Dağlıq Qarabağ separatçılarının bayrağının qaldırılmasının qarşısı alınacaq Siyasət

Dağlıq Qarabağ separatçılarının bayrağının qaldırılmasının qarşısı alınacaq

Avropa Yayım Birliyi (AYB) "Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017"də işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin bayrağının qaldırılmasının qarşısını alacaq. Bu barədə AYB-dən bildirilib.
"AYB Avroviziya müsabiqəsinin canlı yayımına maneə yaradan istənilən bayrağı aradan qaldırmaq hüququnu özündə saxlayır. Bura tamaşaçılar üçün təhqir hesab olunan və ya siyasi, kommersiya xarakteri daşıyan istənilən formada bayraqlar daxildir", - deyə AYB-nin şərhində deyilir.
Qeyd edək ki, "Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017" noyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. "Avroviziya" müsabiqəsinin Ermənistan üzrə rəsmi saytında qeyd olunub ki, ölkəni müsabiqədə təmsil edəcək 9 yaşlı Mişa (Mixael Qriqoryan) Stepanakertdə (Xankəndi) Qriboyedov adına 3 saylı məktəbdə təhsil alır və "Artsaxın səsləri" qrupunun fəal üzvüdür.
"Avroviziya" müsabiqəsi çərçivəsində Ermənistan təmsilçiləri dəfələrlə separatçı rejimin bayrağını dalğalandırıblar. Bu bayraq müsabiqənin qadağan olunmuş bayraqları siyahısına daxil edilib.