“Müsavatda parçalanmalar qaçılmazdır” Siyasət

“Müsavatda parçalanmalar qaçılmazdır”

Aydın Hüseynov: "Hazırda sədrlik uğrunda gedən savaş bunu deməyə əsas verir"

Qurultay mövzusu artıq Müsavat partiyasında başqa kontekstdə müzakirə olunur və partiyadaxili ziddiyyətlərin dərinləşdiyi bildirilir. Başqanlığa iddialı namizədlərdjən hesab olunan Arif Hacılının və Qubad İbadoğlunun tərəfdarları Müsavat funksionerləri ilə gizli görüşlər keçirir, onları ələ almağa çalışırlar.
Onu da əlavə edək ki, qurultay mövzusu AXCP ilə Müsavat arasında bir neçə aydır ki, davam edən "atəşkəs"in pozulmasına da gətirib çıxarıb. AXCP-nin əsas təbliğat ruporu Müsavata hücum edib və burada Müsavatdaxili qruplaşmalar məsələsi də önə çəkilib. Əli Kərimlinin "Pravda"sında yazan köşə yazarlarından biri Müsavat Partiyasını hədəfə alıb. Məsələnin maraqlı tərəfi budur ki, bu yazar həm də Müsavat Partiyasının üzvüdür. Müəllif Müsavat Partiyasını sərt müxalifət mövqeyindən çəkilməkdə, qurultay problemini həll edə bilməməkdə suçlandırır: "Partiyanın funksionerlərinin açıqlama və müsahibələri sadəcə, qurultay mövzusundadır. Ara-sıra rastlanan gündəm olaylarına reaksiyalar isə gerçək bir müxalifət partiyası funksionerinin üslubu ilə müqayisədə hədsiz yumşaq, mücərrəd təsir bağışlayır. Hətta həbsdəki partiya funksionerləri - Tofiq Yaqublu, Yadigar Sadıqlı ölkə gündəminə daha çevik, prinsipial reaksiyalar verirlər, nəinki partiya qərargahındakılar". Müəllif Müsavatın qurultay məsələsinin də müxalifət üçün problemə çevrildiyini yazır: "Baş verən olaylara daha operativ, kəskin reaksiyalar verilməsi gərəkdiyi bir dövrdə Müsavatın qurultayından başqa dərdi, qayğısı yox imiş kimi bir təəssürat var ortada. Müsavatın sadəcə, öz iç problemi ilə uğraşan partiya görüntüsü ona yaraşmır. Bəli, qurultayın keçirilməsinə süni əngəlləri heç kim inkar etmir. Amma bu, partiyanı sadəcə, qurultay mövzusuna kökləməyə də əsas vermir. Üstəlik, qurultay müzakirələrinin artıq partiyanı içindən qurd kimi gəmirdiyi açıq ortadadır. Qurultayın gecikdiyi hər gün Müsavata ciddi ziyan vurmaqdadır".
Müəllif Müsavatda partiyaiçi qruplaşmaların olduğunu bildirir və qeyd edir ki, qrup mübarizəsi Müsavatı daha da zəif salacaq. Yazar qeyd edir ki, Müsavat tezliklə qurultay problemini həll etməli, ən pis şərtlərdə belə qurultay keçirməli, bütün diqqətini, enerjisini ən qısa vaxtda tamamən "müqavimət cəbhəsinin gücləndirilməsinə" yönəltməlidir.
Müsavatçı yazarın (əslində bu adam AXCP-yə daha çox bağlıdır və bir dəfə Müsavatdan çıxdığını bəyan edib. İndi onun yenidən "müsavatçı yazar" kimi təqdim olunması özü də müəmmalıdır) partiyaya canıyananlıq etməsinin arxasında AXCP-nin niyyəti dayanır. AXCP sədri Əli Kərimli Müsavatı "qurultay problemini həll edə bilməyən", "ciddi müxalifət işlərindən uzaq düşmüş", "qruplaşmalar arasında mübarizə gedən partiya" kimi təqdim etmək istəyir. Müsavatın