Dövlət Departamenti erməni lobbisinin əsirinə çevrilib Siyasət
ABŞ Azərbaycan hakimiyyətinin iradəsinə təsir edə bilməz
ABŞ konqresmenlərinin və Dövlət Departamentinin anti-Azərbaycan hərəkətləri getdikcə daha açıq xarakter alır. Son günlər Vaşinqton tərəfindən ölkəmiz əleyhinə geniş miqyaslı qərəzli kampaniyaya start verilməsi Bayden administrasiyasının, Blinken diplomatiyasının qatı ermənipərəst mövqeyə keçdiyini göstərir. Amerikalı parlamentarilər sanki “kim daha çox ermənipərəstdir” devizi altında yarışa çıxıblar. Oktyabrın 3-də ABŞ-da 10 senator və Nümayəndələr Palatasının 48 üzvünün Konqresin Ermənistanla iş üzrə komitəsinin həmsədri Frenk Fallon və senator Ed Murkinin dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktuba qoşularaq Ermənistanın revanşist niyyətlərinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd tələbin ABŞ hökumətinin diqqətində olmasının vacibliyini bəyan etmələri və ABŞ-ı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmaları da bu fikrimizi təsdiqləyir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki, ABŞ konqresmenlərinin ölkəmizə qarşı bu cür qərəzli mövqeyini məhz Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi ərəfəsində ortaya qoyması əslində açıq-aşkar şantaj xarakteri daşıyır və erməni lobbisinin sifarişini təcəssüm etdirir. Bəli, sözügedən müraciətin məzmunu onun erməni lobbisinin ABŞ Dövlət Departamentinə sifarişi əsasında hazırlandığını göstərir. Əfsuslar olsun ki, artıq təkcə Konqres üzvləri yox, Dövlət Depatamenti də erməni lobbisinin sifarişlərinin icraçısına çevrilib: “ABŞ Konqresində Azərbaycana qarşı formalaşan düşmən mövqe və onların Ermənistandakı revanşistlərə, Qarabağdan qaçmış separatçı tör-töküntülərə maliyyə yardımı ayrılması barədə təşəbbüslərlə çıxış etməsi bilavasitə Dövlət Departamenti tərəfindən tənzimlənir və yönləndirilir. Yəni ki, Dövlət Departamenti ikibaşlı siyasət yürüdür. Belə ki, Dövlətt Departamentinin rəhbəri, ABŞ Dövlət Katibi Entoni Blinken bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və sülh sazişinin imzalanmasına dəstək verdiklərini bildirir, ancaq o biri yandan isə Dövlət Departamentindən konqresmenlərə Azərbaycana qarşı “hücum” əmri verilir”.
Prezident İlham Əliyev də Cəbrayıl Şəhəri Günündə yerli sakinlərlə görüşündə bu məsələyə toxunaraq Dövlət Departamentinin ikili oyun oynadığını ifşa etdi: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
Ə.Hüseynov vurğulayıb ki, Prezident haqlıdır, bu cür məkrli müraciətdir, çağırışlar bizim iradəmizə təsir edə bilməz. Ancaq Dövlət Departamentinin bu cür kirli oyun oynaması təəssüf hissi doğurur. ABŞ-ın xarici siyasət idarəsi bu cür oyunlara alət olmamalı və erməni lobbisinin pulları hesabına Ermənistanı müdafiə edən konqresmenlərə, regionda yeni münaqişə yaratmağa xidmət edən qızışdırıcı çağırışlara dəstək verməməliydi. Konqresmenlərin ermənipərəst mövqedən çıxış etmələri artıq çoxdan ənənəvi hal alıb. Biz onların heç bir siyasi və hüquqi əsası olmayan ittihamlar və beynəlxalq hüquqa zidd tələblərlə Azərbaycanı təhdid etmələrinə öyrəşmişik. Ona görə də 60 konqresmenin məlum müraciəti bizi əsla təəccübləndirmir. Ancaq peşəkar diplomatiya strukturu olan və hansısa lobbilərin yox, məhz ABŞ-ın strateji dövlət maraqlarını qorumaq vəzifəsini daşıyan Dövlət Departamentinin bu cür çirkin oyunlara bulaşması olduqca xoşagəlməz haldır: “Görünən budur ki, özlərini “ədalət və demokratiya carçıları” adlandıran Demokratlar Partiyasının Konqresdəki üzvləri Bayden hakimiyyətinin son anlarında fürsətçilik edib erməni lobbisinin maraqlarını təmin etməyə və lap son anda da Azərbaycana qarşı məkrli niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Yəqin onlar Demokratların namizədi K.Harrisin qalib gəlməyəcəyini bildikləri üçün bu cür əl-ayağa düşüblər. Ancaq heç olmasa, peşəkar diplomat və strateq olan Entoni Blinken dərk etməlidir ki, bir qrup lobbiçi konqresmenin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışları ilk növbədə ABŞ-ın özünün dövlət maraqlarına zidddir.
