«Qərbin Qarabağla bağlı hazırkı mövqeyi açıq şəkildə Rusiyanın xeyrinədir» Siyasət

«Qərbin Qarabağla bağlı hazırkı mövqeyi açıq şəkildə Rusiyanın xeyrinədir»

Son illər Ermənistan və Azərbaycan arasında yaşanan bəlli hərbi-siyasi toqquşmalar fonunda Rusiyanın meydanda təkbaşına ən mühüm səviyyələrdə danışıqları təşkil etməsi başa düşüləndir. Çünki Cənubi Qafqazda proseslərə təsir göstərmək üçün real imkanlara malikdir.
Bu sözləri millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, indiki halda, özəllikə də son bir ildə Azərbaycanın hərbi üstünlüyü açıq şəkildə ortadadır:
"O biri yandan aprel döyüşlərinin Ermənistanda doğurduğu hüznü, antirusiya ovqatını hələ də tam ortadan qaldırmaq mümkün olmayıb. Belə şəraitdə rəsmi Moskva tərəfindən elə bir tədbir həyata keçirilə bilməz ki, proses 1990-ci illərin savaşındakı nöqtəyə qayıtsın. Bunu özlüyündə sadəcə hansısa bir paytaxtdan göstərişilə deyil, hərbi əməliyyatlarla təmin etmək mümkündür. Ona görə də reallıqda Rusiya həm xarici işlər, həm də müdafiə nazirləri vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamağa çalışır. Əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistanın Fransanın və ABŞ-ın iradəsindən kənarda xüsusi bir planının olduğunu düşünmürəm. Çünki Kremldə çox yaxşı bilirlər ki, regionda müxtəlif layihələri həyata keçirmək üçün mütləq Avropa dairələri ilə hesablaşmağa məcbursan. Ancaq məsələnin önəmli bir tərəfi var ki, Rusiya bu prosesdə öz həlledici rolunu saxlamağa çalışır".
Millət vəkili bildirib ki, Ukrayna, Suriya və Qərblə münasibətlərin yaxşı olmadığı bir vaxtda dördüncü və ya beşinci cəbhənin açılması Kremlin mənafelərinə uyğun gəlməz:
"Belə olan şəraitdə prosesləri mütləq dondurmaq və ya neytrallaşdırmaq lazımdır. Halbuki indi cəbhədə gündəlik verilən məlumatlar sübut edir ki, 2010, 2011, hətta ondan əvvəlki illərlə müqayisədə gərginlik qat-qat artıb. Azərbaycan hava hücumundan müdafiə sistemlərini hərəkətə gətirib Ermənistanın raket qurğularını məhv edirsə, bu, o deməkdir ki, proses hər an nəzarətdən çıxa bilər".
Z.Orucun sözlərinə görə, Moskva müdafiə nazirlərinin görüşü ilə ilk növbədə hər iki tərəfə verilən silahların neytral bir mövqe alacağına, bundan istifadə olunmayacağına və təmas xəttində gərginliyi söndürmək üçün tərəflərin müxtəlif öhdəliklər götürəcəyinə dair zəmanət almaq istəyirdi:
"Zənnimcə, Rusiya həll planından, onun detallarını razılaşdırmaq və nazirləri bu prosesə cəlb etməkdən daha artıq dərəcədə İrəvanın rus silahları vasitəsilə döyüşməsini istəmir. Ancaq danışıqlar baş vermirsə, prosesi hərbi vasitələrlə irəli daşımaqdan başqa yol qalmır. O biri yandan ATƏT-in bölgədə müşahidə missiyasını artırmaq üçün təzyiqlərini davam etdirməsi o anlama gəlir ki, Rusiyadan fərqli olaraq, Qərb daha çox beynəlxalq müşahidə işini genişləndirməyə çalışacaq. Baxın, Ukrayna münaqişəsindən fərqli olaraq, Avropa təsisatları maksimum dərəcədə Rusiya ilə Azərbaycanı, Ermənistanın özünü də prosesdən kənarda saxlamaq üçün öz mənafelərinə uyğun olan qüvvələri Ərəbistana yerləşdirmək istəyirlər. Doğrudur, İrəvan artıq son bir ildə dəfələrlə Azərbaycanın müharibə hüququnun əlindən alınması kimi bir termin kəşf edib. Guya biz hanısa xarici təşkilatlar qarşısında öhdəlik götürməliyik ki, hərbi vasitələri heç bir zaman işə salmayacağıq. Görünən odur ki, Qərbin, ATƏT-in əlində olan əsas təsir vasitəsi müşahidə missiyaları ilə bölgədə öz mövqeyini gücləndirməkdir. Halbuki Ukrayna məsələsində Qərb açıq-aşkar Rusiya ilə siyasi savaş aparır, onların beynəlxalq qurumlarda üzvlüyünü dayandırır. Ancaq Qarabağ münaqişəsinə gəldikdə, tamam fərqli bir mövqe tutulmaqdadır".
Millət vəkili bildirib ki, Qərbin Qarabağla bağlı hazırkı mövqeyi açıq şəkildə Rusiyanın xeyrinədir:
"O mənada ki, Azərbaycan və Ermənistan tərəfi hər hansı bir şəkildə Kremlin iradəsi altında bir həll yolu axtarmağa başlayıblar. Çünki bu çözüm ATƏT-ə indiki gerçəklikdə lazım deyil. Hesab edirlər ki, məsələnin bu vəziyyətdə saxlanılması Qərbin regionda mənafelərini sürdürməsi üçün mühümdür. Ancaq əvəzində Rusiya danışqlar prosesini bərpa edib. Hesab edirəm ki, müdafiə nazirlərinin görüşü dövlət başçıları arasında baş tutacaq danışıqların bir mərhələsi kimi qəbul edilə bilər. Reallıqda isə Azərbaycanın Silahlı Qüvvələrinin rəhbərliyi qətiyyən heç bir mərkəzdən erməni təxribatlarının cavabsız qalacağına dair öhdəlik götürən deyil. Bu gün elə bir paytaxt yoxdur ki, ölkəmiz onun qarşısında müharibə variantının işə düşməyəcəyinə dair tələbə imza atsın".