“Ordumuz ən müasir silahlarla təmin olunub” Siyasət

“Ordumuz ən müasir silahlarla təmin olunub”

Elman Məmmədov: "Təbii ki, biz görülən işlərlə kifayətlənmirik"

"Azərbaycanda Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılsa da, Ulu Öndər hakimiyyətə gələnə qədər ölkəmizdə Müdafiə Nazirliyinin, Azərbaycan ordusunun sadəcə kağız üzərində adı var idi. Ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı və qısa müddətdə orduda vahid komandanlıq bərpa olundu. Müxtəlif siyasi xətlərə, qruplara tabe olan silahlı birləşmələr ləğv olundu və Azərbaycan ordusu yaradılmağa başladı". Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. E. Məmmədovun sözlərinə görə, hazırda ordumuzun inkişafı, güclənməsi Ulu Öndərin bünövrəsini qoyduğu inkişaf xəttinin göstərdiyi istiqamətin davam etdiyini göstərir: " Bu gün Azərbaycan ordusu təkcə regionun deyil, dünyanın güclü ordu sıralarında yer tutur. Bunu Azərbaycan demir, bu, beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Ötən ilki beynəlxalq hesabatda göstərilmişdi ki, Azərbaycan ordusu dünyanın güclü orduları sırasında 37-38-ci yeri tutur. Yəni dünyanın bu qədər dövlətləri içərisində Azərbaycan ərazisinin və əhalisinin sayına görə o qədər də böyük dövlət olmasa da, ordumuzun gücü artıq nəzərə alınır".
Deputat qeyd edib ki, bu gün Azərbaycan ordusu yüksək döyüş qabiliyyətinə malikdir: "Ordumuz ən müasir silahlarla təmin olunub və özünün gündəlik döyüş hazırlığını artırır. Bununla biz heç kimi hədələmir və ya qorxutmuruq. Bu, sadəcə olaraq torpaqlarımızı işğaldan azad etmək, dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, təhlükəsizliyimizi təmin etmək üçün Azərbaycan dövlətinin siyasətidir. Təbii ki, biz görülən işlərlə kifayətlənmirik. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, biz ordumuzun gücünü hər gün, hər istiqamətdə artırırıq. Bütün bunları nəzər alaraq əminliklə deyə bilərik ki, Azərbaycan ordusu hər an öz sözünü deməyə hazırdır".