Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycandır Siyasət

Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycandır

“Onunla münasibətləri korlamaq olmaz”

Azərbaycanın 2023-cü ildə öz suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün tarixi imkan yaransa da, yekun sülh müqaviləsinin imzalanması prosesi hələ də uzanmaqdadır. Prezident İlham Əliyev bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə sülhə gedən yolu geniş təhlil edərək mühüm çağırışlar səsləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən, bir günlük antiteror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından geniş bəhs edən dövlət başçısı İlham Əliyev “Müharibə bizim seçimimiz olmayıb” çağırışı edərək bu reallığı xüsusi qeyd etdi ki, bizi müharibəyə Ermənistan məcbur edib.
8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir.
"Ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, 1 ildən çoxdur Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb. Lakin son imzalar atılmayıb. Bunun müəyyən səbəbləri var", - Prezident bildirib.
Ermənistan Baş nazirinin aparat rəhbəri Lilit Makunts parlamentin daimi komitələrinin birgə iclasında bildirib ki, Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq instansiyalarda Azərbaycana qarşı iddialarını geri götürəcək.
"Ermənistan və Azərbaycan arasında mövcud mübahisələrə gəldikdə isə sülh prosesi məntiqi çərçivəsində, əlbəttə, sülh sazişi imzalandıqdan sonra iddiaların qarşılıqlı şəkildə geri götürülməsinə dair qərar qəbul edilə bilər", - o bildirib.
Politoloq Elşən Manafov qəzetimizə açıqlamasında deyib ki, Ermənistanın baş naziri Paşinyanın Azərbaycanla dövlətlərarası münasibətlərin yaxın perspektivinə dair açıqlamaları siyasi manipulyasiyalardan başqa bir şey olmayıb əsasən hakimiyyətin konyuktur maraqlarına xidmət edir. Zira, rəsmi İrəvan bilməmiş deyil ki, Azərbaycanla münasibətlərdəki problemləri nəhayət kimi nizama salacaq sülh müqaviləsinin aqibəti Ermənistanda ölkənin əsas qanununa edilə biləcək əlavə və dəyişikliklərdən asılıdır. Rəsmi Bakı referendumda seçicilərin ölkənin əsas qanununda Azərbaycana yönəli ərazi iddialarını özündə ehtiva edən hüquqi müddəaların ləğvinə səs verəcəkləri təqdirdə sülh müqaviləsini imzalamağa hazır olacağını bildurib. Zira, ölkənin əsas qanununda məlum iddiaların qaldığı şəraitdə sülh müqaviləsinin imzalanması dövlətlərarası münasibətlərdə etibarlı və dayanıqlı sülhün təminatçısı ola bilməz. Bir müddət sonra Ermənistanda parlament seçkilərində qalib gələ biləcək millətçi, sagçı partiya konstitusiya mətnindəki məlum muddəaya istinad edərək sülh müqaviləsinin şərtlərini yerinə yetirməkdən boyun qaçıra da bilər: "Paşinyanın isə partiyası hökuməti təşkil etmək səlahiyyətlərinə yiyəlınsə də konsyitusiya islahatlarının keçirilməsi üçün qanunvericilik çərçivəsində təşəbbus göstərmək hüququna malik deyil. Elə buna görədir ki, istər baş nazir, istərsə də onun hökumətinin digər nazirləri parlamentdəki müxalifət partiyalarına müraciət edərək onları konstitusiya islahatları ilə bağlı məsıləlrdə əməkdaşlığa çağırırlar.
Ermənistan müxalifətinin məlum kəsiyi isə Moskva, habelə erməni diasporası, nəhayət erməni apostol kilsəsi ilə münasibətlərindən çıxış edərək etiraz elektoratını referendumu boykot etməyə çağırırlar. Səslərin parçalanma ehtimalı isə Paşinyanın referendumla bağlı ümidlərini doğrultmaya da bilər.
