WUF13 beynəlxalq əməkdaşlığı da ön plana çıxarır Siyasət

WUF13 beynəlxalq əməkdaşlığı da ön plana çıxarır

Son illərdə Bakı təkcə regional diplomatiyanın deyil, həm də qlobal miqyaslı dayanıqlı inkişaf və müasir şəhərsalma müzakirələrinin əsas mərkəzlərindən birinə çevrilmişdir. Paytaxtda keçirilən Şəhərsalma Forumları və konfransları, Azərbaycanın post-münaqişə dövründəki yenidənqurma təcrübəsini dünyaya təqdim etmək və qlobal urbanizasiya trendlərini yerli kontekstə inteqrasiya etmək baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycanın şəhərsalma təcrübəsi dünya ölkələrinin diqqətini cəlb etməklə yanaşı, ölkəmizin bu cür çətin işin öhdəsindən təkbaşına gəlməsi də xüsusi olaraq diqqət çəkir.

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib.

O, qeyd edib ki, son illər dünya mediası Azərbaycanın işğaldan azad edilmiş bölgələrində aparılan tikinti-quruculuq işləri barədə müntəzəm materiallar dərc edir.

Hazırda Azərbaycanın şəhərsalma gündəliyinin ən unikal cəhəti, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesidir. Bakıdakı konfranslar sadəcə nəzəri müzakirələr platforması deyil, həm də tamamilə sıfırdan qurulan şəhər və kəndlərin real təcrübəsinin bölüşüldüyü bir məkandır. Rəsmi Bakı işğaldan azad edilmiş bölgələrdə tətbiq edilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin beynəlxalq təcrübədə yayılmasında maraqlıdır. Rəsmi Bakı bu sahədə özünəməxsus siyasi xətt yürüdür. Ağalı, Füzuli, Laçın və Şuşada tətbiq edilən yaşıl enerji, rəqəmsal idarəetmə və ekoloji cəhətdən təmiz nəqliyyat sistemləri, beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Post-müharibə dövründə alternativ enerji mənbələrindən, o cümlədən külək və günəş enerjisindən istifadə edilməsi məsələsi əsas prioritet hədəflərdən biridir.

Konfransların Bakıda keçirilməsi, paytaxtın özünün keçdiyi böyük inkişaf yolunun vizual nümayişidir.

"Qara şəhər"in "Ağ şəhər"ə çevrilməsi layihəsi, sənaye zonalarının ekoloji cəhətdən təmiz, yaşıl və müasir yaşayış sahələrinə transformasiyasının ən uğurlu nümunələrindən biridir. Eyni zamanda, Bakının sürətli böyüməsi fonunda yaranan nəqliyyat sıxlığı, yaşıl zonaların genişləndirilməsi zərurəti və infrastrukturun optimallaşdırılması kimi məsələlər konfransın əsas yerli tezislərindəndir. Ekspertlər paytaxtın daha çox piyada yönümlü və mikromobilliyə (velosiped, skuter yolları) uyğunlaşdırılmasını vacib amil kimi vurğulayırlar.

Paytaxtımızda keçirilən bu konfrans eyni zamanda beynəlxalq əməkdaşlığı da ön plana çıxarır. BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) ilə Azərbaycan arasında qurulan sıx tərəfdaşlıq, Bakı konfranslarına qlobal status qazandırır.

Dünyanın müxtəlif ölkələrindən gələn memarlar, urbanistlər və şəhər icraçıları Bakı platformasında qlobal iqlim dəyişikliklərinə davamlı şəhərlərin qurulmasını müzakirə edirlər. Bu konfrans COP26, COP27 və COP29 konfranslarının gündəmi ilə sintez təşkil edir. Şəhərsalma konfranslarında qəbul edilən qərarlar və irəli sürülən inklüzivlik prinsipləri, Azərbaycanın yaşıl keçid və qlobal ekoloji öhdəlikləri ilə birbaşa üst-üstə düşür. Şəhərlərin karbon emissiyasını azaltmaq fəaliyyəti bu konfransların ana xəttini təşkil edir.

Bu konfrans mərkəzi icra hakimiyyəti orqanları ilə bərabər, eyni zamanda yerli icra hakimiyyətləri orqanları üçün də master-klass rolunu oynayırdı.

Müasir şəhər idarəetməsi artıq sadəcə binaların tikilməsi deyil, həm də əhalinin sosial rifahının təmin edilməsi, yaşıllıq zolaqlarının elmi əsaslarla artırılması və qorunması, mərkəzi və yerli idarəetmə orqanlarının rəqəmsal platformalar üzərindən koordinasiyalı fəaliyyətidir. Bakıda keçirilən şəhərsalma konfransı Azərbaycanın beynəlxalq arenada "qabaqcıl urbanistik standartlar tətbiq edən və yeni şəhərsalma modelləri ixrac edən ölkə" imicini gücləndirir. Konfrans həm paytaxt Bakının, həm də regionların gələcək inkişaf xəritəsini cızmaq üçün intellektual və praktiki baza rolunu oynayır. Əsas hədəf isə aydındır: İnsan yönümlü, ekoloji cəhətdən təmiz və gələcəyin çağırışlarına cavab verən dayanıqlı şəhərlər formalaşdırmaq.