UN-Habitatın icraçı direktoru Azərbaycan Prezidentinə təşəkkür edib Siyasət

UN-Habitatın icraçı direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Hörmətli Prezident İlham Əliyevə WUF13 hazırlıqlarını yaxından izlədiyinə görə təşəkkür edirəm.

Bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbax “X” səhifəsində bildirib.

O qeyd edib ki, gələn həftə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin gələcəyi, mənzil təminatı və dayanıqlı şəhər inkişafı mövzularına qlobal diqqətin yönəlməsində mühüm rol oynayacaq.

Rossbax Azərbaycan Prezidentinin forumun hazırlıqlarını yaxından izləməsinə görə təşəkkür edərək bildirib ki, bu dəstək tədbirin yüksək səviyyədə təşkili və beynəlxalq əhəmiyyətinin artırılması baxımından vacibdir.

Rossbax, həmçinin Bakıdakı forumun qlobal şəhər gündəliyinə mühüm töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.