Naxçıvanla bağlı təxribat kimə lazımdır? Siyasət

Naxçıvanla bağlı təxribat kimə lazımdır?

İlqar Altay: "Ermənilərin sahibi Rusiya Azərbaycanın müstəqil siyasətinə qarşı qəzəblidir"
Sərdar Cəlaloğlu: "Naxçıvana görə Türkiyə də məsuliyyət daşıyır"

Bir neçə gündük ki, Naxçıvanla bağlı həyacanlı xəbərlər yayılmaqda davam edir. İyunun 11-də cəbhədən həyəcanlı xəbərlər gəlib. Naxçıvanda əsgərlərin arxa cəbhədən yüksəklikdəki döyüş bölgələrinə qaldırılması barədə məlumatlar yayılıb. Məlumata görə, artıq bir həftədir bütün əsgərlər həmin yüksəkliklərdə möhkəmləndiriliblər. Buna səbəb ermənilərin intensiv olaraq mövqelərimizi atəşə tutmasıdır.
Hərbi mənbə ermənilərin Naxçıvana hücum etməsi faktını da təsdiqləyib. Ermənilərin niyə bu qədər fəallaşmasına da aydınlıq gətirilib. Əsas səbəb ötən həftə Azərbaycan tərəfinə keçmək istəyən diversiya qrupunun iki nəfərinin öldürülməsi olub. Məlumata görə, Sədərək, Culfa və Şahbuz rayonlarındakı mövqelərimizdə qızğın döyüşlər gedir. Ermənilər mövqelərimizi iri çaplı pulemyotlardan atəşə tutsa da, əsgərlərimiz onların cavablarını verirlər. Atışma zamanı yaralananların olması istisna edilmir.
Məlumatda bildirilib ki, xidmət müddəti başa çatmış əsgərlər buna görə evə gec buraxılacaq: "Hələ ki vəziyyət gərgindir, bu vəziyyətdə təcrübəli əsgərləri evə buraxmaq olmaz".
Hərbi ekspert Üzeyir Cəfərov erməni mətbuatının Naxçıvan hücumu ilə bağlı yaydığı yeni informasiyaları şərh edərkən deyib ki, Naxçıvan hücumu zamanı ermənilərin iki nəfər itkisi onlara hələ də yer edib və bununla barışa bilmirlər.
O, hazırda əsgər ölümlərinə görə Ermənistan rəhbərliyinin dalana dirəndiyini bildirib: "Ermənilərin təbliğat maşını var gücüylə işləyir. Ermənistan mətbuatı deyir ki, PK-dan 400 güllə atıblar. Bununla onlar gücsüzlüklərini bir daha sübut edirlər. Beş nəfər əsgəri vurmaq üçün 400 güllə atmaq lazımdırmı? O ki qaldı Naxçıvan ərazisindəki gərginliyə, onu deyə bilərəm ki, hazırda Naxçıvanda yox, Ermənistan ərazisində vəziyyət gərgindir. Ermənilərin itirdiyi iki muzdlu əsgərin dəfnində müdafiə naziri iştirak edir. İndi təsəvvür edin ki, vəziyyət nə dərəcədə gərgindir? O bilir ki, Ermənistanda hər gün ölən əsgərlərə görə əsgər anaları onu divara dirəyirlər. Ona görə də qarşı tərəf hər dəfə bir yalan uydurur".
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı deyib qeyd edib ki, Ohanyan Ermənistanda baş verən və hökm sürən bütün problemlərdə Azərbaycanı günahlandırır, Ermənistan Silahlı Qüvvələrini bütün qabaqlayıcı hərbi tədbirləri həyata keçirməyə qadir bir qurum kimi təqdim edir, qoşunların təmas xəttindən snayperləri çıxarmağı, tərəflər arasında qarşılıqlı etimadı yaratmağı, Azərbaycan Silahlı Qüvvələrinə qarşı müdafiə, zərurət olduğu halda əks-hücum tədbirləri görməyi təklif edir: "Ermənistan tərəfi həmişə olduğu kimi, müxtəlif provokasiyalar törədərək Azərbaycan tərəfini günahkar çıxarmağa çalışır, öz bəd əməllərini gizlətmək məqsədilə yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş qismində müraciət edir. Məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, daim atəşkəs rejimini pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd-təsərrüfatı sahələrinə zərər yetirir. Düşmən təxribatının əsas hədəflərindən biri də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasıdır. Ancaq onlar bilməlidir ki, Naxçıvanın təhlükəsizliyi dövlət rəhbərliyinin diqqət mərkəzindədir".
