
“Azərbaycanda Milli Azərbaycançılıq İnstitutunun yaradılmasına böyük ehtiyac var”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, məzmununa görə, biz bir suala cavab verməliyik: biz azərbaycanlı olaraq kimik, nəyə inanırıq və necə bir ölkədə yaşamaq istəyirik?
T.Mirkişili Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyin əhəmiyyəti ilə bağlı fikirlərini xatırladıb:
“İdeoloji təhlükəsizlik fiziki təhlükəsizlik kimi önəmlidir. İdeoloji risklər sərhəd tanımır. Xüsusilə indiki dünyada, internet dünyasında, kiber hücumlar, süni intellekt dünyasında bizim ideoloji məkanımız yad ünsürlərdən və yad təsirlərdən azad olmalıdır. Yəni müasir ideoloji iş aparılmalıdır”.
Deputat qeyd edib ki, 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının altıncı ildönümündə ulu öndər Heydər Əliyevin milli ideologiya ilə bağlı geniş çıxışı olub.
T.Mirkişili bildirib ki, Heydər Əliyev milli ideologiyanın əsas istiqamətlərindən biri kimi dövlətçiliyi qeyd edib:
“Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Gərək hər bir vətəndaş öz vətəninə görə, öz millətinə görə, öz xalqına və öz ana dilinə görə milli qürur hiss eləsin, azərbaycanlı olması ilə fəxr etsin”.
Deputat vurğulayıb ki, milli ideologiyanın ikinci əsas istiqaməti milli-mənəvi dəyərlərdir: “Xalqın milli-mənəvi dəyərlərinin mühüm hissəsi Qurani-Kərimdə əks olunub. Bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, dövlət xadimləri və böyük şəxsiyyətləri də bu dəyərlərin formalaşmasında rol oynayıblar. Milli adət-ənənələr, Azərbaycan dili və din milli-mənəvi dəyərlərin tərkib hissələridir. O, dinin şəxsi məqsədlər üçün istismar edilməsinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.Biz imkan verməməliyik ki, bizim dinimizi bəzi şəxslər məqsədləri üçün istismar etsinlər. Dini ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə dövlət imkan verməməlidir”.
Deputat milli ideologiyanın digər istiqamətinin ümumbəşəri dəyərlər olduğunu bildirib:
“Bu dəyərlər ilk növbədə Azərbaycanın Konstitusiyasında öz əksini tapıb:
“Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi yaradırıq. Bax bu bir cümlədə aslında ümumbəşəri prinsiplərin hamısı öz əksini tapmışdır. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını azərbaycançılıq təşkil edir. Dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissələridir”.
Deputat bildirib ki, bu ideologiyanın təbliği, genişləndirilməsi, inkişaf etdirilməsi və insanlara izah olunması vacibdir. O, alimlərin və tədqiqatçıların bu sahədə geniş iş aparmalı olduqlarını qeyd edib.
T.Mirkişili sonda Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib:
“Güman edirəm ki, Azərbaycanda Milli Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ehtiyac var. Əminəm ki, belə bir institut milli azərbaycançılıq ideologiyasının məzmununun genişləndirilməsində, onun istiqamətlərinin müəyyən olunmasında və gələcəkdə təbliğat istiqamətinin müəyyən olunmasında çox geniş bir rol oynaya bilərlər”.
Günel Elxan