olan Ermənistan bu hərəkətləri ilə həm aprel döyüşlərində düşdüyü pis vəziyyətin heyfini çıxmaq, həm də erməniləri ruhlandırmaq məqsədi güdür. Eyni zamanda, bizə təsir etmək istəyirlər. Maraqlıdır ki, ATƏT-in Minsk qrupu Ermənistanın bu aşkar təcavüzkar hərəkətləri qarşısında susqunluq nümayiş etdirir. Həm də bu azmış kimi Amerika Ermənistana cəbhə bölgəsində bizi müşahidə etmək üçün ən müasir cihazlar verir". Ekspert bildirib ki, Rusiya isə aşkar şəkildə Ermənistanı müdafiə edir və onu silahlandırır: "Rusiya Azərbaycana öz istədiklərini diktə etmək üçün Dağlıq Qarabağ məsələsindən geninə-boluna istifadə edir. Görünən odur ki, ATƏT-in Minsk qrupu Ermənistanın təcavüzkarlığına dəstək verir. Belə olan halda Azərbaycanın yenə də dişsiz xarici siyasət yürütməsi olduqca məyusedici və anlaşılmazdır. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun Ermənistana dəstək verən bu hərəkətlərini qətiyyətlə pisləyən və bu hal davam edərsə Minsk qrupundan imtina edilləcəyi haqqında bəyanat yaymalı, Ermənistanın pozucu hərəkətləri ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında ciddi məsələ qaldırmalıdır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın ərazisindən qeyd- şərtsiz dərhal çıxarılması haqqında Təhlükəsizlik Şurasınadan qəti addımlar atması tələb olunmalıdır. Ancaq təəssüflər olsun ki, biz bunları XİN-nin fəaliyyətində görmürük. Hesab edirik bütün xalq ayağa qalxmalı Ermənistana etiraz etməli, bütün dünyanın diqqətini Qarabağ məsələsinə yönəltməlidir". Rövşən Məmmədli deyib ki, Qarabağın və aran Zəngəzurun erməni işğalından qurtulması üçün bütün ölkə bir vücud halına gəlməli və hər kəs, hər orqan bu yolda öz işini yüksək səviyyədə həyata keçirməlidir: "Azərbaycan erməni yalanlarını ifşa etməli, onun işğalçı sifətini dünyaya tanıtmalı, Qarabağla bağlı çevik siyasət aparmaqla Ermənistanı çıxılmaz duruma salmalıdır. Bu gün Dağlıq Qarabağla aran Zəngəzurun işğaldan azad olunması məsələsi Azərbaycan xalqının tale məsələsidir. Bu məsələ uzandıqca, bu uzanmaqda maraqlı olan erməni liderlər yeni-yeni iyrənc niyyətlərlə ortaya çıxır və çıxacaqlar. Onlar böyük dövlətlərin dəstəyini almaq üçün yüz cildə girirlər. Dağlıq Qarabağla aran Zəngəzurun azad olması məsələsi 10 il, 20 il bundan öncə daha asan həll oluna bilərdi. Ancaq bundan sonra da ləngisək bir gün İrəvanın küçələrində nüvə başlıqlarının da nümayiş etdirilməsinin şahidinə çevrilə bilərik. Odur ki, bu məsələdə qəti söz deməyin vaxtıdır və gecikmək bizim üçün fəlakətli ola bilər". Ekspert hesab edir ki, bu gün Azərbaycan bütün parametrləri üzrə Ermənistandan üstün durumdadır və müharibə başlayacağı təqdirdə qısa müddət ərzində işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qsdirdi: "Bunu bütün dünya da bilir. Ona grə də Ermənistana ciddi şəkildə dəstək verilir".