Nəhayət, Paşinyan və onun hökumətindəki rəsmilərin Bakı ilə münasibətlərin perspektivinə dair məsələlər ətrafında açıqlamalarında siyasi manipulyasiyalar guclənib. Məsələn, Paşinyan bu günlərdə rəsmi Bakını referendumla bağlı məsələlərdə Ermənistanın daxili işlərinə müdaxilə də qınamaqdan çəkinmədi. Digər tərəfdən xarici işlər naziri Mirzoyan bu günlərdə bəyan etdi ki, Zəngəzur dəhlizi istiqamətində ancaq avtomobil yolunun açılışından söhbət gedə bilər, dəmir yoılları ilə bağlı məsələlrdə isə hələ bir müddət məsləhətləşmələrə ehtiyac var.
Digər diqqəti çəlb edən məqam ondan ibarətdir ki, rəsmi Bakı 2020-ci ilin 10 noyabrında Moskvada münaqişə tərəfləri arasında atəşkəs barədə razılaşdırlmış sənədin məlum müddəalarına nəzərən kommumikasiya xətlərini, o cumlədən Azərbaycan ərazisindən Ermənistana gedən dəmir yollarının fəaliyyətini bərpa edib. Bu isə Ermənistanın iqtisadi, loqistik blokadadan çıxardan muhum siyasi jestdir.
Dəmir yolları ilə Azərbaycandan Ermənistana on minlərlə ton dizel və benzin daşınıb, Rusiya və Qazaxstan taxılı məhz Azərbaycan üzərindən Ermənistana daşınıb".
O, qeyd edib ki, münasibətlərdə qarşılıqlı etimad və güvənlik yaratmaq üçün rəsmi Bakının məlum addımlarının müqabilində Ermənistan hakimiyyətinin adekvat addımlar atdığını təəssuflər olsun ki, bizlər müşahidə etmirik. İstisna deyil ki, münasibətlərdəki status-kvo Paşinyan iqtidarını qane edir, digər tərəfdən bölgənin perspektiv geosiyasi arxitekturası ilə bağlı məsələlrdə Paşinyan Qərbdəki qlobalist dairələrin məsləhət bildiyi gedişləri etməyi düşünür.
Politoloq Bakir Həsənbəyli deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması bir neçə əsas hüquqi, siyasi və strateji fikir ayrılığı ilə bağlıdır. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların və istinadların aradan qaldırılmasıdır. Bakı hesab edir ki, bu dəyişiklik edilmədən imzalanacaq saziş hüquqi cəhətdən dayanıqsız olar və gələcəkdə revanşist qüvvələr tərəfindən ləğv edilə bilər. Tərəflər arasında kommunikasiyaların açılması, Naxçıvan dəhlizi və sərhədlərin delimitasiyasıvə demarkasiyası məsələlərində hələ də razılaşdırılmalı detallar qalır: “2025-ci ilin avqust ayında sənədin Vaşinqtonda paraflanmasına baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini qeyd edir. Məntiqlə Ermənistan 44 günlük Vətən müharibəsində uğradığı ağır məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamalı idi. Ona görə ki, uzun illər ərzində apardığı işğalçı siyasət ucbatından dalan dövlətinə çevrilmiş, bölgənin iqtisadi cəhətdən ən geridə qalan ölkəsi durumuna düşmüşdür. Belə vəziyyətdən çıxmaq üçün Azərbaycana qarşı olan əsassız iddiasından əl çəkib sülhlə bağlı qərar verməliydi. Ermənistanın düşdüyü vəziyyətdən çıxış yolu Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmasından asılıdır. Bu iki ölkə müharibə başa çatan kimi qonşu dövlətə sülh təklifi etdi. Dünya təcrübəsindən məlumdur ki, qalib ölkənin irəli sürdüyü hər hansı bir şərt məğlub ölkə üçün məcburidir. Azərbaycan isə bunun əksinə, beynəlxalq qanunları özündə ehtiva edən 5 maddəlik təkliflə çıxış etdi. Buna baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalama