Aİ-nin yeni strategiyası Siyasət

Aİ-nin yeni strategiyası

Kestutis Yankauskas: "Təşkilat ilk növbədə qonşuları ilə münasibətlərə önəm verir"

"Hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni hərtərəfli sazişin imzalanması istiqamətində danışıqlar gedir.
Bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas "Azərbaycan Respublikası Hesablama Palatasının institutsional və funksional potensialının gücləndirilməsi" Tvininq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Aİ-nin yeni qəbul edilmiş strategiyasında göstərilir ki, bu təşkilat ilk növbədə qonşuları ilə münasibətlərə önəm verir: "Bu günlərdə Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin 5-ci sammiti keçiriləcək. Bu formatın ikitərəfli və çoxtərəfli ölçüləri var. Bu imkan verir ki, Aİ ilə hər bir ölkə öz iddialarına uyğun əməkdaşlıq qursun. Bundan başqa, bu format çoxtərəfli əməkdaşlıq imkanları da yaradır. Hazırda Azərbaycan iqtisadi diversifikasiya islahatları keçirir və bunun üçün dünyadakı qabaqcıl texnologiyaların axtarışındadır. Aİ bu texnologiyaları Azərbaycana təqdim etməyə hazırdır. Biz bir çox sahədə əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevbu yaxınlarda keçirilən tədbirlərdən birində çıxışı zamanı dedi ki, gələcəyin standartları Avropada hazırlanır. Mən bunu eşitməkdən məmnun oldum".
"Tvininq layihələrinin həyata keçirilməsi baxımından Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir"-deyən səfir Kestutis bildirib ki, Azərbaycanda 46 Tvininq layihəsi həyata keçirilib, 13-ü hal-hazırda icra olunur, 8 layihənin icrasına isə hazırlıq gedir: "Tvininq layihəsi unikal bir alətdir. Əminəm ki, Polşa ilə Azərbaycan arasında audit sahəsində həyata keçirilən Tvininq layihəsi ilə yüksək keyfiyyətli iş qurulacaq və konkret nəticələr əldə olunacaq".
Diplomatın sözlərinə görə, 2008-ci ildə bu günə qədər audit sahəsində Azərbaycanda həm mütləq, həm də nisbi baxımdan böyük irəliləyiş əldə olunub.