Müharibə canilərinin azadlığa buraxılmasına və Ermənistanın silahlandırılmasına çağırış edən ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün Entoni Blinkenə göndərdiyi müraciət həmçinin beynəlxalq hüquqa da ziddir. ABŞ dövləti erməni lobbisinə və və bu lobbinin nökərinə çevrilmiş konqresmenlərə görə Azərbaycanla münasibətləri korlamamalıdır. Ölkəmizlə ikitərəfli münasibətlərin bərabərhüquqlu şəkildə davam etdirilməsi ilk növbədə ABŞ-ın Cənubi Qafqazdakı öz maraqlarına uyğundur. Bu adi həqiqəti anlaması üçün Blinkenin kifayət qədər təcrübəsi var”.
Siyasi şərhçi Fuad Əliyevin fikrincə, ABŞ həmişə Azərbaycana qarşı ikili standartlardan çıxış edib. O, qeyd edib ki, ABŞ Dövlət Departamenti bu dəfə də ermənipərəst simasını ortaya qoydu. Azərbaycanın işğalçı Ermənistan üzərində 44 günlük qələbəsi okeanın o tayında da narahatlıq yaradıb.
F.Əliyev vurğulayıb ki, ABŞ həmişə Azərbaycana qarşı ikili standartlardan çıxış edib:
"Bayden administrasiyasının rəsmi Bakıya mövqeyi, ABŞ Dövlət Departamenti konqresmenlərin erməni biznesmenləri tərəfindən ələ alınması göz önündədir. Azərbaycan COP29-a hazırlaşır. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət isə bu möhtəşəm tədbirə kölgə salmaq cəhdidir. Sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhə yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-ın ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir".
F.Əliyev deyib ki, belə anti-Azərbaycan təbliğatı rəsmi Bakını haqlı mövqeyindən geri çəkindirməyəcək.
Politoloq Azər Qasımov isə deyib ki, ABŞ dövlət strukturlarının bir-birinə məktub yazmaqla dövlət siyasətinə yön verməsini istəməsi gülünc doğuran haldır. ABŞ dövləti özünün etdiyini başqasına rəva bilməyən dövlətdir. ABŞ demək istəyir ki, kimsə mənim kimi hegemonluq edib, icazəsiz öz istədiyini edə bilməz, əgər bu, beynəlxalq hüquqla təsdiq olunsa belə. Yəni, Azərbaycan öz suverenliyini bərpa edərkən ABŞ Konqresinin üzvlərindən icazə almalı idi. ABŞ demək istəyir ki, Azərbaycan ona qarşı 30 ildən çox cinayət törədib, soyqırım etmiş, ərazilərinin 20%-dən çoxunu işğal edib, milyondan çox insanı qaçqın və məcburi köçkün edən qatillərin cəzasını verə bilməz. Onlara cinayətkar adı qoya bilməz.
A.Qasımov qeyd edib ki, ABŞ dövlətinin bu qədər aciz və gücsüz olduğunu bilməzdik:
"Biz, hesab edirdik ki, ABŞ dövləti güclü, qanuna hörmət edən, doğruya doğru, yanlışa yanlış deyən hegemon dövlətdir. Bunun üçün də illərdir ABŞ-la əməkdaşlıq yolu tutmuşduq. Amma, artıq görür və başa düşürük ki, ABŞ dövlətini bir qrup konqresmen adı qoyulmuş lobbiçi dələduzlar idarə edirmiş.
Onların sözü ABŞ Dövlət Departamentinin rəhbərliyi üçün qanun hökmündə imiş. Azərbaycan dövləti bu haldan çox məyus olduğunu bildirməklə yanaşı, ABŞ-ın Azərbaycana qarşı irəli sürdüyü iddiaları rədd edir, bunun qərəzli və ikiüzlü olduğu qənaətini bildirir.
Azərbaycan dövləti isə beynəlxalq hüququn, xüsusən də, BMT-nin dörd qətnaməsini həyata keçirməyi bacarmayan bir beynəkxalq təşkilatın nüfuzunu qoruyan və onun qətnamələrini həyata keçirən ölkə kimi nə ABŞ-ın, nə də ona köləlik edən Fransa kimi dövlətin iddialarına sakit baxmaq fikrində deyil.
Azərbaycan dövləti son dəfə ABŞ-a xəbərdarlıq etməklə özünün ABŞ-la münasibətlərinə yenidən baxmaq çağırışlarını gündəmdə saxlayacağı artıq ciddi hal alacaq.
ABŞ regionun əldədüzəltmə ölkəsi olan Ermənistana özünün siyasətinə yön verən ölkə kimi baxırsa, bu, onun öz işidir. Azərbaycan isə doğru bildiyi yoldan geri durmayacaq. Ermənistanla sülh bizdən çox onlara lazımdır. Bunu unutmasınlar. Unutduqları beynəlxalq qanunları Ermənistana başa salan Azərbaycan bunu hər zaman yenə də edə bilər, arxasında kimin durmasından asılı olmayaraq".
Cavid