“Suriyaya qarşı müharibənin baş verəcəyini düşünmək doğru olmaz” Siyasət

“Suriyaya qarşı müharibənin baş verəcəyini düşünmək doğru olmaz”

Natiq Miri: "Siyasi çözümün ortaya çıxmasında ciddi cəhdlər var"

"Bu nə dərəcədə hüquqi əsas yaratsa belə, Suriyaya qarşı müharibənin baş verəcəyini düşünmək doğru olmaz". Bunu Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, bu gün gedən proseslər göstərir ki, regionda Rusiya, Türkiyə və İran səviyyəsində savaş sonrası siyasi çözümün ortaya çıxmasında ciddi cəhdlər var: "Türkiyə prezidentinin Rusiya səfərində də bu, ciddi müzakirə obyektinə çevrildi. Həm Astana, həm də Cenevrə prosesi çərçivəsində siyasi çözüm məsələsi ciddi müzakirə obyektinə çevriləcək. Belə olan halda Türkiyənin yeni bir savaş qərarı verəcəyini düşünmürəm. Türkiyənin bu yöndə ciddi başağrıları mövcuddur. Türkiyə dünya güclərinin himayə etdiyi terror təşkilatları ilə çevrələnmiş vəziyyətdədir. Demək olar ki, regiondakı bütün terror qruplaşması ilə Türkiyə müharibə vəziyyətindədir.
Türkiyənin "Fərat qalxanı" adı ilə Suriya ərazisində keçirdiyi əməliyyatlar çərçivəsində Azad Suriya Ordusuna qarşı zaman-zaman İŞİD terrorçuları kimyəvi silahdan istifadə ediblər. Bu məsələlər rəsmi səviyyədə də dilə gətirilib.
ABŞ-ın təkidi ilə Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı araşdırma hesabatı mövcuddur. Bu hesabat Əsəd rejimi əleyhinə beynəlxalq səviyyədə ABŞ tərəfindən istifadə olunmaqdadır. ABŞ zaman-zaman Əsəd rejimini bu hesabatla şantaj edərək regionda dəstəklədiyi PKK-nın xeyrinə müəyyən qərarların verilməsində də istifadə edib. Bunun ən bariz nümunəsi Suriyada enerji daşıyıcıları ilə zəngin olan Deyzor bölgəsinin PKK-ya təhvil verilməsi ilə bağlı Əsəd rejiminə ünvanlanan tələbdir.
Əsədin terror qruplarına kimyəvi silah verməsinin əsas səbəbləindən biri də cəhənnəmə gedən adamın özünə yoldaş axtarması ilə bağlıdır. Bununla kiməvi silahdan ABŞ-ın dəstəklədiyi PKK-nın da istifadə etməsi ilə bağlı rəy yaratmaq istəyir.
Düşünürəm ki, Türkiyə bu məsələyə daha anlaşıqlı yanaşacaq. Lakin bunu da qeyd edək ki, bu, Türkiyənin beynəlxalq aləmdə mövqeyini gücləndirən bir amildir. Türkiyə bu məsələdən istifadə edərək Suriya ərazisində daha rahat hərbi əməliyyatlar keçirmək üçün mövqelərini gücləndirəcək".