prosesini ləngidir. Məsələnin kökü qonşu ölkənin özündə baş verən daxili proseslərlə bağlıdır. Belə ki, orada mövcud olan revanşist qüvvələr barışıq istəmir. Əksinə, sərsəm ideologiyanı zaman-zaman səsləndirirlər. Digər tərəfən sovetlər birliyi dağılandan bu günədək bu ölkənin müstəqil olaraq formalaşa bilməməsidir”. O, qeyd edib ki, tarixi Azərbaycan torpağında süni şəkildə yaradılan, heç bir dövlətçilik ənənəsi olmayan Ermənistan istər regionda, istərsə də dünya siyasətində yerini müəyyənləşdirə bilmir. Dünyanı idarə edən ölkələr həmişə ermənilərdən öz məqsədləri üçün istifadə etmişlər və bu gün də həmin proses davam edir. Böyük dövlətlərin daim erməniləri himayə etməsi onlarda bir arxayınlıq yaradıb. Unutmaq olmaz ki, Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycandır və onunla münasibətləri korlamaq olmaz: “Bu gün sülh müqaviləsinin bağlanmamasının, regionumuzda gərginliyin artmasının səbəbi də müxtəlif Qərb ölkələrinin siyasətindən qaynaqlanır. Məsələn Fransa Ermənistanı revanşist müharibə aparmağa sövq etmək üçün silahlandırır. Bəs Ermənistan Konstitusiyası dəyişmədən sülh müqaviləsi imzalamaq mümükündürmü? Türkiyə və Ermənistan arasında 2009-cu ildə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarının ratifikasiya olunmamasının əsas səbəbi tərəflərin ilkin şərtlər irəli sürməsi və Qarabağ münaqişəsi ilə bağlı fikir ayrılıqları olmuşdur. Hər iki ölkənin parlamentində daxili və xarici siyasi təzyiqlər səbəbindən dondurulan bu sənədlərin iflasa uğramasının əsaslı səbəbləri var idi. Protokolların mətnində Ermənistan-Azərbaycan münaqişəsinə dair birbaşa bənd olmasa da, rəsmi Bakı bu sazişə kəskin etiraz etmişdir. Türkiyə tərəfi, xüsusilə o, zamankı Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmadan və Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə Böyük Millət Məclisi bu protokolları ratifikasiya etməyəcək. Lakin əsas səbəb bu da deyildi. Belə ki, 2010-cu ilin yanvarında Ermənistan Konstitusiya Məhkəməsi protokolların ölkə konstitusiyasına uyğunluğunu yoxlayarkən bəyanat yaydı. Qərarda qeyd olunurdu ki, bu protokollar Ermənistanın qondarma "erməni soyqırımı"nın dünyada tanınması siyasətinə və konstitusiyada əks olunan milli hədəflərə xələl gətirə bilməz. Türkiyə bu addımı protokolların mətninə və ruhuna zidd olan "əlavə şərt" kimi qiymətləndirdi və prosesi dayandırdı. Protokollarda tərəflərin ortaq tarix komissiyası yaradaraq 1915-ci il hadisələrini araşdırması nəzərdə tutulurdu. Ermənistandakı radikal millətçi qüvvələr və güclü erməni diasporu buna kəskin qarşı çıxaraq, Sərkisyan hakimiyyətini "soyqırımı faktını şübhə altına almaqda" ittiham etdi. Ermənistanda belə sərsəm iddialar hələ də təbliğat vasitəsidir. Proses illərlə dondurulmuş vəziyyətdə qaldıqdan sonra, 2015-ci ildə Ermənistan tərəfi protokolları parlamentdən geri çəkdi. Nəhayət, 1 mart 2018-ci ildə Ermənistan prezidenti Serj Sərkisyan Sürix protokollarını rəsmən ləğv etdiyini elan edən fərman imzaladı və sazişlər tamamilə hüquqi qüvvəsini itirdi. Ermənistan konstitusiyası dəyişmədən imzalnacaq sülh sazişini də eyni vəziyyət gözləyir”.

Cavid