Nazirlik rəsmisi xatırladıb ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, silah-sursat, ən müasir döyüş texnikası, aviasiya və artilleriya qurğuları ilə komplektləşdirilməsi Azərbaycanın bu bölgəyə strateji baxımdan nə qədər önəm verdiyinin əyani sübutudur: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları və artilleriya qurğuları vardır. Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş "Smerç" raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir".
Eskpert İlqar Altay isə dedi ki, məntiqli analiz onu göstərir ki, Ermənistanın qonşu Azərbaycanla münaqişəsi, ölkəmizə təcavüzü heç də lokal və ya milli deyil, ümumi regional səbəb və proseslərlə harmoniya təşkil edib: "Müşahidələr göstərir ki, Azərbaycana qarşı erməni basqıları həmişə fövqəlgüclərin ölkəmizə təhdid və təzyiq siyasətinin icraçı tərkib hissəsi olub. Uzun müddət Naxçıvan bölgəsində sakitlikdən sonra ermənilərin yenidən sükutu pozması təbii ki, bu gün Rusiyanın regionda yaratdığı, Ukraynanı işğalı və Avroasiya ittifaqı məsələsi kimi hərbi-siyasi təlatümlərn təzahürüdür. Bir tərəfdən Azərbaycanın haqlı olaraq BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, digər tərəfdən Putinin ideyası olan Avrasiya İttifaqına qoşulmamsı və bu ittifaqa alternativ GUAM kimi qurumlarda həlledici iştirakçıya çevrilməsi Moskvanı narahat etməyə bilməzdi. Bu halda, şimal qonşumuz 20 ildən çox Azərbaycana qarşı təhdid və təzyiq vasitəsi kimi əlində hazır saxladığı erməni kartından istifadə edir. Ermənilər az əvvəl Qarabağ təmas xəttində aktivləşdilər, indi isə gözlənilmədən Naxçıvan bölgəsində bunu edirlər. Bu da onu göstərir ki, ermənilərin sahibi Rusiya hakimiyyət dairələri Azərbaycanın müstəqil, neytral, ehtiyatlı siyasətinə qarşı son illərdə olmayan qədər qəzəblidirlər. Hələ müttəfiqləri İrandan da müxtəlif cür təxribat və sabitlik pozuculugu üçün istifadə edilməsi gözləniləndir. Heç şübhə yoxdur ki, Azərbaycan dövləti və cəmiyyəti bu təxribatlara hazırdır. Belə ki, bunları öz üzərində illərin acı təcrübəsindən çıxarıb. İstər dövlət hakimiyyəti istərsə də vətəndaş cəmiyyəti səviyyəsində layiqli cavab vermək iqtidarındadır. Necə ki, Naxçıvanda buna cavab verilib".
ADP sədri Sərdar Cəlaloğlu diqqətə çatdırıb ki, Naxçıvanda yerləşən hərbi hissələrin şəraiti, digər bölgələrimizdə olan hərbi hissələrlə müqayisədə daha müasir və rahatdır: "Həmçinin, bu bölgədə xidmət edən əsgərlərimizdə ruh yüksəkliyi, psixoloji-mənəvi durum da yüksək həddədir. Müdafiə Nazirliyi tərəfindən Naxçıvana ciddi nəzarət var. Qardaş Türkiyə də blokada şəraitində olan Naxçıvanın qorunmasında məsuliyyət daşıyır. Azərbaycanın bu bölgədə çox güclü və iri texnikaları yerləşir. Mən düşünmürəm ki, ermənilər ağılsızlıq edib Naxçıvan istiqamətində aktivləşsinlər".
Politoloq Sülhəddin Əkbər Naxçıvanda atəşkəsin pozulmasının regionda baş verən hadisələrlə əlaqəsi var: "Mətbuatda yayılan informasiyalarla Müdafiə Nazirliyinin verdiyi xəbər arasında kəskin fərqlər var. Belə məqamda isə ictimaiyyətdə əsaslı şəkildə narahatlıq yaranır. Ermənistanla Azərbaycan arasında sülhməramlı qüvvələr olmadığı üçün atəşkəs demək olar ki, hər gün pozulur. Naxçıvan istiqamətində uzun illər idi bu cür hadisələr baş vermirdi. Dünən isə atəşkəsin intensiv olaraq pozulması cəmiyyətdə narahatlıqla qarşılanıb. Eyni zamanda, ermənilərin atəşkəsi pozmasının da bir sıra səbəbləri var. Naxçıvanda ordumuzun gücləndirilməsi, təlimlərin keçirilməsi, Azərbaycanla Türkiyənin danışıqları da erməniləri narahat edir. Ona görə regionda baş verən hadisələrdən narahat olan ermənilər atəşkəsi pozurlar".

Əli