
Rasim Musabəyov: "Rəsmi Moskvanın ənənəvi mövqeyini açıqlayıb"
Üzeyir Cəfərov: "İlk dəfə illərlə gizli saxladıqları məkrli Kreml planlarını açıqladılar"
Azər Verdiyev: "Rusiya XİN rəhbərinin dediyi heç bir fikir təsadüfi deyil"
Cümşüd Nuriyev: "Bu o deməkdir ki, Lavrov öz erməni soykökünə qayıdıb və bir erməni olduğunu gündəmə gətirir"
Məhəmməd Əsədullazadə: "Bir daha aydın olur ki, cəbhədə növbəti təxribatının arxasında Kreml durur"
"Rusiya ATƏT məkanında böhran həllində həlledici rol oynaya bilər". Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Kurts deyib.
Qeyd edək ki, Moskvada Avstriyanın xarici işlər naziri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov görüşüblər. Nazirlər görüş zamanı Suriyadakı vəziyyət, Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Amma maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağqlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli və təhdidedici açıqlama verib. Bununla da diplomat əslində münaqişədə tərəf olduqlarını ifadə edib.
Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlamasında yeni heç nə deməyib, rəsmi Moskvanın ənənəvi mövqeyini açıqlayıb: "Biz dəfələrlə demişik ki, ermənilərin arxasında Rusiya dayanır". O qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqidir: "Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündürmü?! Əlbəttə ki, yox. Məgər biz Lavrovdan "Qarabağda nə istəyirsiniz edin, bizlik deyil" cavabını gözləyirdik?! Ona görə də bir daha təkrar etmək istəyirəm ki, burda heç bir yenilik yoxdur. Əgər Rusiyanın dəstəyi olmasaydı, biz çoxdan münaqişəni həll etmişdik".
Millət vəkili əlavə edib ki, Azərbaycana böyük müharibə aparmağa imkan vermirlər: "Amma heç bir ölkə Azərbaycana daim ermənilərə təzyiq etmək, işğalçı ölkəni iqtisadi, diplomatik hərbi cəhətdən gərgin vəziyyətdə saxlamağa mane ola bilməz. Hansı tərəfin bu gərginliyə gücü çatmayacaqsa, o da uduzacaq".
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, bu illər ərzində ilk dəfə idi ki, məhz ermənilərin havadarları olan ruslar nəhayət, illərlə gizli saxladıqları, Azərbaycanın tam əleyhinə olan məkrli Kreml planlarını açıqladılar. "Hər bir işdə zərərlə yanaşı, bir xeyir olur"- el misalını xatırladan hərbi ekspert bildirib ki, Azərbaycan dövləti olaraq ATƏT-in bivec Minsk qrupunun həmsədr ölkələri olan Amerikadan və Fransadan Rusiyanın yol verdiyi özbaşınalığa və BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnamələrinin üstündən xətt çəkdiyinə görə, özünün də vaxtilə səs verdiyi sənədləri şübhə altına aldığına görə konkret mövqe, münasibət tələb etməliyik: "İstənilən halda, faktiki ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməli, açıq və aydın şəkildə işğalçıya dəstək verdiyinə görə Rusiya Federasiyasının bu qrupdan çıxarılmasına təşəbbüs göstərməliyik. Hiss edirəm ki, Rusiya siyasi-hərbi rəhbərliyi bu gün Qarabağ məsələsində Ermənistanı məmnun edəcək, cəbhədə daha da gərginliyə yol açacaq bir mövqe sərgilədi. Bunun ardınca isə çox, lap dəhşətli hadisələrin olacağını düşünürəm".
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, icmalçı Azər Verdiyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində 3 açar varsa biri və ən önəmlisi Rusiyadadır: "Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlama haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb". "Azərbaycanla strateji tərəfdaş olan Rusiyanın XİN rəhbərinin söylədiyi fikirlər isə birmənalı şəkildə qınanmalıdır. "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil" fikrini Lavrov hansı curətlə söyləyib? Bu təsadüfdür, yoxsa yeni siyasi oyuna keçiddir? Hesab edirəm XİN rəhbərinin dediyi heç bir fikir təsadüfi deyil. Lavrov kifayət qədər peşəkar diplomatdır. O, çox gözəl başa düşür ki, dediyi hər söz diqqətlə izlənilir. Belə olan təqdirdə Lavrovun antiazərbaycan çıxışı onu deməyə əsas verir ki, ortada yeni siyasi oyun planı cızılır. Bundan başqa Lavrovun erməni sevdası da heç kimə sirr deyil. Adam qəti şəkildə erməni maraqlarının müdafiəsində dayanıb. Bu adamdan zatən başqa bir yanaşma da gözləmək yalnışlıq olardı. Ancaq bir daha deyirəm ki, Lavrov Rusiyanın ən ali, rəsmi nümayəndəsidir. Onun dediyi hər söz həm də təmsil etdiyi ölkənin mövqeyini sərgiləmiş olur. Hesab edirəm Rusiya bu məsələ ilə bağlı rəsmi mövqe bildirməlidir"
Politoloq Cümşüd Nuriyev "Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrovun bəyanatı məni bir qədər çaşdırıb. ATƏT-in həmsədri olan bir ölkənin XİN rəhbərinin birdən-birə Dağlıq Qarabağ və ətraf rayonlarının azad olunması ilə bağlı əndrəbadi bəyanatı artıq o deməkdir ki, Lavrov öz erməni soykökünə qayıdıb və bir erməni olduğunu gündəmə gətirir", - deyə bildirib. Politoloqun sözlərinə görə, bütün bunlar Madrid, Kazan prinsiplərində var və Sank-Peterburq görüşündə razılaşdırılıb: "Bu günə qədər bu məsələ bütün danışıqların əsas predmeti olub. Masaya yatızdırılıb ki, əvvəl ətraf rayonlar azad olunmalıdır sonra bu məsələ gündəmə gətirilməlidir. Amma Rusiya yenə də öz işini görür. Onlar bir qədər ehtiyat etdilər ki, birdən ABŞ-ın mövqeyi dəyişər. Rusiya bir növ həm də ortaya qoydu ki, guya ABŞ-ın, Fransanın və Rusiyanın ayrı mövqeyi var. Bu o deməkdir ki, Dağlıq Qarabağın özü və ətraf rayonların azad olunması məsələsi hamısı boş söhbətlərdir. Onlar hər zaman çalaşacaqlar ki, bu problemin donu açılmasın. Dondurulmuş Qarabağ problemi onlar üçün sərfəlidir. Mən bu məsələnin açığı sülh yolu ilə həll olunacağına inanmıram. Azərbaycan yenə də aprel döyüşlərini həyata keçirməlidir və ətraf rayonları azad etməlidir. Dünyanın nə deməsi bizi artıq maraqlandırmamalıdır".
Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağda Azərbaycanın müharibə aparmasını daxili işi hesab etmədiyini vurğulaması, göstərir ki, rəsmi Moskva Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etmir: "Sergey Lavrov qeyd edir ki, həll paketlərində işğal olunmuş ərazilərin qaytarılması ilə eyni vaxtda satus məsələsi də həllini tapmalıdır. Amma, yenilənmiş "Madrid prinsipləri " və "Kazan formulu" da status mərhələsi ərazilərin boşaldılmasından sonraya saxlanılması qeyd olunub. Bu illər ərzində danışıqlar, bu səpkidə aparılıb. Görünür, Rusiya qəbul edilmiş həll variantlarını görməməzlikdən gəlir. Rusiya hər vasitə ilə Azərbaycana təzyiq edərək, danışıqlar formatını dəyişmək istəyir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, buradan bir daha aydın olur ki, danışıqların dayanması, Ermənistanın güzəştsiz mövqeyi, cəbhədə növbəti təxribatının arxasında rəsmi Kreml durur: "Qeyd edim ki, işğal olunmuş rayonların qaytarılması ilə bərabər statusun həll olunmasını irəli sürən Rusiyanın mövqeyi, Ermənistanın siyasətini əks etdirir. Rusiyanın Azərbaycanın əleyhinə irəli sürdüyü təkliflər paketi birmənalı olaraq, indiyə kimi aparılan danışıqlara kölgə salmış oldu. Düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyaya nota verməlidir". Təşkilat sədri onu da qeyd edib ki, Sergey Lavrov təcrübəli və münaqişə ilə yaxından məşğul olan diplomatdı. Onun hər hansı bir jurnalistin təxribatına getməsi qeyri-mümkündür: "Aydın şəkildə, Rusiyanın mövqeyin rəsmi Bakıya ünvanladı. Bundan sonra Azərbaycan, Qarabağla siyasətində seçim etməlidir. Qərblə sıx siyasi əlaqələr bunun alternatividir".
Müstəqil ekspert Rövşən Məmmədli isə qeyd edib ki, Rusiyanın erməni əsilli xarici işlər naziri Sergey Lavrov bu günə kimi Dağlıq Qarabağın Azərbaycandan alınması üçün bütün gücü ilə çalışıb. Ancaq bir qədər üstüörtülü, ehtiyatlı şəkildə: "Ancaq hər bir erməni kimi iç üzünü sona qədər gizlədə bilmədi. Mən həmişə vurğulamışdım ki, nə qədər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur, Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi Azərbaycanı qane etməyəcək". Ekspert bildirib ki, Sergey Lavrov heç bir hüquq normasını gözləmədən, beynəlxalq hüquq normalarının tələblərini saya salmadan Qarabağ məsələsinin Azərbaycanın daxili məsələsi olmadığını bildirib: "Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Bu ərazi həmişə Azərbaycanda xalqımızın qurduğu dövlətlərin tərkib hissəsi olub. Burada ermənilər 150-200 ildir Rus imperiyasının maraqlarına uyğun yerləşdirilib və bu halda da Azərbaycan dövlətinin tərkib hissəsi olub. Bütün dünya bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Belə olan halda Sergey Lavrovun bu sayıqlaması yolverilməzdir". Rövşən Məmmədlinin sözlərinə görə, bu hal bir daha onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları əsasında həllində maraqlı deyillər və aşkar ermənipərəst mövqe nümayiş etdirirlər: "Hesab edirəm ki, Azərbaycan dövləti nəhayət ATƏT-in Minsk Qrupundan qurtulmalı və məsələnin həllini BMT Nizamnaməsi əsasında qeyd edilən təşkilatın məkanında həllinə nail olmalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Azərbaycan üçün arzuolunmaz şəxs elan edilməli, onun Azərbaycana gəlməsinə məhdudiyyət qoyulmalıdır".
Əli