qurultayı bilərəkdən ləngitdiyi faktdır. İsa Qəmbər başqanlıqdan getməlidir, hamını qane edəcək yeni başqan adayı isə yoxdur. Arif Hacılı qurultayda başqan seçilə bilər, bunu isə Müsavatın elitasında əksəriyyət istəmir. Buna görə də yeni uğurlu başqan adayı tapılana qədər qurultay ertələnir. Müsavat qurultayın ertələnməsi ətrafında ajiotaj yaranmamasına çalışır. Müsavatçı yazarın qəfildən problemi qabartması AXCP-nin marağındadır. Əli Kərimli cəmiyyətə mesaj verir, belə bir fikir formalaşdırmağa çalışır ki, AXCP güclüdür, sabitdir, monolitdir. Müsavat isə bütöv deyil, partiyada qrup savaşı gedir, İsa Qəmbər birliyi təmin edə bilmir...
Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli də Müsavat Partiyasının qurultayının məqsədli şəkildə yubadıldığını bildirib. Tahir Kərimli Müsavat Partiyasında başqanlığa iddialı şəxslərin və onların ətrafında toplaşanların bir-birini qəbul etməyən qruplara bölündüyünü diqqətə çatdırıb. Deyib ki, bunu onların mətbuata açıqlamalarından, sosial şəbəkələrdəki müzakirələrindən də açıq-aydın hiss etmək mümkündür. Tahir Kərimlinin fikrincə, hər bir qrup öz miqyasında təbliğat aparır, dəstəklədikləri şəxsin qurultayda başqan seçilməsini istəyir: "İstənilən qrupun namizədi başqan olacağı təqdirdə digər qrupların bununla razılaşacağını güman etmirəm. Dərhal Müsavatda dərin parçalanmalar, qopmalar olacaq. Bu kimi səbəblərdən mümkün qədər İsa Qəmbərin sədrliyi ilə partiyanın idarə olunması yeganə çıxış yolu sayılır. Bundan o tərəfə söylənilən bütün fikirlər bəhanədir. Qurultayı 500-600, hətta 300 nəfərlə də keçirmək mümkündür. Heç uzağa getməyək, Yeni Azərbaycan Partiyası istəsəydi ən böyük stadionda da qurultayını keçirə bilərdi. Buna onun potensialı var. YAP Azərbaycanın ən böyük partiyasıdır. Lakin biz gördük ki, YAP 500-600 nəfərlə qurultay keçirdi. Müsavat da YAP-dan böyük partiya olmadığı üçün, onların yerin tutum həcminin az olmasını əsas gətirib qurultaylarını təxirə salmaları yalnız bəhanədir. Müsavat başqanı İsa Qəmbər əvəzlənmək istəmədiyi üçün qurultay keçirilmir".
Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov isə vurğuladı ki, Müsavat Partiyasının qurultayının baş tutmamasının səbəbi onsuz da hamıya bəlli idi. Onun sözlərinə görə, bu partiyanın qurultay məsələsi qeyri-ciddi mövzuya çevrilib: "Qruplaşmalara gəlincə isə, bu gözlənilən idi. Müsavatda parçalanmalar qaçılmazdır və bu proses artıq dərinləşib. Müsavatdaxili ziddiyyətlər və qruplaşmaların bir birinə qraşı fəaliyyəti onu deməyə əsas verir ki, bu partiya monolit deyil. Bunları həmişə milli maraqlar, dövlətçilik deyil, şəxsi mənafeləri, o cümlədən vəzifə maraqlandırır. Hazırda sədrlik uğrunda gedən savaş və intriqa bunu deməyə əsas verir. İstənilən halda vəziyyətləri acınacaqlıdır və çıxılmaz durumdadırlar. Müsavtda qarşıdumalar paçalanmaya və yenidən istefalara gətirib çıxaracaq".

Əli