
"Azərbaycan Prezidentinin Daşkəndə rəsmi səfəri çərçivəsində imzalanmış Əbədi dostluq haqqında Müqavilə Özbəkistan–Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldən tarixi, strateji və taleyüklü sənəddir".
Bu sözləri açıqlamasında Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Politologiya kafedrasının professoru, tarix elmləri doktoru Ranoxon Tursunova deyib.
O qeyd edib ki, bu sənəd Azərbaycan və Özbəkistan xalqları arasında ortaq tarixi, mədəni və dini köklərə əsaslanan qardaşlıq bağlarını, mənəvi yaxınlığı və qarşılıqlı hörməti hüquqi baxımdan möhkəmləndirir: "Müqavilə, ilk növbədə, uzunmüddətli sabitliyin təməlidir və strateji tərəfdaşlığın siyasi konyunkturadan və beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmamasına xidmət edir”.
Ranoxon Tursunovanın sözlərinə görə, sənəd iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı hüquqi baza yaradır: “Ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələri, sənaye kooperasiyası, enerji tərəfdaşlığı, kənd təsərrüfatı, tekstil, avtomobil sənayesi, kimya, İT və digər sahələrdə yeni imkanlar açılır. Müqavilə siyasi qardaşlığın konkret biznes layihələrinə, iş yerlərinə və rifah artımına çevrilməsi üçün mühüm katalizator rolunu oynaya bilər”.
Ekspert qeyd edib ki, suverenlik, təhlükəsizlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək haqqında müddəalar isə Müqavilənin strateji dayaqlarındandır: “Sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq və bir tərəfin ərazisindən digərinin sabitliyinə qarşı istifadə edilməsinə yol verilməməsi qarşılıqlı etimadın yüksək səviyyəsini göstərir. Bu yanaşma Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha dayanıqlı təhlükəsizlik mühiti formalaşdırır.
Müqavilənin əhəmiyyəti ikitərəfli münasibətlərlə də məhdudlaşmır. O, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi körpünün formalaşmasına xidmət edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Orta Dəhlizin inkişafı, logistika infrastrukturunun uzlaşdırılması, tranzit tariflərinin optimallaşdırılması, liman və dəmir yolu imkanlarının genişləndirilməsi bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycan Özbəkistan üçün Xəzər və Qara dəniz vasitəsilə Avropa və Yaxın Şərqə çıxış baxımından mühüm tərəfdaşdır”.
Ranoxon Tursunova vurğulayıb ki, sənəd Türk dünyasının konsolidasiyasına da töhfə verir: “Bakı və Daşkənd arasında strateji tərəfdaşlığın dərinləşməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərini gücləndirir və digər Mərkəzi Asiya ölkələrinin Azərbaycanla birgə layihələrə qoşulması üçün əlavə imkanlar yaradır.
Humanitar əməkdaşlıq da bu strateji tərəfdaşlığın ayrılmaz hissəsidir. Təhsil, mədəniyyət, turizm, tələbə və elmi mübadilə, birgə mədəni layihələr, ortaq turizm marşrutları və regionlararası əlaqələr xalqlar arasında etimadı möhkəmləndirir və münasibətlərin uzunmüddətli davamlılığını təmin edir.
Bütün bunlar göstərir ki, Əbədi dostluq haqqında Müqavilə sadəcə növbəti ikitərəfli sənəd deyil. O, Azərbaycan–Özbəkistan münasibətlərinin uzunmüddətli strateji əsasını formalaşdıran, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlığı vahid çərçivədə birləşdirən tarixi aktdır”.