“Ollandın səfərini Bakıdan başlaması məntiqlidir” Siyasət

“Ollandın səfərini Bakıdan başlaması məntiqlidir”

Rasim Musabəyov: "Amma onun gəlişinin Qarabağ konfliktinin həllində ciddi irəliləyişlərə səbəb olacağını gözləmək sadəlövhlükdür"
Elxan Şahinoğlu: "Ollandın münaqişənin həllində yeni nəsə təklif edəcəyini gözləmək çətindir"

Xəbər verildiyi kimi Fransa prezidenti Fransua Olandın Azərbaycanda rəsmi səfərdə olub. Ollandın Azərbaycana və bütövlükdə Cənubi Qafqaza səfəri Fransa mətbuatının əsas müsakirə mövzusuna çevrilib.
Fransalı analitik Fransua Klemenso bu səfəri "minalanmış ərazidə gəzinti" adlandırıb və bildirib ki, Ukrayna ətrafında böhran dərinləşdikcə Cənubi Qafqaz regionunun Avropa üçün əhəmiyyəi daha da artır: "Gürcüstan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Assosiasiya sazişi imzalamağa hazırlaşır. Rusiya isə çox güman ki, bu sazişin imzalanmasına imkan vermək niyyətində deyil". Fransalı təhlilçi 2008-ci ilin avqust müharibəsi zamanı da Fransanın işə qarışdığını, prezident Nikolya Sarkozinin Rusiya ilə Gürcüstan arasında atəşkəsin imzalanmasına nail olduğunu da xatırladıb.
Klemenso Azərbaycanın Avropa İttifaqı üçün artan əhəmiyyətindən bəhs edərək qeyd edir ki, Avropa Rusiya qazından asılılığı azaltmaq üçün Azərbaycan qazına ümid edir.
Politoloq Rasim Musabəyov isə bildirib ki, Fransa nüfuzlu dövlətdir: "Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən, Avropa Birliyində söz sahiblərindən biridir. Almaniya ilə Fransa Avropa Birliyində siyasəti formalaşdırır. Təbii ki, bu istiqamətdə Azərbaycanla Fransa arasında müzakirə üçün kifayət qədər mövzu var. Amma onun gəlişinin Qarabağ konfliktinin həllində ciddi irəliləyişlərə səbəb olacağını gözləmək bir az sadəlövhlükdür".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Fransa prezidenti Fransua Olland Cənubi Qafqaza rəsmi turnesi çərçivəsində ilk olaraq Azərbaycana gəlib: "Halbuki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2011-ci ildə Cənubi Qafqaza səfəri çərçivəsində ilk olaraq İrəvana getmişdi. Sarkozinin 3 il öncə Bakıya səfəri narazılıqlarla da yadda qalmışdı. Çünki Nikola Sarkozi Ermənistanda tam bir gün qalsa da, Bakıya gəlişindən cəmi iki-üç saat sonra Tiflisə yollanmışdı. Bu dəfə isə səfərin Bakıdan başlaması müsbət jest kimi qiymətləndirilə bilər. Əslində burada bir qədər qanunauyğunluq da var. Fransanın Cənubi Qafqaz ölkələri içərisində iqtisadi zəmində ən sıx münasibətləri olan ölkə Azərbaycandır. İqtisadi münasibətləri nəzərə alsaq, Ollandın səfərini Bakıdan başlaması məntiqlidir".
Politoloq deyib ki, əsas mövzular enerji və iqtisadi əməkdaşlıq, humanitar işbirliyi, Dağlıq Qarabağ münaqişəsi, insan haqları və Azərbaycan-Avropa Birliyi münasibətləri olfcfq: "Bunlardan sözsüz, enerji və iqtisadi əməkdaşlığın genişlənməsi Fransa üçün daha önəmlidir. Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr təxminən 5 ildir ki, dinamik inkişaf edir. Azərbaycan prezidenti İlham Əliyev Avropa ölkələri içərisində ən çox Fransa ilə sıx iqtisadi münasibətlərin qurulmasına çalışır. Sarkozinin Bakıya səfərindən bir il sonra 2012-ci ildə Parisə gedən İlham Əliyev iki ölkə arasındakı qarşılıqlı ticarət həcminin 5 milyard dollara yaxınlaşdığını vurğulamışdı. İlham Əliyev Azərbaycanın enerji resurslarından asılılığını azaltmaq üçün iqtisadiyyatın digər sahələrinin inkişafını sürətləndirməyə çalışır. Bu məqsədlə prezident İlham Əliyev Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymalarına çalışır. Azərbaycan prezidenti Fransa şirkətlərini Azərbaycanda həm də podratçı kimi görmək istəyir.
Ancaq enerji əməkdaşlığında ara-sıra problemlər də yaranır. Bu sahədəki durumu "güllük-gülüstanlıq" kimi dəyərləndirmək də yanlış olardı. Fransa Azərbaycanda iki böyük şirkəti ilə təmsil olunur - "Total" və "GDF-Suez". Bu iki şirkət Azərbaycanın uzunmüddətli tərəfdaşıdır. "Total" Fransa dövlətinin ən böyük vergi ödəyicilərindəndir. Ona görə də, Paris belə bir şirkətin Azərbaycanda qazanc əldə etməsində maraqalıdır. 3 il bundan əvvəl "Total" "Abşeron" yatağında 350 milyard kubmetr qaz kondensatı aşkar etmişdi. Buna baxmayaraq, son aylarda "Total" şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı bəzi suallar yaranıb. Məsələn, bu ilin fevral ayında "Total" şirkətinin Xəzərdəki ən iri qaz layihəsi - "Şahdəniz"i tərk edəcəyi xəbəri yayıldı. Bunun arxasında nə dayandığı açıqlanmadı. Hətta iş o yerə çatıb ki, Azərbaycan Dövlət Neft Şirkəti "Total"ın payını almaq haqqında ciddi düşünür. Fransa şirkəti "Şahdəniz" layihəsində 10 faizlik paya malikdir. "Total" TANAP layihəsinə daxil olmaqdan da imtina edib. Ona görə də, İlham Əliyevlə Fransua Olland arasındakı görüşdə "Total" şirkətinin siyasəti müzakirə oluna bilər. Çünki əgər "Total" şirkəti Azərbaycandakı fəallığını azaldarsa, bu, Fransa-Azərbaycan enerji əməkdaşlığına mənfi təsir edəcək".
O, həmçinin Fransua Olland ATƏT-in Minsk Qrupu həmsədr ölkəsinin prezidenti kimi Bakıda və İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında danışacaq: "Ancaq Ollandın münaqişənin həllində yeni nəsə təklif edəcəyini gözləmək çətindir. Yenilik o olar ki, Olland Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə keçirməyi təklif etsin. Bu, müəyyən qədər bizim də maraqlarımıza cavab verir. Çünki Ukraynada baş verənlər qanlı olayların fonunda Dağlıq Qarabağ danışıqlarını Rusiyanın inhisarından qurtarmaq lazımdır. Əlbəttə, bu o demək deyil ki, danışıqlar ABŞ və ya Fransa ərazilərinə keçirilərsə, bu danışıqları uğura aparacaq. Hər halda, Vaşiqnton və Paris Rusiyanın Cənubi Qafqazda hansı dağıdıcı rola malik olduğunu anlayır və bunun qarşısını almağın yolları haqqında düşünür. Bu amilin özü belə bizim xeyrimizədir".

Əli