“Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olacaq“ Siyasət

“Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olacaq“

"Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olacaq".
Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanla geniş müzakirələr aparıblar: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Özbəkistanın bayrağı çatışmır. Özbəkistan bayrağı da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı bayraqlar arasında yer alacaq. Şuranın Qırğızıstan paytaxtı Bişkekdə keçiriləcək sammitinə Özbəkistan da qatılacaq. Bu çox böyük və önəmli qərardır".
Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli dövlətlərin sammiti keçirilib. Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb. Sənədi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan imzalayıb. Özbəkistanın üzv olması ilə Şura üzvlərinin sayı 5-ə çatacaq.
Rəcəb Tayyib Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradıldığını bildirib: "Şuranın ilk iclası Türkiyədə keçiriləcək. Türkiyə-Özbəkistan əlaqələrini strateji əməkdaşlıq səviyyəsinə gətirmişik. İki dövlət arasında 25 müqavilə imzalandı. Özbəkistan prezidentinin də dediyi kimi, indiyədək bu səviyyədə müqavilələr imzalanmayıb".
Türkiyə prezidenti iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığını 5 milyard dollara yüksəltmək niyyətində olduqlarını söyləyib: "Bu rəqəmi daha yuxarı da qaldırmaq olar. Çünki 2017-ci ildə 1,23 milyard dollar olub, hazırda isə 1,5 milyard dollar səviyyəsindədir. Bu, mənə atalar sözünü xatırladır: "Bir kişi arx qazar, min kişi su içər". Özbəkistan prezidenti atdığı bu addımla bölgə üçün yeni bir su arxı tikir. Özbəkistanın Tacikistan və Qırğız Respublikası ilə əlaqələri bizi də məmnun edir".