“Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcıdır” Gündəm

“Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcıdır”

“Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşü iki ölkə arasında münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, həm də coğrafi uzaqlıq amilinin qarşılıqlı siyasi iradə və geoiqtisadi maraqlar fonunda əhəmiyyətsizləşdiyini nümayiş etdirən mühüm geosiyasi hadisədir. Siyasi-hüquqi baxımdan bu səfər qarşılıqlı etimada, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanan ikitərəfli tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov söyləyib ki, diplomatik münasibətlərin xronologiyası və siyasi varislik amili bu əlaqələrin təsadüfi deyil, uzunmüddətli və strateji xarakter daşıdığını göstərir: “Hazırkı Baş nazir Hun Manetin atası, Kamboca Senatının sədri və keçmiş Baş nazir Hun Senin 2014-cü ildə Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın təməl yol xəritəsini müəyyənləşdirmişdi. Bu baxımdan hakimiyyət varisliyinin mövcud xarici siyasət kursunun davamlılığına təsiri birbaşa özünü büruzə verir; yeni liderlər nəsli köhnə dostluq və tərəfdaşlıq ənənələrini qorumaqla yanaşı, onları müasir dövrün çağırışlarına uyğun olaraq praktiki müstəviyə daşımağa çalışırlar. Səfər çərçivəsində ticarət, təhsil və digər sahələri əhatə edən sənədlərin imzalanması, eləcə də ticarət və investisiya əməkdaşlığının praktiki aspektlərini tənzimləmək üçün birgə işçi qrupunun yaradılması ikitərəfli əlaqələrin hüquqi bazasını genişləndirir. İndiyə qədər mövcud olan aşağı ticarət dövriyyəsi və məlumat çatışmazlığı kimi obyektiv maneələr məhz bu cür institusional mexanizmlər və birgə biznes forumları vasitəsilə aradan qaldırıla bilər. Xüsusilə mülki aviasiya və hava əlaqələri sahəsində sazişlərin müzakirəsi nəqliyyat bağlantılarının inkişafına, Cənub-Şərqi Asiya regionu ilə Avrasiya arasında körpü rolunu oynayan Azərbaycanın tranzit potensialından səmərəli istifadə olunmasına güclü təkan verir”.

Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlar çərçivəsində – BMT, Qoşulmama Hərəkatı və AQEM platformalarında nümayiş etdirilən qarşılıqlı dəstəyi xüsusi qeyd etmək lazımdır: “Kambocanın dəstəyi ilə Azərbaycan Parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu qazanması Azərbaycanın Asiya istiqamətində həyata keçirdiyi çoxtərəfli diplomatiyanın uğurlu nəticəsidir. Bu oxşarlıq həm də hər iki dövlətin qlobal proseslərdə balanslaşdırılmış mövqe tutmasına, çoxtərəfliliyi və beynəlxalq hüququn aliliyini müdafiə etməsinə əsaslanır. Humanitar və təhlükəsizlik aspektləri də siyasi-hüquqi analizin ayrılmaz hissəsidir. Sovet dövründə kambocalı tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası perspektivi xalqlararası təmasların dərinləşməsinə xidmət edir”.

O həmçinin deyib ki, bundan əlavə, hər iki ölkənin keçmiş münaqişələrin miras qoyduğu ağır problemdən – mina təhlükəsindən əziyyət çəkməsi praktiki təcrübə, bilik mübadiləsi və humanitar minatəmizləmə sahəsində birgə səylərin zəruriliyini ortaya qoyur: “Azərbaycanın postmünaqişə dövründə apardığı genişmiqyaslı bərpa və "Böyük Qayıdış" prosesi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində uğur qazanmış "ASAN xidmət" modelinin Kambocada maraq doğurması Azərbaycanın dövlətçilik təcrübəsinin beynəlxalq miqyasda paylaşılması baxımından mühüm göstəricidir. Qeyd edilənlər fonunda qiymətləndirsək, Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri Cənub-Şərqi Asiya və Cənubi Qafqaz regionları arasında coğrafi məsafələrin siyasi iradə, iqtisadi praqmatizm və beynəlxalq həmrəylik vasitəsilə uğurla qət oluna biləcəyini sübut edən, iki ölkənin maraqlarına tam cavab verən strateji əhəmiyyətli diplomatik addımdır”.

Röya İsrafilova