Azərbaycanın ərəb dünyası ilə də əlaqələri yüksək səviyyədədir Siyasət

Azərbaycanın ərəb dünyası ilə də əlaqələri yüksək səviyyədədir

Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri Azərbaycan-Misir əlaqələrinin inkişafında yeni mərhələ oldu.
Azərbaycanla Misir arasında əlaqələrin tarixi xarakter daşıması və hazırkı siyasi əlaqələrimizin yüksək səviyyədə olması ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi oldu.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, bu, qarşılıqlı səfərlərin sayəsində baş tutdu.
İkitərəfli əlaqələrin tarixi xarakteri 1994-cü ildə Misirə səfər edən Ulu öndər Heydər Əliyevlə başlayıb. Bu əməkdaşlıq özünü sonralar İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq formatlarda sıx əməkdaşlıq və bir-birilərini dəstəkləməklə davam edib. Azərbaycan və Misir islam həmrəyliyinin güclənməsinə verdiyi töhfələr xüsusi yer tutur.

İki dövlət arasında mövcud olan iqtisadi-ticarət potensialı əlaqələrin inkişafında mühüm rol oynayır.

Energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafında maraqlı olunduğu vurğulanıb. Misir həm 100 milyondan artıq əhalisi olan böyük bazar, eyni zamanda, strateji coğrafiyada yerləşən və Afrika, Yaxın Şərq və digər regionlara çıxış imkanı olan ölkədir:

"Azərbaycan islam həmrəyliyinə daim töhfə verən ölkə kimi daim İslam dünyasının diqqətində olan məsələlərə böyük önəm verir. Azərbaycanın Fələstin məsələsində də həmişə mövqeyi birmənalı olub. Azərbaycan Fələstin məsələsinin 1967-ci il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır.

Azərbaycanın xarici siyasətinin unikallığı ondadır ki, istər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə münasibətlər dünya konyukturuna bu qeyd edilən ölkə və regionlarda qarşılıqlı olaraq gərgin, hətta müharibə həddində olsa da, Azərbaycan onların hamısı ilə normal münasibətdədir. Heç bir gərginlik yoxdur. Azərbaycan Prezidentinin Misirə səfəri də onu göstərdi ki, Azərbaycanın ərəb dünyası ilə də əlaqələri yüksək səviyyədədir.

Cavid