Lapşinin hüquqlarını qoruyan Rusiya, Dilqəm də sənin vətəndaşın deyilmi? Siyasət

Lapşinin hüquqlarını qoruyan Rusiya, Dilqəm də sənin vətəndaşın deyilmi?

Arzu Şirinova

Azərbaycanın ərazi bütövlüyünü tanımayan, suverenliyini şübhə altına alan və Dağlıq Qarabağdakı separatçı rejimin dəstəkçisi, sözçüsü olan, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən Rusya vətəndaşı Aleksandr Lapşin əlləri qandallı Bakıya gətirildi. Belarusiyanın bu siyasi iradəsi və prezident Lukaşenkonun haqqı-ədaləti müdafiə etməsi Ermənistan kimi Rusiyanı da qəzəbləndirib. Belə ki, Lapşinin ekstradisiyasının səhəri Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Həmin bəyanatda deyilir:"Əldə olunan məlumata görə, fevralın 7-də Belarus Respublikasının Ali Məhkəməsi qapalı rejimdə Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarus Prokurorluğunun qərarından şikayətini təmin etməyib. Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir. Rusiya öz vətəndaşının tezliklə öz ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək".
Hər zaman Ermənistanın maraqlarını qoruyan və forpost ölkəyə dayılıq edən Rusiya nədən vətəndaşı Lapşinin haqlarını, hüquqlarını qorumağı özünün borcu bilir, ancaq 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin haqlarına göz yumur? Halkbuki girovlardan biri-Dilqəm Əsgərov Rusiya vətəndaşıdı. Əgər vətəndaşının taleyi onu narahat edirsə ikili standartlardan çıxıb Dilqəmin də hüquqlarını müdafiə etməlididir. Ancaq etmir, çünki Dilqəm Azərbaycan türküdür və o öz ata-baba yurduna gedərək dünyaya sübut edib ki, bu yerlərdə onun əcdadları uyuyur, onun yurdudur, erməniyə heç bir aidiyyatı yoxdur. Bu davranışlar da sözsüz ki, Azərbaycana sözdə dost münasibəti göstərən, ancaq əməlində işğalçı Ermənistanın maraqlarını qoruyan, Azərbaycanın torpaqlarının işğalı zamanı ermənilərə maddi, mənəvi, eləcə də hərbi qüvvə dəstəyi verən, əsirlərdir Azərbaycanın torpaqlarının hissə-hissə bölünməsində iştirak edən və bu hissələrdən birində də ermənilərə dövlət yaradan Rusiyanın maraqlarına ziddir.
Bloqer Lapşin isə, əksinə fəaliyyətilə tam olaraq Rusiyanın maraqlarına xidmət edib. Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.
Bu gün Rusiya əlini işğalçı Ermənistanın kürəyindən çəksə sabah, biri gün torpaqlarımızın bir qarışı belə işğal altında qalmaz . Azərbaycan öz hərbi gücü hesabına işğal altındakı 20 faiz torpaqlarını azad edər, eləcə də Xocalı soyqırımında əli olanları, başda Zori Balayanları, Dağlıq Qarabağda əlləri Azərbaycan türkünün qanına bulaşan və bunun da nəticəsində hakimiyyətə gələn Köçəryanları, Sarkisyanları əlləri qandallı paytaxt Bakıya gətirər və mühakimə edər. Ancaq Rusiya buna imkan vermir, çünki maşası olan Ermənistan vasitəsilə maraqlarını yeridir.
Lapşinin ekstradisiyası isə sübut edir ki, bu maraqların dairəsi hər zaman genişlənə bilməz. Və bir gün bu maraqlara son verilə bilər. Necə ki verildi-Lapşin əlləri qandallı Azərbaycana gətirildi. Azərbaycan bütün dünyaya sübut elədi ki, onun ərazi bötövlüyünü şübhə altına alan, suverenliyini tanımayan, Azərbaycanın əleyhinə çağırışlar edən, sərhəddini pozaraq separatçılarla işbirliyi quran hər kəs-Rusiya vgətəndaşı da olsa belə- qanun qarşısında cavab verməlidir.