“Minsk qrupunun həmsədrləri öz mövqelərini Ermənistanın mövqelərinə uyğunlaşdırırlar” Siyasət

“Minsk qrupunun həmsədrləri öz mövqelərini Ermənistanın mövqelərinə uyğunlaşdırırlar”

Akif Nağı:"Həmsədrlərin proseslərə münasibəti bununla bağlıdır"

"Ermənistan hərbçiləri tərəfindən cəbhədə təxribatların artması artıq ona dəlalət edir ki, Sarkisyan hakimiyyəti çətin bir vəziyyətdədir. Ermənistan prezidenti çıxış yolları axtarmaq üçün çapalayır". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Sədrin sözlərinə görə, bu gün ölkənin daxilində çox böyük gərginlik var: "Rəsmi İrəvanda keçiriləcək seçkilər ərəfəsində bu özünü daha qabarıq göstərir. Sarkisyan ən müxtəlif üsullara, formalara əl atır ki, situasiyanı nəzarətdən çıxarmasın. Bunun digər forması isə cəbhədə gərginliyi artırmaqdır. Onlar bu yolu seçərək müxtəlif təxribatlar törədirlər. Əsas ölkənin daxilindəki vəziyyətə nəzarət və təsir etməkdir. Hər hansı bir hadisə baş verən zaman o saat Sarkisyan rejimi diqqəti ona yönəldir ki, cəbhədə gərginlikdir və s. Amma onlar düşünməlidirlər ki, bu onların öz ziyanına işləyir.
Ümumiyyətlə, biz hər zaman şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri öz mövqelərini Ermənistanın mövqelərinə uyğunlaşdırırlar. Əgər rəsmi İrəvan deyirsə ki, Ermənistan-Azərbaycan prezidentləri görüşsün, vacibdir, lazımdır və s. amma həmsədrlər hay-huyla görüşün vacibliyini vurğulasalarda oranı tərk etməyə çalışırlar. Onlar Ermənistan tərəfi görüşdən yayınan kimi işğalçı ölkəni ittiham etməmək üçün burada da sözdən, mövqedən qaçırlar və heç bir münasibət bildirmirlər. Bir sözlə, həmsədrlərin proseslərə münasibəti bununla bağlıdır. Əgər bu gün Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan qaçırsa, təbiidir ki, onun danışıqlarda deməyə sözü yoxdur".
Millət vəkili Asim Mollazadə isə deyib ki, ermənilər hər gün atəşkəs rejimini pozur və təəssüflər olsun hərbçilər, mülki şəxslər bu atəşkəs rejiminin pozulmasının qurbanına çevrilir: "Düzdür, Azərbaycanın Silahlı Qüvvələri ermənilərin hər cür təxribatının qarşısını alır və onların layiqli cavabını verir. Buna baxmayaraq, Ermənistan öz siyasətində dəyişiklik etmir və İrəvan beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Burada söhbət artıq hansısa dondurulmuş münaqişədən getmir". "Ermənilərin bu təxribatları genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilərmi" sualına cavabında isə A.Mollazadə deyib ki, bu gün Silahlı Qüvvələrimiz yetərincə güclü olduğundan ermənilərin genişmiqyaslı hərbi əməliyyatlara başlayacağına ümid etmir: "Ancaq istisna da etmirəm. Müstəqilliyini itirən Ermənistanın xarici havadarları ona əmr edəndə belə bir addıma gedə bilərlər. Hələlik bunun üçün heç bir əsas yoxdur". Fransa prezidenti Fransa Ollandın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, millət vəkili deyib ki, Olland artıq iflasa uğramış bir siyasətçidir: "O, partiyasının nüfuzunu bərpa etmək üçün erməni icması ilə görüşdə onlardan maliyyə dəstəyi almaq üçün beynəlxalq hüquq normalarına zidd olaraq, belə bir fikir səsləndirib. Bu, bir daha onun daxili mahiyyətini göstərir. Maliyyəyə görə o beynəlxalq hüquq normalarını pozmağa və ona tüpürməyə hazır oldğunu göstərib".
Millət vəkili Rasim Musabəyov isə cəbhə xəttində yaranmış gərginliyin genişmiqyaslı hərbi əməliyyatlara keçməsini istisna etməyib: "Elə keçən il də aprel döyüşləri öncəsi cəbhə xəttində belə gərginlik yaranmışdı və nəticədə genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxardı. İndi münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin dondurulmasını nəzərə alsaq, o zaman gərginlik bundan sonra daha da artacaq". Fransa prezidenti Fransua Ollandın səsləndirdiyi fikirlərə gəldikdə isə millət vəkili deyib ki, o, artıq pensioner olduğundan ağzına gələni danışır. "Onun artıq iki ay müddəti qalıb. Ondan sonra prezident olmayacaq. Ona görə də belə məsuliyyətsiz fikirlər səsləndirir. Əgər əvvəllər dediyi sözüə görə hansısa reaksiya veriləcəyindən ehtiyatlanırdısa, indi o belə bir məsuliyyət daşımır. Ən azından burada yetərincə frnasız şirkətləri fəaliyyət göstərirdi və Fransa ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsində maraqlı deyildi. İndi isə gözünü yumub, ağzını açıb".
Millət vəkili Rövşən Rzayevin sözlərinə görə, Fransa prezidentinin söylədiyi fikirlər ədalətdən kənar, eləcə də erməni diasporunun təkidi altında verilən bəyanatdır: "Aprel ayında Fransada yeni seçkilərin keçiriləcəyini xatırladan millət vəkili qeyd edib ki, Olland belə ifadələr işlətməklə erməni diasporunun təkidi ilə seçkilərdə müəyyən uğur qazanmaq niyyətindədir: "Olland kimi nüfuzlu şəxsin belə bir hərəkətə yol verməsinə təəssüflənirəm. Düşünürəm ki, bu, onun ən kobud səhvidir. Prezident olan bir şəxs bu cür ədalətsiz mövqe nümayiş etdirməməlidir. Bu yanlış və narahatedici bir haldır". Minsk qrupu formatının dəyişdirilməsi məsələsinə münasibət bildirən millət vəkili qeyd edib ki, formatın dəyişdirilməsi Azərbaycanın xeyrinə işləməyəcək: "Minsk qrupu formatının dəyişdirilməsi digər məsələlərə gətirib çıxara bilər. Bu baxımdan formatın dəyişdirilməsi ilə əlaqədar hər hansı məsələnin qaldırılmasına lüzum yoxdur. Çünki bu bizim xeyrimizə olmayacaq".