12:19
476
“Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə münasibətlərində tamamilə yeni bir mərhələnin başlandığını göstərir. Bratislavada aparılan danışıqlarda enerji, müdafiə sənayesi, nəqliyyat və texnologiyalar kimi strateji sahələrin prioritet elan olunması, münasibətlərin artıq protokol çərçivəsini aşdığını təsdiqləyir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Politoloq vurğulayıb ki, xüsusilə Slovakiya Prezidentinin Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi təqdim etməsi Bakı üçün mühüm diplomatik uğurdur: “Rusiya qazından asılılığın azaldığı indiki dövrdə Slovakiyanın Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyi Mərkəzi Avropada Bakının rolunu gücləndirir. Prezident İlham Əliyevin Slovakiyanın istənilən həcmdə qaz təchizatını təmin etmək imkanına malik olduqlarını bildirməsi isə Avropanın enerji xəritəsində Azərbaycanın geosiyasi əhəmiyyətini bir qədər də artırır”.
Z.Qarayevanın bildirdiyinə görə, səfərin digər diqqətçəkən istiqaməti müdafiə sənayesi sahəsində birgə istehsal modelinə dair mesajlar oldu: “Slovakiyanın yalnız silah satmaq yox, texnologiya ötürülməsi və birgə istehsal yaratmaq niyyəti Azərbaycanın müdafiə sənayesinin modernləşməsi üçün real imkan açır. Bununla yanaşı, Orta Dəhliz və nəqliyyat layihələri üzrə əməkdaşlığın genişləndirilməsi Slovakiyanın Azərbaycan vasitəsilə Asiyaya bağlanmaq istəyini göstərir. Prezidentlərin çıxışlarındakı səmimi ton və qarşılıqlı hörmət iki ölkənin yaxın illərdə həm siyasi, həm iqtisadi sahələrdə daha fəal tərəfdaş olacağını göstərir. Bu səfər ümumilikdə Azərbaycanın Avropada yeni strateji açılımının mühüm hissəsi kimi dəyərləndirilə bilər”.
Röya İsrafilova