
“Son 5 ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 8.5 dəfə artaraq 77.2 milyon dollaradək yüksəlib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışında ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin inkişafına diqqəti çəkmişdi:
“2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 765 milyon dolları keçib. Bu, əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir. Belə ki, 2024-cü ildə ümumi ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar olub. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Orta Dəhliz vasitəsilə region üzərindən daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb. Bu, qardaş türk dövlətlərinin valyuta gəlirlərinin artmasına imkan yaradır”.
Deputat oktyabrın 15-də Bakıda Qırğızıstanın da üzv olduğu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının keçiriləcəyini xatırladıb. O bildirib ki, Azərbaycan bu əməkdaşlıq platformasına 2024-cü ildən bəri sədrlik edir.
V.Bayramovun sözlərinə görə, 28 dövlətin təmsil olunduğu platformada 10 ölkə müşahidəçi statusu ilə iştirak edir: “Platformaya üzv olan dövlətlər qlobal ümumi daxili məhsulun 40 faizini formalaşdırırlar. Söhbət 47 trilyon dollardan çox iqtisadiyyata malik platformanın Zirvə toplantısının Azərbaycanda keçirilməsindən gedir. Bununla yanaşı, ABŞ və Yaponiya kimi qlobal güclər də AQEM-də müşahidəçi statusu ilə təmsil olunurlar”.
Deputat qeyd edib ki, Azərbaycanın AQEM-ə üzv olan dövlətlərlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi prioritetləşməkdədir: “Prezident İlham Əliyev və Kambocanın Baş nazirinin mətbuata bəyanatlarında da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərinin daha yaxından tanıdılması, sıx iqtisadi əməkdaşlığın qurulması yollarının müəyyənləşdirilməsi əsas tərəfdaşlıq istiqamətləri sırasındadır. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib”.
Onun sözlərinə görə, çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb: “Asiya dövlətləri ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Uğurlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu isə yeni regional düzən deməkdir”.
Günel Elxan