“Dağlıq Qarabağ münaqişəsi siyasi xarakterli olsa da...” Siyasət

“Dağlıq Qarabağ münaqişəsi siyasi xarakterli olsa da...”

Mübariz Əhmədoğlu:"Ermənilər həmişə buna dini don geydiriblər"


"Moskvada dini liderlərin görüşünün təşəbbüskarı Moskva və Bütün Rusiyanın Patriarxı Kiril həzrətləri idi. Hörmətli Patriarx Kiril daim Azərbaycan və Ermənistan dini liderlərinin görüşü təşəbbüsünü irəli sürüb". Bunu politoloq Mübariz Əhmədoğlu bildirib.
O qeyd edib ki, Azərbaycanın dini lideri də erməni dini lideri ilə görüş təklifindən heç vaxt imtina etməyib. Əksinə, özü bu mövzuda daha təşəbbüskar çıxış edib: "İndiki dövrdə Patriarx Kirlin təşəbbüsünün erməni tərəfindən inkar edilməməsinin əsas səbəbi Vladimir Putinin regional sabitlikdə qətiyyətinin göstəricisidir. Kiril həzrətləri ilə V.Putinin isti münasibəti hamıya bəllidir. Amma təkcə bu deyil. Vatikanın birinci diplomatı Parolinin Moskvaya səfəri də Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün baş tutmasında vacib rol oynadı".
Politoloq bildirib ki, Parolin Moskvaya səfəri ərəfəsində onun Moskvada bütün regional münaqişələri müzakirə edəcəyi anons edilmişdi. Vatikan Yaxın Şərqdə xristianların vəziyyətinin düzəldilməsində Rusiya dövlətinin rolunu sarsılmaz hesab edir. Ona görə Vatikan Yaxın Şərqdəki xristianların acınacaqlı vəziyyətini dəfələrlə Rusiyanın hökumət və dini nümayəndələri ilə yüksək səviyyədə müzakirə edib: "20 milyon nəfər hüdudlarında olan xristianların böyük əksəriyyəti Yaxın Şərq regionunu tərk edir. İraq, Suriya və Əfqanıstanda demək olar ki, xristian qalmayıb. Misirdən xristianların axını başlayıb. Livandan tək-tük axın istənilən anda iri miqrasiyaya keçə bilər".
M.Əhmədoğlu vurğulayıb ki, ona görə Yaxın Şərqdəki vəziyyət Rus Pravoslav kilsəsi ilə Vatikanı bu mövzunu daim diqqətdə saxlamağı tələb edir: "SSRİ dağıldıqdan sonra ilk ən iri müsəlman-xristian qarşıdurması Dağlıq Qarabağ münaqişəsi regionunda baş verib. Dağlıq Qarabağ münaqişəsi siyasi xarakterli olsa da, ermənilər həmişə buna dini don geydiriblər. S.Sərkisyan Baş nazir postunda ABŞ-da olarkən Ermənistanı xristianlığın cənubda ən son qalası adlandırdı".
Onun sözlərinə görə, Ermənistan XİN-in koordinatorluğu ilə hazırlanan və xarici mətbuatda dərc olunan bütün yazılarda Ermənistanın xristianlığı qəbul edən ilk dövlət olması xüsusi vurğulanır. Bu həm də S.Sərkisyanın dilində sloqandır. Dağlıq Qarabağın xristian torpağı kimi göstərilməsi də ermənilər üçün adiləşib: "Cənubi Qafqaz İslam və xristian sivilizasiyalarının kəsişmə nöqtəsidir. Yaxın Şərqdəki dini qarşıdurma təməlini Cənubi Qafqazda ermənilərin başladığı müsəlman-xristian münaqişəsindən götürür. Ona görə də Yaxın Şərqdəki xristianların müsəlmanlarla barışığı prosesi də bünövrəsini Cənubi Qafqazdan ermənilərlə azərbaycanlıların barışmasından götürməlidir. Azərbaycanlılar Dağlıq Qarabağda daxil olmaqla Azərbaycanın digər ərazilərində və hətta Ermənistanda ermənilərlə birlikdə yaşamağa hazırdır".
O əlavə edib ki, ermənilərlə azərbaycanlıların uyuşmazlığı məsələsi faşist nəzəriyyəsinin müəllifi, Qarabağ klanının başçısı, eks-prezident R.Köçəryan və indiki prezident S.Sərkisyandır: "Ermənilər xristianlıqdan həmişə sui-istifadə ediblər. O cümlədən konfliktlər ermənilərin qazanc yeridir. O baxımdan ermənilərin Ermənistanın nəyəsə bir şeyə razılıq verməsi inandırıcı görünmür. Bu isə Ermənistanın xristian dünyası qarşısında nüfuzunu itirməyə gətirib çıxaracaq. Amma 3 dini liderin görüşün yekununda qəbul etdiyi bəyannamədə əsas vurğunun Ermənistan və Azərbaycan xalqlarının çiyin-çiyinə yaşamasını vurğulaması da ötəri məsələ deyil".