
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, eləcə də Regional məsələlər komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi geniş müzakirə olunub.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc
bildirib ki, Azərbaycan vergi borclarının artması, dövlət investisiya layihələrinin icrasında gecikmələr və kəndlərdə əhalinin azalması 2027-ci ilin dövlət büdcəsi müzakirələrində diqqət yetirilməli əsas məsələlərdəndir.
Deputat bildirib ki, 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın tarixi Zəfərinin altıncı ildönümü günlərində müzakirə olunur.
Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan Qələbə ölkənin iqtisadiyyatı qarşısında yeni inkişaf perspektivləri açıb.
Z.Oruc ev təsərrüfatlarının statistik uçotu ilə bağlı yeni qaydaların ictimaiyyətdə narahatlıq yaratmasına da münasibət bildirib. O qeyd edib ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə uçot sənədləri dəyişdirilib və yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Deputat vurğulayıb ki, ev təsərrüfatlarının statistik uçotunun aparılması ilə kənd təsərrüfatı istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin dəyişdirilməsi ayrı-ayrı məsələlərdir: “Statistik uçotun məqsədi ÜDM-in daha dəqiq hesablanması və sosial siyasətin düzgün formalaşdırılmasıdır, ev təsərrüfatlarının aktivlərinin vergiyə cəlb edilməsi deyil. Aidiyyəti qurumlar yeni qaydaların mahiyyətini və məlumatların hansı məqsədlə istifadə olunacağını əhaliyə ətraflı izah etməlidir. Büdcənin iqtisadi göstəricilərinə toxunan deputat bildirib ki, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz mənbələri hesabına formalaşması, 2030-cu ilədək isə cari xərclərin qeyri-neft gəlirləri ilə qarşılanması hədəflənir”.
O, vergi daxilolmalarının artımına da diqqət çəkib.
Qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 1,7 faiz artdığı halda, vergi daxilolmalarının 6,5 faiz və ya 1 milyard 395 milyon manat artırılaraq 22 milyard 786 milyon manata çatdırılması nəzərdə tutulur: “Hesablama Palatasının məlumatına əsasən, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata yüksəlib. Doqquz ay ərzində artım 939,3 milyon manat və ya 28,4 faiz təşkil edib”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov
seçicilərlə görüşlərdə ən çox qaldırılan məsələlərdən birinin əlilliyin təyin olunması ilə bağlı şikayətlər olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ölkədə təxminən 500 min nəfərin əlilliyi müəyyən edilib, ötən il isə 54,5 min nəfərə əlillik təyin olunub.
E.Nəsirov əlillik təyinatından imtina edilən müraciətlərin sayı, sonradan qərarlardan şikayət verən və məhkəmə yolu ilə hüquqlarını bərpa edən şəxslərlə bağlı statistik məlumatların açıqlanmasını istəyib.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib ki, məktəblərdə ibtidai sinif şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin edilməsi məsələsi araşdırılmalıdır.
Deputat bildirib ki, hər il dövlət büdcəsində artımların müşahidə olunması dövlətin güclənməsinin göstəricisidir. Bununla yanaşı, əhalinin tələbləri və gözləntiləri də artır.
N.Həmzəyev ilk növbədə məktəblərdə uşaqların sağlam qidalanması məsələsinə diqqət çəkib.
O, məktəb bufetlərində və yeməkxanalarda təqdim olunan qidaların keyfiyyətinin araşdırılmasının vacibliyini vurğulayıb.
Deputat qeyd edib ki, məktəblərdə qidalanma sistemi mərkəzləşdirilməli, uşaqlara təqdim olunan yeməklər vahid standartlar əsasında təşkil edilməlidir.
Günel Elxan