“Heç bir uşaq böyüklərin ideoloji mübahisələrinin qurbanına çevrilməməlidir” Gündəm

“Heç bir uşaq böyüklərin ideoloji mübahisələrinin qurbanına çevrilməməlidir”

“Məktəbli forması anlayışı nə bu gün, nə də dünən yaranıb. Onun tarixi əsrlərlə ölçülür. Hələ XVI əsrdə İngiltərədə məktəblərdə vahid geyim tətbiq olunurdu. Sonrakı dövrlərdə bu ənənə dünyanın müxtəlif ölkələrində təhsil sisteminin mühüm elementlərindən birinə çevrildi. Məktəbli formasının mahiyyəti heç vaxt yalnız uşaqların eyni rəngdə və eyni biçimdə geyinməsi ilə məhdudlaşmayıb. Burada daha mühüm prinsiplər var: sosial bərabərlik, məktəb intizamı, kollektivə mənsubiyyət hissi və təhsil mühitinin fərdi, sosial, dini və digər fərqlərdən mümkün qədər uzaq tutulması”.

Bunu xalqcebhesi.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, ictimai xadim Umud Mirzəyev deyib.

O vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir: “Dünyəvilik bizim konstitusion dövlət quruluşumuzun fundamental prinsiplərindən biridir. Dövlət məktəblərində təhsil də məhz bu prinsip əsasında təşkil olunur. Mən insanların dini inanclarına, vicdan və etiqad azadlığına hörmətlə yanaşıram. Hər kəsin şəxsi inancı onun toxunulmaz hüququdur. Ancaq şəxsi dini etiqadla dövlətin dünyəvi təhsil sisteminin müəyyən etdiyi ümumi qaydaları bir-birindən fərqləndirmək lazımdır. Hesab edirəm ki, məktəbli geyiminə dini mənsubiyyəti ifadə edən elementlərin, o cümlədən hicabın daxil edilməsi vahid məktəb forması prinsipinə uyğun deyil. Bu mövqe hər hansı dinə və ya dindar insana qarşı münasibət kimi təqdim olunmamalıdır”.

U.Mirzəyevin fikirlərinə görə, azyaşlı uşaqların geyimi ətrafında yaranan mübahisələrin siyasi və ideoloji qarşıdurmaya çevrilməsi məni narahat edir: “Bəzən belə həssas mövzuların ictimai gündəmə çıxarılmasının arxasında uşaqların təhsil hüququndan daha çox başqa maraqların dayandığı təəssüratı yaranır. Bu ehtimalı da diqqətdən kənarda saxlamaq olmaz. Ancaq məsələyə birtərəfli yanaşmaq da doğru deyil. Uşaqların təhsil hüququ, valideynlərin dini etiqadı, dövlətin dünyəvilik prinsipi və məktəbin daxili qaydaları arasında həssas balans qorunmalıdır. Heç bir uşaq böyüklərin ideoloji mübahisələrinin qurbanına çevrilməməlidir. Bizim əsas qayğımız uşaqlarımızın hansı dini və ya siyasi baxışın təsiri altında geyinməsi deyil, onların necə təhsil alması, hansı biliklərə yiyələnməsi, necə şəxsiyyət və vətəndaş kimi yetişməsi olmalıdır. Məktəb dini və siyasi mübarizə meydanı deyil. Məktəb bilik, elm, tərbiyə və gələcəyin qurulduğu məkandır. Onu bu missiyasından uzaqlaşdırmağa heç kimin haqqı yoxdur”.

Röya İsrafilova