13:22
686
“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə hüquqi və institusional mahiyyətdən daha çox, siyasi motivli sənəd kimi çıxış edir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Politoloq bildirib ki, qətnamədə irəli sürülən ittihamlar konkret faktlara deyil, selektiv yanaşmaya və siyasi sifarişlərə söykənir: “Xüsusilə, Avropa Parlamentinin uzun illər ərzində Azərbaycanın işğal altında olmuş əraziləri, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı susqun qalması fonunda bu cür “insan hüquqları” ritorikası ciddi ikili standart təəssüratı yaradır. Bu, Avropa Parlamentinin özünü obyektiv beynəlxalq aktor kimi deyil, müəyyən maraq qruplarının tribunasına çevirdiyini göstərir”.
Onun sözlərinə görə, digər tərəfdən, qətnamənin məhz Azərbaycan–Ermənistan münasibətlərində real irəliləyişlərin əldə olunduğu, sülh gündəliyinin gücləndiyi bir mərhələdə qəbul edilməsi onun arxasında daha geniş geosiyasi hesabların dayandığını göstərir: “Vaşinqton sammitindən sonra regional sabitliyin formalaşması bəzi dairələrin maraqlarına uyğun gəlmir və bu narahatlıq təzyiq alətləri vasitəsilə ifadə olunur. Milli Məclisin sərt və prinsipial reaksiyası isə Azərbaycanın həm suverenliyinə, həm də daxili hüquqi proseslərinə kənar müdaxilələri qəti şəkildə qəbul etmədiyini və bu cür siyasi kampaniyalara qarşı mövqeyinin dəyişməz olduğunu ortaya qoyur”.
Röya İsrafilova