
“Antalya Diplomatiya Forumu müasir dünya nizamında cərəyan edən dərin geosiyasi transformasiyaların fonunda həm regional müzakirə platforması, həm də qlobal siyasətin strateji istiqamətlərinin müəyyənləşdirildiyi nüfuzlu bir mərkəzə çevrilib. 2021-ci ildə təsis edildiyi qısa müddət ərzində qlobal dialoqun aparıcı mexanizmlərindən biri kimi özünü təsdiqləyən bu forum, Azərbaycanın diplomatik fəallığını artırmaq üçün mühüm və əvəzsiz imkanlar açır. Azərbaycanın bu platformaya ilk gündən siyasi və diplomatik dəstək verməsi rəsmi Bakının uzaqgörən xarici siyasət kursunun nəticəsidir. Xüsusilə 2020-ci il Zəfərindən sonra yaranmış yeni regional status-kvo, iqtisadi-logistik layihələr və təhlükəsizliyin yenidən qurulması barədə Azərbaycanın konseptual baxışı məhz bu tribuna vasitəsilə beynəlxalq birliyə çatdırılır. Ölkə başçımız Cənab İlham Əliyevin forumda iştirakı və keçirdiyi intensiv görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki strateji çəkisini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət kimi masada şərtləri müəyyən edən tərəf olduğunu bir daha nümayiş etdirdi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı söyləyib.
G.Ağamalı diqqətə çatdırıb ki, forumun gündəliyində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən müzakirələr "Bir millət, iki dövlət" modelinin mənəvi və siyasi, iqtisadi və hərbi-təhlükəsizlik mexanizmləri ilə necə təkmilləşdiyini sübut etdi: “Sözügedən qardaşlıq nümunəsi eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə yönəlmiş strateji addımdır. Tədbir çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla baş tutan görüş və Azərbaycanın dost dövlətə verdiyi daimi mənəvi-siyasi dəstəyin vurğulanması türk dünyasında həmrəyliyin artıq praktik müstəviyə keçdiyinin bariz göstəricisidir. Bakıda keçirilən parlamentlərarası dostluq qruplarının iclasları və Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində qatılması istiqamətindəki fəaliyyət, Azərbaycanın türk dünyasının bütövlüyü yolunda atdığı prinsipial addımlardır. Bu koordinasiyalı fəaliyyət göstərir ki, rəsmi Bakı və rəsmi Ankara regionun gələcəyini və təhlükəsizlik arxitekturasını müəyyən edən əsas hərəkətverici güclərdir”.
Deputat söyləyib ki, həmçinin forum çərçivəsində keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol Moldova Prezidenti Maya Sandu ilə aparılan müzakirələrdə bir daha yüksək qiymətləndirildi: “Moldovanın enerjiyə ehtiyac duyduğu kritik məqamda Azərbaycanın nümayiş etdirdiyi dəstək və ölkələrimiz arasında enerji sahəsindəki geniş imkanlar Bakının etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Eyni zamanda, dövlət başçımızın Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaara ilə görüşü Azərbaycanın Yaxın Şərqdəki proseslərə aktiv yanaşdığını və postmünaqişə bərpa təcrübəsini beynəlxalq müstəvidə bölüşmək iradəsini üzə çıxardı. Görüşlər Azərbaycanın xarici siyasətinin əhatə dairəsinin daha da genişləndiyini və qlobal sabitlik təminatçısı kimi artan nüfuzunu göstərir. Logistik müstəvidə Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr regionun iqtisadi xəritəsini yenidən cızmaqla, həm infrastrukturun inkişafına, həm də dövlətlər arasında siyasi etimad mühitinin formalaşmasına xidmət edir”.
Onun sözlərinə görə, normallaşma prosesində parlament diplomatiyasının əhəmiyyəti də forumun diqqət mərkəzində idi: “Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanın Ermənistan parlamentinin spikeri ilə görüşü göstərir ki, artıq gündəlikdə yalnız təhlükəsizlik məsələləri dayanmır, həm də gələcək iqtisadi inteqrasiya imkanları yer alır. Cənab Prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışında vurğulanan üçtərəfli və çoxtərəfli əməkdaşlıq modelləri Cənubi Qafqazın yeni inteqrasiya mərhələsinə qədəm qoyduğundan xəbər verir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qlobal sistemin legitimlik böhranı və beynəlxalq institutların effektivliyini itirməsi ilə bağlı xəbərdarlığı fonunda, Azərbaycan və Türkiyə daha ədalətli və inklüziv bir dünya nizamının formalaşmasına töhfə verirlər”.
O eləcə də əlavə edib ki, dövlət başçımız cənab İlham Əliyevin səfərindən və keçirdiyi görüşlərdən belə qənaətə gəlmək olar ki, Antalya Diplomatiya Forumu artıq Davos və Münxen kimi mötəbər platformalarla rəqabət aparacaq səviyyəyə yüksəlib: “Azərbaycanın bu prosesdəki proaktiv iştirakı isə göstərir ki, rəsmi Bakı qlobal siyasi prosesləri yönləndirən, strateji təşəbbüslər irəli sürən əvəzolunmaz aktordur. Ermənistanla sülh prosesindən tutmuş enerji və logistika layihələrinə, türk dünyası ilə birlikdə Yaxın Şərqdəki humanitar dəstəyə qədər atılan hər bir addım Azərbaycanın Şərq və Qərb üçün strateji tərəfdaş kimi mövqeyini sarsılmaz edir. Regional gücdən və qlobal təsir imkanlarına malik olan Azərbaycan dövləti özünün müstəqil və milli maraqlara söykənən siyasəti ilə dünyanın yeni geosiyasi quruluşunun formalaşmasında həlledici rolunu davam etdirir”.
Röya İsrafilova